• Baş səhifə
  • Tərcümeyi-hal
  • Həyat və fəaliyyəti
  • Qəzənfər Kazımov - 75
  • Kitablar
  • Haqqında yazılanlar
  • Foto yaddaş
 

Prof. Dr. Əhməd bəy ƏRCİLASUNA açıq məktub

Hörmətli ƏHMƏD BƏY!

Prof. Dr. Ahmet B. ERCİLASUN
Professor Qəzənfər KAZIMOV

Dostumuz görkəmli türkoloq Ramiz Əsgərin doktorluq müdafiəsində görüşdük, evə gəlib, kitablarım arasında Sizin «Türk dili tarihi» kitabınızı tapdım. Bu kitabı mən Türk Dil Qurumunun V qurultayında olarkən (Ankara) 20 milyon manata almışdım. Vərəqləsəm, tanış olsam da, etiraf edirəm ki,  tam diqqəitldə oxuya bilməmişdim. Sizinlə görüşdən sonra söhbətlərinizdən aldığım yaxşı təəssürat əsa­sında  bu günlərdə onu diqqətlə oxumalı oldum.

Bu başdan deyim ki, çox böyük zəhmət çəkmisiniz. Özünüzün dediyiniz kimi, bu əsər Türkiyə türkcəsinin dil tarixi deyildir. Türkistan, Anadolu, Azərbaycan və bütün Avroasiya ölkələrində yaşayan türk xalqlarının işlətdikləri dillərin tarixindən ibarətdir.  Əsər bütün türklərin dillərinin tarixini əhatə etdiyindən  Siz Avropada, Rusiyada və bütün türkologiya aləmində mövcud olan araşdırmaları nəzərdən keçirməli, saysız türk mətnlərini incələməli olmusunuz. İngiliscədən rus dilinə, çin dilinə, Yapon dilinə qədər çox müxtəlif dillərdə olan əsərlərə baxmalı olmusunuz. Və ümumiləşmiş şəkmildə demək olar ki, vaxtilə Əhməd Cəfəroğlunun ilk addım atdığı böyük bir sahəyə cəsarətlə qoşula bilmisiniz. Bir sıra tədqiqatçılardan fərqli olaraq, çox doğru deyirsiniz ki, «Tarihsiz, Türk dili tarihi dü­şünülemez». Bu, həqiqətən də belədir. Tarixi öyrənmədən heç bir xalqın dil tarixi haqqında dürüst mühakimə yürütmək olmaz. Bu prinsiplə yanaşdıqda oxucu görməlidir ki, tarixi öyrənmək üçün nə qədər zəh­mət çəkməli və araşdırma obyekti olan bütün türk xalqlarının (böyüklü-kiçikli) tarixini nəzərdən ke­çirməli olmusunuz. Özü də hələ hər cür tarixi yox, «daha çok karanlık dönemleri ve köken­leri ­aydın­laş­tırmak». O da məlumdur ki, bütün türk xalqlarının da tarixi aydın deyildir və hələ də keçmiş Sovet İt­tifaqındakı türk xalqlarının tarixi olduğu kimi deyil, təhrif edilmiş şəkildə  qalmaqdadır.  Bu sahədə hər bir türk xalqının daxilindəki bir sıra «öz» tədqiqatçılarının da mənfi rolu az deyil.  Həm də yaxşı eləmisiniz ki, türk xalqları dillərinin uyğun və ortaqlı cəhətlərinə deyil, fərqli cəhətlərinə daha çox fikir vermisiniz. Çünki türk xalqlarının tarixini inkar edənlər, onların çox yaxın zamanlarda yarandığını, yalnız ləhcələrdən ibarət olduğunu iddia edənlər də vardır.

Onu çox doğru qeyd edirsiniz ki, XIII yüzillikdən əvvəlki dövrlərin dil mənzərəsinin tədqiqi ilə çox az məşğul olmuşlar.  Elə buna görə də bir çoxları elə bilir ki, əksər türk xalqlarının  dilləri birdən-birə bu yüzillikdən sonra yaranmışdır. Odur ki Sizin bu əsrdən əvvəlki dövrlərə diqqət yetirməyiniz tam təçqdirə layiqdir. Sizdə bu sahədə Köprülü iş görmüşsə, bizdə prof. Y.Yusifov, doktor Q.Qeybullayev daha dərinlərə gedərək çox zəngin faktlar ortaya çıxarmış və tarixi (həm xalqın, həm də dilin tarixi ilə bağlı) təsəvvürləri xeyli dərinləşdirmişlər.

Bu kitab elmi əsaslr üzərində qurulmuş çox zəngin bir kitabdır. Heç bir mübaliğəyə yol vermədən deyə bilərəm ki, yalnız Türkiyə türkləri deyil, bütün türk xalqları bu kitabdan dərs kitabı kimi istifadə edə və faydalana bilərlər.

Əhməd bəy! Təvazökarlıqla qeyd edirsiniz ki, «Bu kiabı esas itibariyle bir müracaat eseri olarak hazırlamakla beraber bazı sorunları  tartışmayı ve kendi görüşlermi ortaya koymayı  da gerekli bildim… Eger bazı görüş ve yaklaşımlarım  tartışmalara yol açabilirse  bunun, bilim  dalımıza bir kazanç getirece­gini düşünüyorum».

Xalqın və dilin tarixini yazan insanda vətənpərvərlik, öz xalqının tarixinə məhəbbət duy­ğuları olmalıdır. Çox yaxşı deyirsiniz: «En fazla  objektif olunması gereken alanda da  duyğular daima işe karışabilir». Qarışmalıdır da. Öz xalqının tarixinə düşmən münasibətlə baxmaqdansa, o tarixi, bəzən təhrifə yol versən də, məhəbbətlə araşdırmaq daha gözəldir və mən Sizdə ümumtürk tarixinə belə bir məhəbbəti görürəm.  

Yuxarıdakı sözlərinizi də nəzərə alaraq, Sizinlə «tartışmaq» yox (tartışmaq – bizim dildə bir qədər kobud mənaya malikdir), fikir mübadiləsi etmək istəyirəm.

Amma hələ əvvəlcə istəyirəm ki, Sizin əsərinizin məzmunu barədə Azərbaycan oxucularına məlumat verəm, bilsinlər ki, Siz nə qədər geniş, ağır və əhatəli bir əsər yazmısınqız.

Böyük formatda 488 səhifəlik bu kitab on beş bölümdən (fəsildən ) ibarət olub, «Bilgeye… Gün işığı niyetine…» gözəl epiqrafı ilə açılır. Kitaba səmimi bir «Söz başı» yazmısınız.  32 səhifəlik «Giriş» «Türk dilinin dünya dilləri arasındakı yeri» məsələsinə həsr olunmuşdur. Burada Altay dilləri nəzə­riyyəsi, nostratik nəzəriyyə, Avroasiya nəzəriyyəsi, türk dillərinin təsnifi məsələləri əhatə olunmuşdur. Dırnaq arasında verdiyimiz başlıqda «türk dili» ifadəsi  həm mübahisə doğura bilər, həm də doğurmaya bilər. Yəqin, oxucu başa düşər ki, bu məqamda «türk dili» dedikdə türk dillərinin hamısını bir dil hesab etməkdən yox, türk dilləri ailəsindən söhbət gedir, yəni «türk dili» adı altında «türk dilləri ailəsi» nəzərdə tutulur.  Burada Siz Altay nəzəriyyəsinin – türk, monqol, tunqus, Koreya və Yapon dillərinin bir kökdən olduğu, qohumluğu barədə, sonralar bu nəzəriyyənin Ural – Altay nəzəriyyəsi şəklində genişləndirilməsi, meydana çıxma tarixi və bu sahədə İohan Tabbert Stralenberqin,  Rasmusk Raskıe, A. Müllerin,  V.Şottun, Con Ramstedtin, A.Kastrenin, Nikolas Poppenin, Vladimirtsovun və başqalarının fikirlərini xülasə etmisiniz. Türkiyədə altayşünaslıqla məşğul olan  Əhməd Temir, Tələt Təkin, Osman Nədim Tuna, Tuncər Gülənsoy kimi alimlərin  xeyli iş gördüklərini söyləyirsiniz. Fikrinizcə, bu sahədə son araş­dır­ma­lar Sergey Starostin, Anna Dıbo və Oleq Mudrak kimi alimlərə məxsusdur.  Bu hissədə Stralenberqin, Vladimirtsovun, Poppenin, Millerin «Ana altayca»   nəzəriyyəsini sxemləşdirmişsiniz. Bu sxemlər içərisində yalnız Striitin sxemi «Ana quzey Asya dili» adlanmaqla fərqlənir.

