• Baş səhifə
  • Tərcümeyi-hal
  • Həyat və fəaliyyəti
  • Qəzənfər Kazımov - 75
  • Kitablar
  • Haqqında yazılanlar
  • Foto yaddaş
 

ÖMRÜN DƏYƏRİ, 75-İN HESABATI
(Qəzənfər Paşayev. Seçilmiş əsərləri, 7 cilddə. Bakı, «Təhsil» nəşriyyatı, 2012)

Konfutsinin: «Elm, bilik elə bir həzz mənbəyidir ki, o, in­­sana hər şeyi, hətta fiziki iztirabı, necə qocaldığını belə unut­du­­ra bilir» - sözlərinə dayaq olaraq qeyd edirəm ki, sanballı ya­ra­dı­cılıq yolu insanda iftixar doğurur, insan hədər ömür sür­mə­diyini, əbədiyyət qazandığını görüb, dünyanın vəfasızlığından qorx­mur. Bu günlərdə 7 cildliyini aldığım dostum və adaşım, gör­kəmli dilçi alim, ədəbiyyatşünas, tərcüməçi və folklor təd­qi­qat­çı­sı Qəzənfər Paşayev belə bir fərəhli ömür sahibidir. Onun yeddi cildliyi təqribən hər biri eyni ölçüdə – 35 çap və­rə­qi həcmində (bü­töv­lükdə 250 ç.v.-ə qədər) nəfis şəkildə – su­venir ki­tablar ki­mi «Təhsil» nəşriyyatında çap olunmuşdur.
Qəzənfər Paşayevin özünün etiraf etdiyi kimi, «Seçilmiş əsər­lər»də mətbuatda çap olunmamış bir əsərə, bir məqaləyə belə təsadüf olunmur. Müəllif əsər­lə­rini çapa hazırlayarkən on­ların üzərində yenidən işləməyi lazım bilməmiş, hər bir əsərini olduğu kimi saxlamışdır. Bu, yaxşı cəhətdir, çünki hər bir əsər yazılıb çap olunduğu dövrün təfəkkürünün məhsulu kimi oxu­cuya çatmalıdır. Cildlərdə ümu­­mi cəhətlər ondan ibarətdir ki, müəllif hər bir əsərində həmin əsəri vaxtilə çap edərkən kö­mə­yinə gəlmiş redaktor və rəyçi əməyinə hör­mət etmiş, ha­mısını olduğu kimi saxlamışdır. Hər bir kitab Q.Paşayevin eyni şəkli ilə açılır və vaxtilə çap etdirdiyi kitab­la­rın üz qabıqlarının şəkli ilə qurtarır. Elə bu şəkillər özləri çox şey deyir. Çap et­dirdiyi kitabların cildlərində iri-iri yazılmış «Kərkük», «İraq-Türkman», «Mahmud və Məryəm»  sözləri, Hüseyn Arif, Bə­kir Nəbiyev, İsi Məlikzadə, Tofiq Bayram, Fikrət Qoca, Əli­ba­la Hacızadə, Nostradamus, Mi­kayıl Azaflı, Rəsul Rza, Nəsimi ki­mi elm, sənət, magiya şəxsiyyətlərinin şəkilləri onun yara­dıcılıq üfüqləri barədə geniş təsəvvür yaradır. Müəllif vaxtilə yazılmış ön sözləri də olduğu kimi saxlamışdır. Heç şübhəsiz, bunlar seçilmişlərdir və 7 cildlik Qəzənfər müəllimin qələmin­dən çıxan bütün yazıları və toplamaları əhatə etmir.
«Seçilmiş əsərlər»in 1-ci cildi Qəzənfər Paşayevin iki bö­­­yük əsərini – «İraq-türkman folkloru» və  «Altı il Dəclə-Fə­rat sahillərində» əsərlərini əhatə edir. Birinci əsərin  redaktor və rəyçiləri Azad Nəbiyev, dr.Əbdüllətif Bəndəroğlu, Paşa Əfəndiyev, ikinci əsərin redaktor və rəyçiləri Ayaz Vəfalı, Ər­şad Hürmüzlü, Vaqif Yusifli olmuşdur.
