• Baş səhifə
  • Tərcümeyi-hal
  • Həyat və fəaliyyəti
  • Qəzənfər Kazımov - 75
  • Kitablar
  • Haqqında yazılanlar
  • Foto yaddaş
 

Qəzənfər Kazımov - 75

Hörmətli Qəzənfər müəllim!
Sizi – tanınmış dilçi və ədəbiyyatşünas alimi 75 yaşınızın tamam olması münasibətilə təbrik edirik.
Siz 1960-cı ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmisiniz.
1962-65-ci illərdə həmin Universitetin Azərbaycan dilçiliyi kafedrasının əyani aspirantı olmuş, 1967-ci ildə “Ə.Haqverdiyevin dramaturgiya dili (“Dağılan tifaq” pyesi əsasında)” möv­zu­sunda namizədlik, 1988-ci ildə “Azərbaycan sovet satirik nəsrinin dili, 1920-1940-cı illər  (ko­mizmin dil vasitə və üsulları problemi)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmisiniz. 1963-cü ildən mərkəzi mətbuatda çap olunursunuz. Yaradıcılığınız çoxşaxəlidir. Üslubiyyat, bə­dii əsərlərin dili, ədəbi tənqid, satira dili məsələləri ilə məşğul olmuş və bu sahədə  “Yazıçı və dil” (1975), “Komik-bədii vasitələr” (1983), “Bədii ədəbiyyatda komizm üsulları” (1987), “Sənət dü­­şüncələri” (1997), “Komizm nəzəriyyəsi” (rus dilində, 2004), “Dil, tarix, poeziya” (2005), “Azər­baycan dilində tabeli mürəkkəb cümlənin inkişaf tarixi” kitablarını və yüzlərlə məqalə nəşr etdirmisiniz. Nizamidən başlayaraq bu günə qədərki ədəbiyyatımızın əksər görkəmli nüma­yən­dələri (Nəsimi, Qazi Bürhanəddin, Füzuli, M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, T.Şahbazi, Qantəmir, Mir Cəlal, S.Rəhman, S.Rəhimov, M.İbrahimov, R.Rza, İ.Əfən­diyev, İ.Şıxlı, İ.Hüseynov, Anar, Elçin, F.Kərimzadə, Y.Səmədoğlu, S.Azəri, S.Əhmədov, V.Babanlı, İ.Məlikzadə və b.) haqqında qiymətli yazılarınız vardır.
Folklorşünaslıqla məşğul olmuş, ilk dəfə olaraq XVI əsrin görkəmli el şairi Qurbaninin şeir­lərini geniş şəkildə toplayaraq çap etdirmiş, şairin dövrü, həyatı, bədii yaradıcılığı barədə mo­noqrafiya yazmısınız (“Qurbani”, “Qurbani və poetikası”). Bu əsərlərdə şairin həyatı ilə bağlı qa­ranlıq səhifələr aydınlaşdırılmış, təvəllüdü, doğum yeri, Şah İsmayıl ilə əlaqə və münasibətləri ətraflı izah edilmişdir. Təsadüfi deyil ki, son vaxtlar çap olunmağa başlamış çoxcildli “Azər­bay­can ədəbiyyatı tarixi” əsərində də Qurbani mövzusunun müəllifisiniz. Yunis İmrə, Molla Qasım, Aşıq Ələsgər haqqında maraqlı məqalələriniz vardır.
Yaradıcılığınızın mühüm bir qolunu müasir Azərbaycan dili problemləri təşkil edir. Hələ ötən əsrin 80-ci illərində Azərbaycan dilində söz birləşmələrinin yeni, daha elmi və orijinal təs­nifini vermisiniz. Siz ali məktəblər üçün “Müasir Azərbaycan dili. Sintaksis”, “Müasir Azərbay­can dili. Morfologiya” dərsliklərinin müəllifisiniz. Dərslikləriniz yaxşı qarşılanmış, az vaxtda bir neçə dəfə nəşr olunmuşdur.
Siz dilimizin tarixinin tədqiqi ilə ardıcıl məşğul  olan alimsiniz. “Azərbaycan dilinin ta­rixi (ən qədim dövrlərdən XIII əsrə qədər)” (2003) adlı böyük monoqrafiya yer üzərində vahid dilin yaranması və dialekt parçalanması, şümer-türk əlaqələri, e.ə.  III-I minilliklərdə Azərbaycan tayfaları və onların dili, Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin təşəkkülü, şifahi və yazılı ədəbi dilin təşəkkülü kimi çox mühüm problemləri əhatə edir.
Siz dilimizin tədqiqi ilə yanaşı, tədrisi məsələləri ilə də məşğul olmusunuz. Bu sahədə 10-dan artıq proqramın, dilin tədrisi, dil dərslikləri və onların təkmilləşdirilməsi yolları barədə çox­say­lı məqalələrin, dərsliklərin müəllifisiniz.
Hekayələriniz, oçerkləriniz, tərcümələriniz vardır. Əsərləriniz rus, türk, ingilis dillərində çap olunmuşdur. 10 nəfər fəlsəfə doktorunun elmi rəhbəri olmusunuz.
53 illik ümumi padaqoji fəaliyyətinizin 50 ili ali məktəblərdə bağlıdır. Uzun illər ADRU-da müəllim, baş müəllim, dosent, professor və filologiya fakültəsinin dekanı vəzifələrində çalış­mı­sınız. 2001-ci ildən Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdirisiniz.
Azərbaycan SSR \
Maarif Nazirliyinin təşkil etdiyi müsabiqə komissiyasının qərarı ilə VII-VIII siniflər üçün (indi VIII-IX) “Azərbaycan dili” dərsliyinə görə mükafata (1988) layiq görül­müsünüz, IV Bakı Kitab bayramında keçirilmiş respublika müsabiqəsində 8-9-cu siniflər üçün “Azərbaycan dili” dərsliyinə görə “İlin ən uğurlu dərsliyi” diplomunu almısınız (2004).
1998-ci ildə Böyük Britaniya və Şimali İrlandiya Asiya Kral Cəmiyyətinin üzvü seçil­mi­siniz. Kembric Bioqrafiya İnstitutu tərəfindən 2000-2001-ci ilin Beynəlmiləl adamı elan olunmuş və gümüş “Şərəf” medalına layid görülmüşsünüz.
Hörmətli qələm dostumuz, sizi bir daha yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİ

 

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.