Stralenberq  ana altaycanı  «moğol – türk» şəklində iki qrupa ayırmışdır.  Hətta «türk – moğol» da deməmiş, Balkandan Mancuriyaya qədər ekvator boyu yayılmış türkləri ikinci, monqolları ön planda vermişdir.  Vladimirtsovun bölgüsü bununla eynidir.  Pope ana altaycanı  iki qrupa ayırmışdır: Çuvaş – türk – moğol – mançur – tunqus bitrliyi; Ana Koreya.

Poppenin fikprincə, birinci qrupdan çuvaş – türk qrupu yaranmış, bundan ana türk, ana türkdən isə türk ləhcələri. Belə çıxır ki, cənub-qərb qrupu türk dilləri çuvaş-türk birliyindən yaranmışdır, yəni türklər Anadoluya və Qafqaza şimaldan gəlmişlər.

Miller ana altaycanı   ana batı altayca və ana doğu altayca kimi iki qrupa ayrılmış və ana batı altaycadan əski türkcə və əski bulqarca yarandığını söyləmişdir.

Striit «Ana Kuzey Asya dili» adlandırdığı ailəni  iki qrupa ayırıb. Birinci qrup «ana altayca» adlanır.  Koreya, yapon və aynu dillərini əhatə edən ikinci qrupun adı yoxdur.  Ana altaycanı – ana batı altayca, ana doğu altayca kimi qruplaşdırmış, ana batı  altaycadan ana türkcənin, ondan da türk ləhcə­lə­rinin yarandığını qeyd etmişdir.

Beləliklə, bu məntiqsiz bölgülərin hamısında Altay nəzəriyyəsi əsasdır. Bu isə o deməkdir ki, türklərin beşiyi Altaydır, türklər orada doğulub, artıb, çoxalıb və bütün dünyaya oradan yayılıb.

Quyuya bu daşı ilk dəfə Stralenberq salıb. Ona görə ki o ərazilərdəki yazılı balballara ilk dəfə həmin bu əsir İsveç zabiti  rast gəlib, onların üzünü o köçürüb, elm aləminə o yayıb. Və bu da məlumdur ki, 19-cu yüzilliyin sonlarında Vilhelm Tomsen tərəfindən bu yazıların oxunması, az sonra V.V.Radlov tərəfindən mətnlərin açılışı türk xalqları və türk dilləri tarixi üçün çox böyük kəşf idi və türk mədəniyyətini  ən azı 5-6 yüz ilə qədimə aparılırdı. Orxon – Yenisey abidələri adı ilə məşhur olan bu yazılar tarixçiləri və dilçiləri, etnoqrafları, arxeoloqları bu qənaətə gətirdi ki, bu yerlər  - Orxon Yenisey çayları vadilərindəki abidələr yerəşən ərazilər və ümumən Altay türkün beşiyi olmuşdur, türklər bir möcüzə kimi burada yaranmış və buradan Yer üzünə yayılmışlar. Daha düşünməmişlər ki, bəşəriyyətin tarixi çox qədimdir və bəşər dillərinin yaranma tarixini nəzərə aldıqda 1500 illik yol bir ildırım çaxması kimi bir şeydir və bu qədər böyük bir ərazidə yerləşən xalqlar birdən-birə yarana bilməzdilər.

Girişdə nostratik nəzəriyyə və onun yaranmasında Pedersen və İlliç-Svitıçın rolu, dünya dillərinin təsnifi və xüsusən Merritt Ruhlenin bölgüsü barədə yığcam məlumat vermisiniz. Bunlar əsasən ilk mənbələr əsasındadır.

Kitabınızın «Türklerin ana yurdu ve en eski komşuları» adlanan birinci bölümü bir səhifədən də az bir yer tutur. Lakin bizim üçün ən çox mübahisə doğuran məsələ də buradadır. Yazırsınız: «Türklerin ataları, M.Ö.2000-1000 yılları arasında  Ural dağları ile  Sayan, Altay ve Tanrı dağları arasında yaşıyorlardı. Hazar denizinin  Kuzey doğusundan  başlayıp Aral ve Balkaş  göllerini de içine alarak Tanrı, Altay ve Sayan dağlarına dek  uzanan bu coğrafya  Avrasyanın  orta bölgesi idi. Doğuda Moğol, Tunquz ve Korelilerin  ataları bulunuyordu. Batıda ise, Kuzey bölgelerinde Fin ve Macarların  ataları; güney bölgelerinde Ari kavimler  vardı. Avrasyanın güneyinde, doğudan batıya doğru Çinliler  ile Hint-İran  kavimlerinin ataları yaşıyordu. Moğol, Fin-Uqor, Hint-Avrupa ve Çin dilleriyle  Türkcede görülen  bazı ortaklıklar, alış verişler işte bu uzak keçmişteki komşuluğun izleridir».(S.33)

Əhməd bəy! Adam gənclik illərində, orta yaşlarında və qocalanda şəkil çəkdirə bilər. Məsələn, orta yaş dövrünün şəklini götürüb demək olarmı ki, bu Adam elə gənclikdə də belə olub, qocalanda da? Bu xalqlar da belədir. Bilirsiniz ən böyük səhv nədədir? İstər tarixçi olsun, istər dilçi, bütün səhvlər oradan doğur ki, xalqların tarixi tarixin bizə məlum olan dövrləri ərzində bütöv şəkildə deyil, o tarixin bir kəsiyində götürülür – lap 1000, 2000 illik dövrü nəzərə alsa da. Türklər Sayan – Altaya hardan gedib çıxıblar, ora hardan tökülüblər? Niyə bizim Azərbaycan dilində də Çin sözü yoxdur?

Bu suallara bəşər tarixini bütövlükdə izləməklə cavab vermək olar.  Siz girişdə monogenez nəzəriyyəsindən danışmısınız. Amma təəssüf ki, öz münasibətiniz o qədər də açıq bilinmir. Mən bu nəzəriyyənin tam tərəfdarıyam və Sizə verdiyim «Azərbaycan dilinin tarixi» («Seçilmiş əsərlər», 6-cı cild) kitabında bu məsələyə bir fəsil ayırmışam. Siz oradan vaxt olsa ətraflı məlumat ala bilərsiniz. Mən bizim mətbuatda bunu çox dediyim üçün uzun danışmaq istəmirəm. Əsas fikir bundan ibarətdir ki, Yer üzərində yaranmış vahid ulu dil  m.ö. 12-ci minillikdə protodillərə parçalanmış, həmin protodillərdən 12 – 6-cı minilliklər arasında dil ailələri (Hind-Avropa, Hami-Sami, Türk dilləri və s.) yaranmışdır. Və artıq m.ö. 6-cı minillikdə qərbi və şərqi türk dilləri fərqlənməkdə idi. Bunlar bu qədər.

Burada 2-ci bir mühüm məsələ də vardır: Ulu dil harada yaranmış və harada parçalanmışdır?

Dünya elminin gəldiyi qənaət bundan ibarətdir ki, Yer üzündə ələlə gələn həmin Ulu dil Afrikanın şimalında, Asiyanın qərbində, Avropanın cənub-şərqində yarandığı kimi, elə parçalanma da bu ərazilərdə, yəni Ön Asiya və Aralıq dənizi  hüdudlarında baş vermişdir. Mezolit dövründə şərqə, qərbə, şimala və cənuba ilkin mitqrasiyalar  bu ərazilərdən başlamışdır. Mən Sizə imkan olsa xəritə də göndərəcəyəm, ruslar onu məktəb dərsliyi kimi öyrənirlər. O xəritədən aydın olur ki, 8 min il əvvəl (yəni m.ö.6-cı minillikdə) heç Altay ərazilərində insan yaşamır. Bu dövrdə insan Anadolunun cənubunda, İkiçayarası ərazilərdə,  İran yaylası adlandırdığımız ərazilərdə və Türkmənistan çöllərində məskunlaşmışdır. O yerlər ki indi türk yurdu kimi qələmə verilir, oralarda məskunlaşma çox sonralar – 5000 il əvvəl başlamışdır. Avropa alimlərinin qeyd etdiyiniz o nəzəriyyəsinin əsas məqsədi ondan ibarətdir ki, onlar türkləri Sayan – Altayda yerləşdirməklə qədim Azərbaycan və Anadolu əorazilərinə türklərin gəlmə olduğunu əsaslandırsınlar. Bu, tarixi bilməməkdən də irəli gələ bilər. Altay türkün beşiyi deyil. Türküen beşiyi Anadolunun cənub hissəsi, Azərbaycan və ilk növbədə İkiçayarası ərazilərdir. Bizdə artıqq sübut olunmuşdur ki, Altayın Altay adının özünü də türklər Azərbaycandan aparmışlar – m.ö. Azərbaycan Aratta dövlətinin adından (bu ad m.ö. 1-ci minillikldə Azərbaycan ərazisində  artıq Alatey kimi işlənməkdə idi).

Elə buna görə də Sizin göstərdiyiniz bölgüyə əsasən m.ö. 2000 il əvvəl nə Anadoluda, nə də Azərbaycan ərazisində türk var. Bəs m.ö. 6-cı minilliyin ortalarında Azərbaycan ərazilərindən İkiçayarasına enən  şumerlər kimdir? Elamların, hurrilərin iltisaqi dilli olduğunu qeyd edirsiniz. Bəs onlar kimdir? Keçmiş SSRİ-də qədim Şərqi gözəl bilən üç alimdən (İ.M.Dyakonov, V.A.Belyavski, Y.B.Yusifov) biri sayılan Yusif Yusifov m.ö.28-ci yüzillikdə Aratta dövlətini yaradanların  türklərdən ibarət olduğunu sübut etmişdir. Qədim Azərbaycan tayfaları kutilər, lullular, turukilər, sular, kassitlər türk tayfaları idilər. Troya müharibəsinin (m.ö. 1250-ci illər) qəhrəmanları – Priamın nəsli, Hektor, Eney kim idi? O müharibə ellin – türk müharibəsi idi. «Kitabi-Dədə Qorqud»un Homerin poemaları ildə müqayisəsi göstərir ki, bu əsər (Dədə Qorqud) yunanların qonşuluğundakı türklər tərəfindən yaradılıb.  Əks təqdirdə Sayan-Altay ərazisindəki türklərin dastanını  Homerin poemaları ilə necə müqayisə etmək olar? (bax: «Seçilmiş əsərləri», 1-ci cild, s.321-362)  Həmin o Priamın qardaşı oğlu Eney və onu dəstəsi Troyanın süqutundan sonra dəniz yolu ilə İtaliya ərazisinə keçərək Latın dövlətinin, sonralar Romanın əsasını qoymuşlar. O ərazilərdəki etruskların – tursakaların türk olduğunu sizin Adile xanım Ayda uzunmüddətli tədqiqat əsasında çox gözəl əsaslandırıb. Hind-Avropalıların «İrana ulaşması» 1500 yox, m.ö. uzağı 800 il qəbul olunur – m.ö.8-ci əsrə aid edilir. E.A.Qrantovski onu nə qədər cəhd etsə də, hətta 9-cu əsrə də çəkə bilmədi.

Bunlar göstərir ki, türk tarixinə yenidən baxmaq lazımdır. Orxon-Yenisey əraziləri bir qəbiristanlıqdır. Bu yerlərdə türklər yaşayıb, artıb, çoxalıblar. Amma orada doğulmayıblar. Ora qərbdən gəliblər. Bu cəhətdən Azərbaycanla Anadolunun taleyində çox ciddi fərqlər var. Cavad Heyət kimi tarixə bələd olmayanları demirəm, hələ bizim özümüzün də bir çox dilçi və tarixçilərimiz bu fikirdədir ki, 11-ci yüzillikdə Səlcuqlar gəlib Azərbaycan və Anadolu ərazilərini türkləşdiriblər. Bu cür fikir savadsızlıq əlamətidir. Urmiya gölü ətrafı ərazilər, şimallı-cənublu Azərbaycan (İraqda Kərkük-Ərbil əraziləri də) qədim türk yurdudur və heç vaxt, heç bir tarixi hadisə bu yerlərdən türkləri aralaya bilməmişlər.  Bu gün necədirsə, beş min il əvvəl də o cür olub (kiçik dəyişikliklər, köçürmələrlə). Lakin Anadolu ərazilərində vəziyyət, tarixi tale başqa cürdür. Anadolu da qədim türk yurdudur. Lakin zaman-zaman bizanslar orada üstünlük təşkil etmişlər. Anadolu həqiqətdə Səlcuqlar dövründə, xüsusən Ərtural oğlu Osmanın dövründə türk yurduna yenidən çevrilib. Sizin «Quruluş» filminiz var – 18 seriyalı. Ona mən 1991-ci ildə sanatoriyada baxmışam. Osman padşah ölüm ayağında olarkən oğlu yanına gəlir və onun arzusunu dinləmək istəyir. Osman padşah deyir ki, məni Bursada dəfn etməyinizi istəyirəm. Döyüş başlayır və az sonra oğlu gəlib bildirir ki, Bursanı aldıq, səni orada dəfn edəcəyik. Bax, Anadlolu bu şəkildə addım-addım alınmış və tarixi türk yurdu bərpa olunmuşdur. Azərbaycan isə ən qədimdən türk yurdu olaraq qalmışdır. Odur ki bizim ustad Ə.Dəmirçizadə dəfələrlə yazmışdır ki, Azərböaycan oğuzları Səlcuq oğuzları deyil və dəfələrlə yazmışdır ki, «Kitabi-Dədə Qorqud» Səlcuq oğuzlarının dastanı deyil, yerli qədim Azərbaycan oğuzlarının əsəridir. Onu da əlavə etmişdir ki, Azərbaycan dili hələ Səlcuqların dili normalaşmadığı 14-cü yüzilliyə qədər onlara da xidmət etmişdir. Bizim bir sıra alimlər isə çalışır sübut eləsin ki, heç 18-ci əsrə qədər Azərbaycan və türk dilləri olmayıb və fərqlən­məyib.

Əhməd bəy, görürsən nə qədər işlər var?

Kitabınızın ikinci bölümü «Şumerce-türkce ilişgisi» adlanır. Osman Nedim Tunaya əsaslanaraq xeyli miqdarda şumer və türk dillərinə məxsus ortaq söz-nümunə vermişsiniz. Tuna, dediyiniz kimi, türk dillərinə məxsus 168 söz müəyyən etmişdir. O məlum fikirdir ki, bu cür ortaqlı sözlərin olması ya kök birliyindən irəli gəlir, yaxud da kontakt əsasında – bir dildən o birinə alınmaqla. Tunanın fikrinə görə, şumer dilində olan bu cür sözlər alınmadır.  Oljas Süleymenov da  bu sahənin ilk tədqiqatçısı kimi, bu cür fikir söyləmişdir, bizim dilçilər də. Burada müvəffəqiyyət ondan ibarətdir ki, şumer dilində türk sözləri varsa, deməli, şumerlərlə paralel yaşayan türklər də olmuşdur və bu cəhətdən sevinirik ki,  türklərin tarixi azı 5500 il əvvələ gedir. Görürsünüz, bunun özü sübut edir ki, Sayan – Altay ərazisinə türklər Ön Asiyadan getmişlər. Bu, heç, bu, aydındır.  Amma mən kontaktın da əleyhinəyəm. Mən yalnız leksikanı deyil, şumer fonetikasını, morfologiyasını, şumer sintaksisini də mümkün materiallar əsasında nəzərdən keçirmişəm. İ.M.Dyakonov şumer dilində prefikslər olduğunu qeyd etmişdir. Mən o prefiksləri araşdırmışam. Onların heç biri prefiks deyil.  Hal şəkilçiləri və bağlayıcılardır. Məsələn, Dyakonov göstərir ki, feldən əvvəl  prefiksi işlənir və inkarlıq bildirir. Bu, bizim indi də işlətdiyimiz bağlayıcısıdır: Nə görür, nə eşidir. Bunun nəyi prefiks oldu?  Lap ola bilər prefiks də olsun. Axı dillər kök dildən ayrılanda kök dilin bütün xüsusiyyətlərini itirmir. Bizim tipoloji cəhətdən fərqli dillər hesab etdiyimiz dil ailələrində o qədər ortaqlı cəhətlər var ki. Məsələn, bizim dildə təyin təyinlənəndən əvvəl işlənər, fars dilində əksinə: zülfi-pərişan – pərişan zülf. Deyə bilərikmi ki, bizdə təyinedici sözün təyinlənəndən sonra işləndiyi hallar yoxdur: Şah İsmayıl – İsmayıl şah, Xanım Əminə – Əminə xanım, doktor Həmid – Həmid doktor. Nə qədər istəyirsən, misal var. O prefiksləri Hind-Avropalılar şumer dilinin türk dili olmadığını əsaslandırmaq üçün uydurmuşlar. 5 min ildən artıq tarixi var, amma bütün hal şəkilçiləri kiçik fonetik fərqlərlə müasir türk dillərində olduğu kimidir. Qimqoşması   - heç qoşmanı da almaq olarmı? Özü də bunu lap aşkar qimi variantı da var. Bu xalq kiminsə əcdadı olmalıdır. Hind-Avropalılar özləri təsdiq edir ki, onların əcdadı deyil. Bu qədər şumer-türk uyğunluğu var (bax: bizim 6-cı cild, s.54-150). Özləri etiraf edirlər ki, şumerlər m.ö. 6-cı minilliyin ortalarında İkiçayarasına Azərbaycandan – Zaqroş zonasından enmişlər və sonralar akkadlarla toqquşma zamanı bir çoxları yenə öz əvvəlki yurdlarına dönmüşlər. Bu yaxınlarda bizdə dissertasiya müdafiə edən Cənublu Rəhman Purəkbər Xeyavi Cənubi Azərbaycan ərazisində şumerlərə dair saysız əlamətlər oluğunu qeyd etmişdir.

Avropa tədqiqatçıları bunu başa düşmək istəmirlər ki, türklər dünyanın ilk və ən qədim xalq­larından olmasa idilər, Yer kürəsinin ekvator boyu ən gözəl əraziləri onlara məxsus olmaz­dı.etruskların da türk olduğunu görmək istəmirlər.  Monqolların, yaponların, koreyalıların türklərdən təcrid olundu­ğu­nu etiraf etmək istəmirlər. Düşünmürlər ki, Cənubi Amerika hinduları da onlardan ayrılıb o əraziyə ke­çən­lərdir.

«Eski kültürler ve türkler» bölməsində qədim şərq mədəniyyətlərinin yaranmasında türklərin rolu araşdırılmışdır. «Bozkır kültürü» üzərində xüsusi dayanmış, heyvanların, xüsusən atların ilkin əhliləşdirilməsində  bozkır türklərin (tərəkəmələrin) rolunu ətraflı  nəzərdən keçirmisiniz. Qərb araş­dırıcılarından O.Menginin fikirlərinə istinadən deyirsiniz: «Menghin de  «atı ehlileştirmek  ve ümumiyyetle hayvan yetiştirmek gibi medeniyet tarihindeki  çok mühim bir safhanın  Türklerin ataları ile yakından ilgili»  olduğunu belirtir. Ona göre (yəni onun fikrincə – Q.K.) «Türk kültürünün dünya tarihinde  iki bakımdan  kesin tesiri» olmuştur.  «Bunlardan biri, hayvan besleyiciligi  geliştirmek ve        yaymak  suretiyle  ekonomik; öteki, yüksek teşkilatçılık yolu ile sosyaldır». Bunlar böyük sözlərdir. Deməli, qərb özü təsdiq edir ki, bəşərin həm iqtisadi, həm də sosial inkişafında türklər ən önəmli rol oynamışlar. Onlar həmişə belədir: əvvəlcə məcbur olub həqiqəti etiraf edir, sonra yavaş-yavaş cığallamağa başlayırlar. Elə şumerlərin də türk olduğunu ilk növbədə onlar etiraf etmişlər.

Saklar haqqında verdiyiniz məlumat (dördüncü bölüm) tarixi həqiqətə uyğundur. Saklar yeddi müxtəlif tərcüməçi ilə danışmışlar, müxtəlif tayfalardan ibarət olmuşlar. Bir qismi, xüsusilə çar skifləri adlananlar, Azərbaycan ərazisində çarlıq quranlar () türklərdən ibarət olmuşdur. Burada ən ciddi məsələ  Firdovsi «Şahnamə»də «Med ve Perslerle  Sakaların  mücadilelerini İranlılarla Turanlıların  mücadilesi olarak  anlatır» sözləridir. Bu sözlərdən belə anlaşılır ki, medlərlə (midiyalılarla) perslər bir olmuşlar və bəlkə də bir xalqdır. Midiya dövləti haqqında asur mənbələrində 834-cü ildə məlumat verilir. Farslar isə İran yaylasına 8-ci yüzilliyin ortalarından gəlmişlər. Midiya başlanğıcda fars dövləti ola bilməzdi. Bizim dilçilik və tarixşünaslıqda midiyalıların türk olduğu fikri əsasdır. Farslar Midiyada hakimiyyəti xəyanət yolu ilə (sərkərdə Harpağın xəyanəti ilə ) 650-ci ildə ələ almışlar. Məşhur Astiaq əfsanəsi də bununla bağlıdır. O doğrudur ki, sak böaşçıları aldadılaraq Astiaq tərəfindən öldürülmüşdür. Lakin bu sakların ayrı, midiyalıların ayrı dildə danışdıqları demək deyildi və onlar güclənərək Azərbaycanda midiya-sak dövləti yaratmışdılar, qohum tayfalar idilər.Odur ki bu prosesdə Midiya İranla birləşmiş, Turan dedikdə Midiya – sak hakimiyyəti birlikdə nəzərdə tutulur.

Bir mühüm cəhət də bundan ibarətdir ki, saklar Cənubi Qafqaza və Anadoluya tam gəlmə də de­yil­lər. Onların bir qolunun kimmerləri qova-qova bu yerlərə gəldiyi Herodot tərəfindən söylən­məkdədir. Lakin saklar Ön Asiyanın və Azərbaycanın ən qədim  tayfalarıdır. Onların, siz dediyiniz ifadə ilə desək, ataları kaslar olmuşlar ki, Azərbaycanda kass mədəniyyətinin 10 minillik tarixi müəyyən edilmişdir. Saklar kasların sonrakı nəsilləridir və kas sözü ilə sak sözü yalnız metateza ilə fərqlənir. Sizin ərazidəki Troyanın qarşısından keçən böyük çayın iki adı var: dənizə tökülən hissəsi Ksanf,  başlanğıc hissəsi Skamandr adlanıb. Bu sözlərdə KAS (KSanf) və SAK (SKamandır) sözləri, Homerin poemasında Skamandr çölü, Skamandır vadisi, Skamandr kahini kimi ifadələr saklara aiddir. Homer deyir ki:

Hefestlə də düşmən oldu gur dalğalı dərin bir çay

Ki, allahlar Ksanf deyir ona, insan – Skamandr.(300)

Bu o deməkdir ki, m.ö.1250-ci il hadisələrini təsvir edərkən Homer  çox qədim olduğu üçün Ksanf sözünün mənasını bilmir və onu allahlara aid edir, lakin Skamandır onun müasiri olan sakaların adı ilə bağlı olduğu üçün onu insanlara aid edir. (Bizim «Homerin poemaları və «Kitabi-Dədə Qorqud» məqaləmizə baxmaq olar, 1-ci cild, s.321-352). Bu həm də onu göstərir ki, saka forması Yaka (kıyı, kenar) sözünün İran dilində aldığı forma deyil. Farslar sözü olduğu kimi də işlədə bilərdilər.

Bu hissədə massagetlərin Xəzərin şərqində axtarılması da (tarix kitablarında bu var) doğru deyil. Massagetlər – baş saqlar  və onların lideri Tomiris Azərbaycan saklarındandır. Sizin fikrinizcə, Alp Ər Tonqa saka hökmdarı Madyesdir. Bizim filologiyamızda Alp Ər Tonqanın son Midiya kralı Astiaq olması barədə əsaslı fikir vardır (H.İsrafilov.Alp Ər Tonqa (Astiaq, Əfrasiyab…) tarixdə və bədii ədəbiyyatda, Bakı,2007). Alp Ər Tonqanın şərəfinə ağılar 11-ci yüzillikdə qələmə alınsa da, ondan  16-17 yüz il əvvəlin ədəbi materialıdır.

Hunların tarixinə əsərinizdə geniş yer vermisiniz. M.ö.1700-cü ildən məlum olan hunların tarixini maraqlı faktlarla ardıcıl izləmisiniz. Hunlarla çinlilərin uzun mücadilələri kitabda öz əksini yaxşı tapıb. Hunların mənşəyi barədə üç fikir söyləyirsiniz:  əksəriyyət onları türk hesab edir, alimlərin az bir qismi türk-monqol, bir neçə nəfər isə  nə türk, nə də monqol. Bu sonuncu mənasız fikirdir.  Alimlərin əksəriyyəti onların türklərdən ibarət olduğunu söyləsə də,  A.Qaben kimi, biz də onların türk və monqol­lardan ibarət olduğunu güman edirik. Bu bölümdə Asiya türklərinin yadigarı kimi, Oğuz xaqan dastanı   və Motunun  (Mao Tunun)  dövlətçilik siyasəti haqqında verdiyiniz məlumat da maraqla oxunur.

Sonrakı fəsillərdə türküstan, Əfqanıstan və Hindistğan ərazilərinə türklərin yayılması, Avropa hunları və Attilanın fəaliyyəti barədə danışılır.

Burada müəllif Ögelə əsaslanaraq Boz qurd əfsanəsi haqqında məlumat verir (6-cı bölüm).İli çayı vadisində və İssık gölü tərəflərdə  ət yeyib, qımız içən, çadırlarda yaşayan  və Usunlar adlanan bir türk xalqı yaşamış,  Oğuz xaqan dastanı, Motunun «toprak devletin temelidir» Prinsipi əsasında torpaq və vətən duyğuları. Türküstan, əfqanıstan və Hindistan ərazilərinə türklərin yayılması barədə geniş məlumat almaq olur.Motunun ömrünün son günlərində  ağır məğlubiyyətə uğradıb  Kansudan çıxarılan Yüecilər (çinlilər)  İli çayı tərəfə gəlib Usanlar məğlub edir, hakimlərini öldürür, Usun hökmdarının körpə oğlunu bataqlığa atırlar. Dişi bir qurd uşağı əmizdirir. Bunu görən hunlar bu uşağın  tanrı tərəfindən «kuitsandığını» düşünərək onu böyüdürlər.  Böyüyüb dağılmış olan xalqının başına keçir.  Hun yabğusundan icazə alaraq m.ö. 130-cu ildə Yüecilərin üzərinə yeriyərək  onları İssık ətrafından qovur.

Bu əfsanə Xaqanlığı yaradan GÖy türklərlə bağlanmışdır. Lakin müəllif qeyd edir ki, əfsanə Göy türklərlə əlaqələndirilsə də, onlardan çox əvvələ aiddir.

Kitabınızın çox böyük bir fəslini (s.79-197) Göy türk Xaqanlığının tarixi və dili haqqında araşdırmalar təşkil edir. Türklərin bu möhtəşəm tarixi haqqında çox gözəl, elə əslində möhtəşəm də məlumat verirsiniz.  Xaqanlar, abidər, onların dili barəsində ayrıca bir dərslik qədər bilik almaq mümkündür bu kitabdan. Mən bunları çözələsəm, gərək kitabın böyük bir hissəsini bura köçürəm. Lakin bu hissədə məni maraqlandıran çox mühüm bir məsələ var ki, onu çözmək və o sahədə Sizinlə böolüşmək istərdim.

Bizdə bu dövr türk tarixi barədə Lev Qumilyovun «Qədim türklər» kitabı məşhurdur.  Lev Qumilyov Xaqanlıq dövrünün tarixini mərhələlər üzrə geniş şəkildə araşdırmışdır. Onun əsərində dil məsələlərinə, mətnlərin izahına Sizin kitabdakı kimi diqqət yetirilməmişdir, əsas tarix – ictimai tarixdir. O. Çin mənbələrinə əsasən, Dişi qurd əfsanəsini aşinalılarla bağlı izah etmişdir. Siz də qeyd edirsiniz ki, bu əfsanənin tarixi miladdan əvvələ getsə də, bəzi tarixçilər onu 500 eavlik Aşina ailəsi ilə bağlamışlar.

Sizin də qeyd etdiyiniz kimi, Çinin quzeyindəki Şensi vilayətinin qərbindəki Xesidə yerləşmiş Aşina ailəsi  tobaların (çinlilərin) işğalı zamanı onların  təbəəliyini qəbul etməmiş, Altaya köçərək orada jujanların vassalı olaraq yaşamış, onlara «dəmir döyməklə» məşğul olmuşlar. Sonrası aydındır ki, tədricən güclənmiş, Bumının, İstəminin dövründə jujanların hakimiyyətini məhv etmiş və tədricən böyük imperatorluq yaratmışlar. Bunlar məlumdur. Çox qəribədir ki, onların Altaya köçərkən yaşadıqları ərazi «Suyşu»da (Çin mənbəyi) «mağara» adlandırılır.

Mənim əsas iddiam Sizin aşağıdakı sözlərinizlə bağlıdır: «Köktürk anıtlarında Bumın olarak keçənkurucu kağanın adı Çin kayraklarında  Tumen şeklindedir. Bu, büyük bir  ihtimalle Türkce  Tu­man (duman) kelimesidir. Tuman Kağanın  oğluMukan/Muhan ise Türkce Buka+n (boğa) olmalıdır» (fərqləndirmələr müəllifindir – Q.K.). (80) Məni maraqlandıran  Mukansözünün Bukan (boğa) kimi izahıdır. Özü də Siz bunu yüksək dil duyumu ilə «büyük bir  ihtimalle» şəklində izah edir­siniz.

Biz bu sözü – MukanMuhan (Qumilyovda Muğan) sözünü elə belə adi bir söz, təsadüfi bir ad yox, çox ciddi və mühüm bir tarixi hadisənin izi kimi nəzərdə tuturuq. «Aşina və Azərbaycan» məqaləsində (1-ci cild, s.295-313) bu məsələni bir qədər ətraflı araşdırmışıq. Araşdırmalar nəticəsində bu qənaətə gəldik ki, 500 evlik Aşina ailəsinin aid olduğu tayfa vaxtilə (m.ö.1-ci minilliyin sonlarında və ya m.s. ilk yüzilliklərdə) Azərbaycandan köçüb getmişlər. Bunlar Xesidə də, Altayda da «qaçqın», «köçkün» kimi yaşayırlar. Altayda «Türk dənizində bir damla» hesab olunan bu tayfa tədricən çoxalmış, ətraf aləmi özünə birləşdirmiş və güclənmişdir. Bunlar da aydındır. Lakin onların Xəzərin qərbindən – Azərbaycan ərazilərindən köçüb getdiklərini sübut edən bir sıra dəlillər var. Onları qısa şəkildə sadalayıram (yuxarıda adını çəkdiyim məqalədə geniş izah etmişəm).

Sizin də qeyd etdiyiniz kimi (s.77) m.s. 48-ci ildə Asiya hunları Qərbi və Şərqi hunlar olmaqla iki yerə bölünmüşdülər.  Qumilyov göstərir ki, iki əfsanənin heç birində Aşina ailəsinin Xesidən köçməsinə aid bir işarə yoxdur. O, güman edir ki, bunu bəlkə də aşinalılar Altaya köçdükdən sonra yaratmışlar. Lakin bu da düz ola bilməz, çünki bu əfsanə daha qədim tarixi andırır. Birinci əfsanənin ilk cümlələrindən birində onların haradan gəldiyi barədə aydın fikir var:  Onlar «qərb ölkəsindən qərbdə yerləşən hunlar evinin nəsli» kimi səciyyələndirilir. Qərb ölkəsi dedikdə qərbi hunlar nəzərdə tutulursa, qərb ölkəsinin qərbi dedikdə  arıq Xəzərdən qərbə tərəf olan ərazilər əhatə olunur.

Çinlilərin gücü ilə aşinalıların tərk edib getdiyi həmin o Xesinin hun hakimi Muğan xan adlanırdı. .Qumilyov qeyd edir ki, «Aşina Hun knyazı Muğana tabe idi».Aşinanın da daxil olduğu bu knyazlığın  hakimləri  Muğan titulu daşıyırlar. Bu knyazlıqdan ayrıldıqdan sonra Aşina hakimləri də həmin titulu daşıyırlar. Deməli, knyaz Muğana  tabe olan tayfalar qohum tayfalardır.  Əgər Aşina tayfası  Muğanın knyazlığında  bir sıra tayfalarla təsadüfi birləşmiş olsa idi,  Aşina hakimləri Muğan titulu daşı­maya bilərdilər.

Aşinalılar bu titulu ardıcıl davam etdirmişlər. 552-ci ildə Bumın xaqan öldükdə  yerinə oğlu Qara İssık xan keçir. O da tez ölür və hakimiyyətə Qara İssık xanın qardaşı (Bumının kiçik oğlu) Kuşu çıxır.  Kuşu dərhal Muğan xan titulunu qəbul edir. Qumilyov yazır: «Bu xanın aşağıdakı adları vardı:  vəhşi heyvan adı – Tszuşu (yəni Kuşu – Quş), nəsil adı  - Sıqin (yəni nəvə, qardaş oğlu),   ləqəbi – Yandı (yəni qalib), titulu Muyuy, yəni Muğan. Biz elmi ədəbiyyatda  daha çox işlədilən sonuncu addan istifadə edirik».(Qumilyov, 38)

Aşinalıların əvvəlcə tabe olduğu knyazlıq da, Aşina hakimləri də bu titulu daşıyır. Muğan sözü necə və harada  əmələ gəlmişdir?

Qumilyov yandı sözünü «qalib» mənasında izah etmişdir. Elə deyil. Bu sözün Ön Asiyada böyük tarixi var. Bu söz m.ö. 3-cü minillikdə şumerlərin işlətdiyi ensi (kahin-hökmdar)  və bu sözün fonetik forması kimi mannalıların işlətdiyi yanzı sözü ilə bir kökdəndir. Mannanın bir vilayət hakiminin adı Yanzi-Buriaş idi.(M.ö.843) Z~d keçidi ilə bu söz aşinalılarda yandı şəklində saxlanmışdır, hakim, hökmdar deməkdir.

 Aşina hakimlərinin adlarında Baqa sözünə rast gəlirik: İliqyuylu Şe Moxe Şabolo-İl Külüq-şad Baqa İşbara adını Qumilyov belə izah etmişdir: Ölkənin şərəfli şadı, ilahi qüdrətli xan.

Baq – qədim Azərbaycan tayfalarının  dilində çoxişlənən allah adıdır. Qumilyov ilahi qüdrətli deyəndə düz düşünüb – bu, baqasözünə aiddir.   Madanın – Midiyanın qərbindəki Musasir hakimlə­rin­dən Baqmaştu, Baqbartu adlarını yada salmaq olar. Azərbaycanda Bağastan adlı qədim vilayət olmuş və Makedoniyalı İskəndərin  ora getdiyi də  məlumdur.

Aşinalılar irken sözü işlədirdilər. Bu söz «kişilər yığıncağı» mənasında  qədim ali şuranın adıdır  və şumerdəki eyni mənalı uqkensözündəndir  (uqu/uq – nəsil, ailə mənasındadır, ken – gen – gənəş­mək sözü ilə bağlıdır.

Orxon kitabələrində səma kultu – Tenqri əsasdır. Tenqri adı Ön Asiyada azı 2 min əvvəldən məlumdur. 1700-cü ilə aid iki şumer elegiyasında dinqir bir neçə dəfə işlənmişdir: 98.dinqir-kur-ke, sud (= KA X SU) – de mu-ra [ah (?)- (7)] – Boqi zaqrobnoqo mira budet  [proiznositğ (7)] molitvı za tebə.(Kramer 18, Q.Kaz.Dil t. 446)

Qumilyov yerli türklərlə sonra gələnləri – aşinalıları geyiminə görə də fərqləndirmişdir. Müəllif qəbirüstü abidələri – balbalları nəzərdən keçirərək yazır: «Burada mühüm etnoqrafik əlamət  - baş geyimi həkk olunmuşdur. Çöldə yaşayanlar şişuclu, altaylılar isəyastı, girdə papaq qoyurlar».  (Qumm. 307) Çöldə yaşayanlar aşinalılar – köçərilərdir. Müəllif dəqiq hesablamalar da aparmışdır: «…bizim öyrəndiyimiz 486 balbaldan 329-u şişuclu, 157-si yastıbaşlıdır».  M.ö. 1-ci minilliyin əvvəlində (8-ci yüzillik)  Azərbaycan ərazisindəki köçəri sakların bir qismi şişpapaq saklar adlanırdı. «Mingəçevirdə aşkara çıxarılmış  üzük-möhürlərin üzərindəki təsvirlər  də sübut edir ki, torpaq qəbirlərdə dəfn edilmiş fərdlər  sak-skiflərdir. Üzük-möhürlərdən birinin üzərində  başında şiş papaq və əynində səciyyəvi  sak geyimi olan  sak-tiqrahauda (tiqrah – dikrək, şiş olan – Q.K.) təsvir edilmişdir». İqr –Azt 6 – 213-214) Bu fakt onu da təsdiq edir ki, köçərilər Orta Asiyaya ən azı m.ö. 1-ci minilliyin sonlarında getmişlər.

Bu faktlar əsasında biz o nəticəyə gəldik ki, aşinalılar Ön Asiya miqrantlarıdır. Bu, eyni zamanda, Orta və Mərkəzi Asiyadakı bütün türklərin Ön Asiya miqrantları olduğunu da bir fakt kimi təsdiq edir. Lakin aşinalıların Muğan titulu onların hansı ərazidən köçüb getdiklərini də dəqiqləşdirməyə imkan verir. Muğan – cənublu-şimallı Azərbaycan əraziləridir və bu yerin miqrantları yeni yurdda öz yurdlarını unutmamışlar. Odur ki bu sözü Boğa şəklində yozmaq ağlabatan deyil. Bunu təsdiq edən başqa çox mühüm bir cəhət də Azərbaycan ərazisində ilk dəfə m.ö. 24-cü yüzillikdə  Asur mənbələrində adı çəkilən güclü Turukki tayfa adıdır. Turukkilər (Qoşa k səslərindən biri asur elementi sayılır) çox cəsur  bir tayfa olmuş və hətta uzun müddət yırtıcı Assur dövlətini qorxu altında saxlamışlar. Bus öz şumer-akkad yazılarında dəfələrlə xatırlan­mışdır. Tarixçilər turukki sözündə türk sözünün ilkin formasını görürlər.

Bütün türk xalqlarından fərqli olaraq, yalnız Azərbaycan əhalisi keçən minilliklər ərzində öz «türk» adını qoruyub saxlamış, dilimiz «türk dili» kimi məşhur olmuşdur. Hətta aydın olur ki, Orta və Mərkəzi Asiyaya köçüb böyük dövlət yaradan, o dövləti türk adı ilə şöhrətləndirən xalqlar da bu adı saxlaya bilməmiş, lakin Azərbaycan əhalisi XX yüzilliyin əvvəllərinə – böyük Atatürk Türk respublikası yaradıb, Osmanlı dilini türk dili elan edənə qədər yaşatmışdır.

Göytürklər, Şərqi göytürklərin 52  (630-682),  qərbi göytürklərin  31 il (659-690)  asılılıqda qalmaları, müstəqillik və ikinci hakimiyyət dövrü (tarix, abidələr, mətnlər və dil məsələləri), göytürklərin ikinci dönəmindən qalan abidələri, uyğur yazıları,  Yenisey yazıları,  Monqolustandakı yazılar, Qırğızıstan, Dağlıq Altay, Türküstan, Şimali Qafqaz,  Krım, Balkan və Macarıstandakı yazılar,  Göytürk yazılarının tapılması, oxunması, tədqiqi tarixi, Göytürk yazısı və əlifbasının mənşəyi, Göytürkcənin xüsusiyyətləri – fonetik, leksik və qrammatik xüsusiyyətlər, sözdüzəldici şəkilçilər, nitq hissələri və onlara məxsus kateqoriyalar (hal, kəmiyyət, mənsubiyyət, şəxs, zaman və s.), lüğət tərkibindəki sözlər və onların məna qrupları … nə qədər səbirli və təmkinli olasan ki, illərlə bu qədər materialı əhatə edə biləsən. Çox ağır zəhmətdir.

Oğur və bulqar türkləri, onların dil özəllikləri barədə çox maraqlı məlumat vermisiniz. Bu barədə bizim dilçilikdə məlumat yox dərəcəsindədir. Tuna (Don) və İdil (Volqa) türklərindən qalan mətnlər haqqında kitabınızdan yaxşı məlumat aldım. Əsərinizin mühüm bir bölümünü «Uyğur türkləri» (217-287) təşkil edir.Uyğur türklərinin tarixi, Orxon-Uyğur xaqanlığı, Qansu uyğur dövləti, uyğur mətnləri (maniçi mətnlər, buddist mətnlər, xristian mətnləri, müsəlman mətnləri), onların dil özəllikləri, «Falnamə», buddist nəzm və nəsr əsərləri,  uyğur mətnlərinin tapılması və tədqiqi tarixi, uyğur türkcəsinin dil özəllikləori – səs quruluşu, söz yaradıcılığı, leksikası… -  bu, ayrıca bir kitabdır. Qara­xani­lər dövrü, «Kutadtğu  bilig», «Divanü lüğat-it-türk», «Ətabətül-haqaik», Quranın tərcümələri, «Di­vani- hikmət», Qaraxanilər dövrü ədəbiyyatın tapılası və nəşri tarixi, Qaraxanilər  türkcəsinin səs, söz, morfoloji özəllik və xüsusiyyətləri barədə yazdıqlarınız da (289-358) bir kitabdır. Bunlar 11 və 12-ci bölümlərdir. Şimal-şərqi və qərbi ttürkcələrini hazırlayan tarixi zəminə cüsusi bölmə ayırmısınız.

Kitabın 14-cü  bölməsində  şimal-şərq, yəni  xarəzm-qıbçaq türkcəsi  və Xarəzm türkcəsinə aid əsərlər haqqında danışılır. Burada «Müqəddimətül-ədəb» haqqında məlumat bizi daha çox maraqlandırdı. Zəmahzşariyə aid edilən bu əsər ərəb dilini öyrənmək üçün yazılmış bir kitabdır. Əsər Xarəzmşahlardan Atsız sultana (1127-1156) həsr olunmuşdur və 1128-1144 arası yazıldığı bildirilir. Müəllif yazır: «Mukaddimetü`l-Edeb aslında Arapcayı ögretmek üzere yazılmış kelime ve kısa cümlelerden ibaret bir eserdir. Arapca kelime ve ibarelerin altına Harezm Türkcesi, Farsca, Harezmce (bir İran dili), Moğolca, Cağatayca, Osmanlıca  gibi dillerde anlamları yazılmıştır». (s.373) Xarəzmcə, farsca, moğolca, yenə bir İran ləhcəsi ilə, cığatayca ağlabatandır. 12-ci əsrin birinci yarısında Osmanlıca qəribə səslənir və bundan əlavə, osmanlıca ilə xarəzm dili arasında bu böyüklükdə Azərbaycan yoxdur.  Ən pis cəhət budur ki, bizim tədqiqatçılar bu əsərlə məşğul olmayıblar.  Azərbaycan dili 14-cü yüzilliyin ortalarına qədəro bütün ətraf aləmə də xidmət etdiyi halda,  Zəmahşari Azərbaycanın başı üzərindən keçib ərəb sözlərinin osmanlıcıa qarşılığını verir?

Əsərdə «Kodeks kumanikus» başlda olmaqla  20-yə qədər mənbə haqqında məlumat almaq olur və sonra müəllif həmin mənbələrin  dil özəllikləri barədə məlumat verir.Cığatay türkcəsinin dil xüsusiyyətlərinin izahı əsərdə daha geniş yer tutur.

Kitabın son – 15-ci bölməsini batı türkcəsinə həsr etmişsiniz. İlk cümləsində oxuyuruq: «Batı Türkcesi,  11. yüzyıl ile 21. yüzyıl arasında Kuzey ve Güney  Azerbaycan, Kuzey İrak ve Kuzey Suriye, Anadolu, Kıbrıs, Ege adaları, Balkanlar, Kırım Hanlığı  ve Kuzey Afrikada kullanılan dildir».(s.433) yenə yazırsınız: «Önceleri konuşma dili olarak kullanılan Oğuz ağzı  13. yüzyılda Azerbaycan ve Anadoluda yazı dili haline gelmiştir. Batı Türkcesi yazı dili, 13.yüzyıldan 15. yüzyıl sonlarına dek Azerbaycan, Anadolu, İrak, Suriye ve Balkanlarda tek yazı dili olarak kullanıldı. Bu döneme  araştırıcılar çeşitli adlar vermektedirler…  Biz…  Eski Oğuz Türkcesi  terimini teklif ediyoruz. Oğuz Türkcesinin  yazı dili olmadan önceki  dönemine  de Ana Oğuz Türkcesi demek yerinde olacaktır». (s.433) «Eski Oğuz Türkcesi, Azerbaycan ve Anadolunun  (14. yüzyılın ortalarından aynı zamanda  Balkanların)  ortak yazı dili idi. Ancak 13, 14 ve nispeten 15. yüzyıllardakı  Batı Türk yazı dili, oturmuş bir yazı dili  degildi… Eski Oğuz Türkcesini  Azerbaycan yazı diliyle  Osmanlı yazı dilinin  ortak atası  kabul ediyoruz» (s.434)  «Eski Oğuz Türkcesi  16. yüzyıl  başında  Safevi  Devletinin  kuruluşuyla  Azerbaycan ve  Osmanlı yazı dillerine ayrıldı. Batı Türkcesi, aralarındakı çox küçük  farklılıklarla 16. yüzyıldan bugüne  iki yazı dili  halinde ulaştı». (s.434)

Beləliklə, deyirsiniz ki, Qərb türkcəsi  11 – 21-ci yüzilliklər arasında Azərbaycanda (cənublu-şimallı), İrakda, Suriyada, Anadoluda, Kıbrısda, egey adalarında, Balkanlarda, Krımda və Şimali Afrikada işlənən dildir. Və bu ərazilərin heç birinə fərq qoymursunuz. Deməli, bunların hamısında türkün meydana çıxması 11-ci yüzilliklə – Səlcuqların bu yerlərə hərəkəti ilə bağlıdır. Bundan – bu dövrdən əvvəl bu ərazilərdə türk təsəvvürü yoxdur. Bizim bir sıra bədbəxt alimlər də bu cür düşünmüşlər.  Və deyirsiniz ki, 15-cə yüzilliyin sonlarına qədər bunlar hamısı əsasən eyni dildə danışmışlar və onların hamısının dilini ümumiləşmiş şəkildə Əski Oğuz Türkcəsi adlandırmaq olar. Əski Oğuz Türkcəsindən əvvəlki dövrü Ana Oğuz türkcəsi  dövrüdür. Bu sonuncuya indii nəzərdə tutulan Qərb ərazisində rast gəlmək olmaz, o, yəqin ki, Orta Asiyada olacaqdır. Bir qədər də bu ərazidə 11-12-ci yüzilliklərə aid ola bilər. Çünki, fikrinizcə, Klassik Oğuz Türkcəsi 13-15-ci yüzillikləri əhatə edir.  Osmanlı və Azərbaycan dillərinin fərqi isə Səfəvilər dövründən başlamışdır. Amma etiraf edirsiniz ki, hələ 14-cü yüzillikdə Qazi Bürhanıddinin dili ilə ərzrumlu Daririn dilində Azərbaycan və Osmanlı dilinin başlanğıcına Aid elementlər var idi. Və nəhayət, Əski Oğuz dilini  «Azerbaycan yazı diliyle  Osmanlı yazı dilinin  ortak atası» hesab edirsiniz.

Əhməd bəy! Bizim tarixçi və dilçilərin də böyük bir qismi daim bu cür düşünmüş və beləcə də yazmışlar. Amma indi bu cür fikirlər bizdə  artıq anaxronizmə çevrilmişdir. Azərbaycan türkcəsi ilə Anadolu türkcəsinin tarixi taleyi tam fərqlidir. Əvvəldə qeyd etdiyim kimi, Azərbaycan çox qədimdən türk öokəsidir. Anadolu da çox qədim zamanlarda türk yurdu olub.  Amma Azərbaycanda olduğu kimi, türkləri axıra qədər saxlaya bilməyib. Həqiqətdə də Anadolu Səlcuqlar tərəfindən türkləşdirilib. Azərbaycanda isə Səlcuqların elə bir rolu olmayıb. Lap istəyirsiniz, tarixçilərdən bir-iki misal deyim: «5-ci yüzilliyin sonları, 6-cı yüzilliyin əvvəllərində  Azərbaycanın, demək olar ki, hər yerində  dilləri bizim  Azərbaycan dilinin kökündə dayanan soylar yaşayırdılar…. Gətirdiyitmiz külli miqdar materiallar  və mülahizələr göstərir ki,  ilk orta yüzilliklərddə   islam dininin bu ərazidə yayılmasından qabaq, ola bilsin ki, daha çox qabaq  Azərbaycan ərazisi əhalisinin  böyük əksəriyyəti artıq türkdilli idi».( mahmud ismayıl 95-96. Budur, başqa bir tədqiqatçı yazır: «Oğuzların mənbələrdə qeyd edilmiş 24 tayfasından  bəzilərinin (Əfşar, Bayandur, Bəydili, Qayı, Bayat, Eymur, Çəpni, Xələc və b.) adlarını əks etdirən toponimlər  Azərbaycanın hər iki hissəsində vardır.  Lakn onlar gəldikdə  Azərbaycan xalqı və onun türk dili vardı.  Səlcuq oğuzları  Azərbaycan xalqının etnogenezində  həlledici rol oynamamışdır. Bu rol onlardan qabaqkı  yerli türk etnoslarına məxsusdur». Qeyb 13 - 205

İndi bizdə Səlcuqların Azərbaycanı türkləşdirməsi barədə fikir artıq öz əhəmiyyətini tam itirmişdir. Bizdə mübahisə m.ö. Azərbaycanda türk və şumer-türk eyniliyi ilə əlaqədar qalmaqda və davam etməkdədir.  Rusların Qədim Şərtq tarixinin ən yaxşı üç bilicisindən biri hesab etdiyi elam mütəxəssisi Yusif Yusifov m.ö. 28-ci yüzilliyin Aratta Azərbaycan dövlətinin və Manna Qurucularının türk tayfalarına məxsus olduğunu ortaya çıxarmaqla artıq yuxarıdakı məsələyə də nöqtə qoymuş, yalnız şumer – türkeyniliyi mübahisəli olaranq qalmışdır. Siz yazırsınız ki, «Batı Türkcesi yazı dili, 13.yüzyıldan 15. yüzyıl sonlarına dek Azerbaycan, Anadolu, İrak, Suriye ve Balkanlarda tek yazı dili olarak kullanıldı» Bu. Batı Türk dili deyil, bu, Azərbaycan dilidir və Osmanlı dili qaydaya düşənə qədər ona da xidmət etmişdir.  Çünki Səlcuqlar gələndə bu dil, dediyimiz kimi,  artıq çoxdan mövcud idi. «Dədə Qorqud» Azərbaycan dilinin  6-8-ci yüzilliklərə aid şifahi nümunəsi sayılır. Yeri gəlmişkən, Siz hərdən «Dədə Qorqud»un da dilini sonrakı yüzilliklərə aid edirsiniz. Bizim bir sıra alimlər - T.Hacıyev, Ş.Cəmşidov  bir-birindən xəbərsiz, «Dədə Qorqud»un 16-cı əsr əlyazmasının 11-ci əsr əlyazmasından köçürüldüyünü sübut etmişlər. Bizim ömrünü dil tarixinə həsr etmiş böyük müəllimimiz Ə.Dəmirçizadə yazmışdır:  Vahmid ümumxalq Azərbaycan dili  bu tayfa dillərindən bir neçəsinin, xüsusən oğuz, qıpçaq tayfa dillərinin əsasında təqribən VII-X əsrlər arasında  formalaşmış bir dildir». (s.15) Yenə yazır: Türk dilləri ailəsinin qərb qrupuna mənsub dillərin, o cümlədən Azərbaycan dilinin  əsas mənbələri isə  eramızdan əvvəl və eramızın birinci min ili dövründə  Xəzər dənizinin  şərqində, şimalında, qərbində , cənubunda, ümumən Qafqazda məskən salmış  sak – skif,  qas – qasit – qaspi – Xəzər, sabır – suvar,  hun – qunn, türk – tbörək, ğuz – oğuz, qıpçaq – qıfçaq adları ilə tanınan  qəbilə və tayfaların dilləri olmuşdur». (48) yenə: «Azərbaycan tarixi  sahəsində son zamanlar  aparılmış tədqiqatlar əsasında aydın olmuşdur ki,  eramızdan əvvəl Azərbaycan ərazisində  Midiya qəbilələri – Bus, Paratak, Struxat, Arizant, Budi, Mağ və Azərbaycanın şimal hissəsində  Alban, yaxud Ağvan  ərazisində 26 müxtəlif dilli  qəbilələrlə birlikdə  Qas, Qasit, Xəzər, Sak, Skif  adlı qəbilələr yaşamışlar.Eramızın əvvəllərində isə bu ərazidə  Hun, Sabır – Suvar. Oğuz, Qıpçaq adlı qəbilələr məskən salıb  yaşamışlar ki, bunların hamısı artıq elm aləmində dəqiqləşdirildiyi kimi, türkdilli qəbilələr olmuşlar». Dəm. 49  professor yenə çox gözəl deyir: «…Qafqaza və İrana  oğuz, qıpçaq  tayfalarının kütləvi surətdə gəlmələri  və bu ərazidə əsrlər boyu  yaşayan türk dilli tayfalarla  qaynayıb-qarışmaları  türk dillərinə mənsub  vahid ümumxalq dili halında  Azərbaycan dilinin hələ  V-VI əsrlərdən formalaşması prosesini, demək olar ki,  daha da sürətləndirdi və tamamlamış oldu».Dəm. 49-50    XI-XII əsrləri nəzərdə tutaraq yazır: «Bu dövrdə  hətta Dərbənd – Tehran  - Bağdad və Şərqi Anadolu  dairəsində ümumiləşmiş halda  işlənilən dil, demək olar ki,  vahid türk – Azərbaycandili idi». ( 73) «Beləliklə, aydın olur ki,  Azərbaycan ədəbi dilinin  şifahi qolu  yazılı qolundan əvvəl, təqribən   VIII – X əsrlərdə formalaşmışdı».(75)  Professor Həsənoğlunun məşhur qəzəlini təhlil edərək yazır: «…belə səlis, əlaqəli   və ahəngdar bir şeir dilini  ilk ədəbi dil nümunəsi saymaq nəinki doğru deyil, hətta mümkün deyil». (D. 88) «azərbaycan  yazılıədəbi dili tam halda  təşəkkül tapmamış olsa idi,  ətrafa sürətlə nüfuz edə bilməzdi. Həsənoğlunun şerinə nəzirə də yazmazdılar.  Həsənoğlunun təsiri bütün Azərbaycana,  Anadolu və Misirə qədər  yayılmış olmazdı.  Halbuki Azərbaycan ədəbi dili  XIII əsrin sonlarında  və XIV əsrdə  Şərqi Anadoluda yetişən bir çox şairlərin  şeir dili kimi işlənilmiş və bu dildə yazılan şeirlər  osmanlı türk yazılıədəbi dili üçün , demək olar ki, ilkin örnək olmuşdur». (88-89) Köprülüzadə « əsasən səlcuqit osmanlı ləhcəsinin  əski və ibtidai şəklilə  Azərbaycan ləhcəsi arasında  həmin heç bir fərq yoxdur» deməklə də bu cəhəti əsaslandırmalı olmuşdur. «Diqqətlə yoxladıqda  aydın olur ki,  həmin dil o zaman anadoluda  işlədilən  və türki adı ilə tanınan Azərbaycan dilidir». (89) Bütün bunldarı, yenə deyirəm, bizim bədbəxtlərə də başa salmaq olmur və deyirlər ki, Azərbaycan dili ilə Osmanlı dili dünən-srağagün fərqlənməyə başlayıb.Amma deyə bilmirlər ki, məsələn XIII əsrin şairləri hesab olunan Həsənoğluya niyə Osmanlı şairi, Yunus Əmrəyə niyə Azərbaycan şairi demirik.

Bu qeydlər əsasında deməyə ehtiyac qalmadı ki, nə Azərbaycan ədəbi dilinin yaradıcıları səlcuq oğuzlarıdır, nə də «Kitabi-Dədə Qorqud»u. Bunlar Azərbaycanın yerli qədim oğuzlarına məxsusdur və ona görə də Azərbaycan dili ilə Osmanlı dili XVI yüzillikdən deyil, başlanğıcdan fərqli, amma qohum dillərdir. Odur ki Sizin nəzərdə tutduğunuz – « Eski Oğuz Türkcesinin  kullandığı coğrafi Aldan  sadece Anadolu  degildir. Kuzey ve Güney  Azerbaycan ile İrak ve Suriye  de Eski Oğuz Türkcesinin  kullanıl­dığı  alanlardır» - fikri bizim dilin tarixini təhrif edir.   Dilimizin obyektiv tarixi min illərlə geri atılır. Bir Milli ədəbi dil üçün Nəsiminin dilindən yüksək ədəbi dil təsəvvür etmək çətindir. Nəsiminin dəlmi xalis Azərbaycan milli ədəbi dilidir.

Hə, Əhməd bəy, vəziyyət belədir. Siz əlinizdə olan faktlar əsasında çox böyük bir kitab yaz­mısınız. Türkologiya aləmində həqiqətən çox qiymətli bir əsərdir. Amma Azərbaycan – Türkiyə əla­qələrinin uzun müddət qapalı və ya zəif olması nəticəsində Sizə Azərbaycan dilinin tarixi haqqında həqiqəti əks etdirən əsərlər çatmayıb. O çatanlar isə Azərbaycan xalqının və dilinin tarixi haqqında zə­rərli və mühafizəkar konsepsiyanın yazılarıdır. Xalqın həqiqi vətənpərvər ziyalıları onları daim pis­ləmişlər. Həmin konsepsiya bizdə artıq tam şəkildə hörmətdən və qiymətdən düşüb. Heç kəs öz xalqının halal tarixini bəsitləşdirmək, min illərlə geri salmaq istəməz.  Bütün qədim dövrün  (miladdan öncənin və sonrakı minilliyin) yadigarı olan toponim, etnonim və antroponimlər Azərbaycan ərazisində çox qədim dövrlərdən türkün üstün varlığının sübutudur. Təkcə bunu nəzərə almaq kifayətdir ki, bütün Orta və Mərkəzi Asiyada bizim 1-ci minillikdə görünən türk etnonimlərinin m.ö.3-1-ci minilliklərdə Azər­baycanda varlığı Q.Qeybullayev və Y.Yusifov tərəfindən əsaslı şəkildə müəyyən edilmişdir.

Mən bu fikirləri bir qədər geniş şərh etdim ki, bunlar Sizin dilçi və tarixçilərlə yanaşı, bizim öz alimlərimiz də birdəfəlik bir nəticəyə gəlsinlər. Həmişə qeyd etdiyim bir fikri yenə təkrar edirəm: çoxları elə bilir ki, tarix də, dövlət də, ədəbiyyat da, dil də elə bizim dövrüsüzdə və ya bir qədər əvvəl yaranıb. Amma belə deyil. Böyük imperiyalar yaradan xalqın tarixi də, dili də, ədəbiyyatı da və dövləti də olub. Bunların düzgün öyrənilməsi heç kəsin zərərinə deyil.

İstərdim ki, bunları Sizin mətbuatda da çap etdirəsiniz.

Hörmətlə:
Qəzənfər KAZIMOV
Filologiya elmləri doktoru, professor
10 iyun 2009

 

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.