«İraq-türkman folkloru» əsərini oxumaqla biz bəşər sivi­li­zasiyasının mərkəzi olmuş bu ölkə ilə bağlı çox şey öyrənə bilirik. İraq-türkman əhalisi Azərbaycan xalqının bir parçasıdır. Müəllifin əsərə yazdığı girişdən aydın olur ki, əsasən Kərkük vilayə­tin­də toplu halda yaşayan, keçən əsrin əvvəlində 100 min, orta­la­rında 600 min nəfəri əhatə edən bu əhalinin sayı indi bir mil­yonu keçmişdir. Q.Paşayev ilk növbədə fonetik araş­dırmalar apa­ra­raq bu əhalinin dilinin türk-Osmanlı dilin­dən fərqli cəhət­lə­rini, Azərbaycan dili ilə bir kökdən olduğunu sü­but edən dəlil­lər ortaya çıxarmış və bu barədə şübhələri əsaslı şəkildə təkzib etmişdir. Uzun müddət Azərbaycanın bir par­çası, tərkib hissəsi olan bu əhali ­1746-cı ildən Azərbaycanla əlaqəsini itirmişdir. Lakin ke­çən iki əsr yarımlıq bir müddət ərzində öz dilini, öz folklorunu, öz milli keyfiyyətlərini qoru­yub saxlamışdır. Bunu Qəzənfər Pa­şayevin əsər boyu Azər­bay­can folkloru ilə İraq-türkman folklo­ru arasında apardığı müqa­yisə və tutuşdurmalar çox aydın şə­kil­­də sübut edir. Məsələn, mü­əllif Kərkük musiqi folklorundan danışarkən qeyd edir ki, «…qadınlar yas məclislərində sazla­ma­ları  (ağıları) «Segah» və «Müxalif» üstə oxuyurlar. Bu, elə Azər­ba­ycanda da belədir. Azərbaycanda ağılar «Şikəstə» kimi, «Se­gah» muğamı pərdə­lərində  improvizə olunduğu halda, ba­ya­tı­lar «Qatar» muğamı üs­tə, «Rast» ladında improvizə edilir, axı­­rıncı kəlməsi uzadı­lır. Ağı isə reçitativ deklamasiya üslubunda oxu­nur».
Əsər dörd fəsildən ibarətdir. İlk fəsildə müəllif arxaik folk­lor janrlarının (inanclar, yemindlər, dualar, bəddualar və fal­lar) tədqiqi ilə məşğul olmuşdur. Müəllif folklorşünaslığın nə­zəri əsaslarına söykənərək hər bir janrın struktur xüsusiy­yət­lərini araşdırmış və hər bir mə­qamda İraq-türkman folklor janr­larının qədim kök­lərini Azər­baycan folkloru ilə üzvi əlaqədə müəyyən­ləş­dirmiş, tez-tez «Kitabi-Dədə Qorqud»un dilinə mü­raciət etmişdir. Fikrinin isbatı üçün nümunə qıtlığına ehtiyac duymamışdır, verdiyi zəngin nümunələr müəllifin İraq-türkman folk­loruna dərindən bələd olduğunu, onu sevə-sevə öyrəndi­yi­ni göstərir. Əsərin sonrakı fəsillərində xalq mərasim və nəğ­mə­­ləri (dini bayram və nəğ­mələr, məişət, yas, toy mərasim və nəğmələri),  folklorun lirik növləri (xoyratlar, manilər, xalq ha­va­­ları, xalq mahnıları, aşıq havaları, beşik nəğmələri, bayatı-tap­macalar) və epik növ (das­tanlar, nağıllar,  atalar sözləri, mə­səllər) tədqiq edilmişdir. Xoyrat və manilərin tədqiqinə əsər­də daha geniş yer vermiş, bunların qüd­rə­tini «fikir zəngin­li­yində», «əbədi insan arzularına xidmət etmə­sində», «bulaq ki­mi sü­zü­lərək xalqın qəlbindən gəlmə­sin­də», «xalqın ehtiras və qəlb çırpıntılarını təbii, aydın və sə­mi­mi dil­də əks etdirmə­sin­də» gö­rür. Müəllif xoyrat və manilərin struk­tur fərqlərini araş­dır­maqla yanaşı, onların etimoloji cəhətinə də diqqət yetir­miş­dir.
Bu əsərin dili folklor dili qədər canlı, təbii və ifadəlidir. Müəllif əsəri el­mi-kütləvi bir üslubda qələmə almışdır. İraq-türkman folk­lorunu bütün sahələr üzrə həm elmi-nəzəri, həm də praktik – materialvermə baxımından yüksək səviy­yədə iş­­lə­yə bilmişdir. İraq-türkman folklorunun görkəmli milli təd­qi­qat­çıla­rından Əbdüllətif Bəndəroğlu bu əsəri yüksək qiymət­lən­dirərək «şah əsər» adlan­dır­mış­dır: «Ağlasığmaz yorğun­luq­ların məhsulu olan  bu misilsiz əsə­ri  İraq türkmanları arasında folk­lor çərçivəsində bir şah əsər ki­mi  qiymətləndirmək daha do­ğrudur. Bu günə qədər bizdə – İraq türk­manlarında, Tür­kiyə­də və Azərbaycanda folklorumu­zun bu biçimdə tədqiqi, incə­lən­məsi və araşdırılması  olma­mış­dır». Bu əsər Qəzənfər Paşa­ye­vin uzunmüddətli zəhmətinin məhsu­lu­dur. Əsər birdən-birə meydana çıxmamış, buna qədər Q.Paşayev «Kərkük baya­tıla­rı» (1968, xalq şairi Rə­sul Rza ilə), «Arzu-Qəmbər dastanı» (1971), «Kərkük mah­nı­ları» (1973), «İraq-Kərkük atalar söz­lə­ri» (1978), «İraq-Kər­kük bayatıları» (1984), «Kərkük tapma­ca­ları» (1984), «Kərkük folkloru antologiyası» (1987, təkrar nəş­ri 1990)  kimi kitablar nəşr etdirmişdir. İraq-türkman folklo­ru­nun yerli-milli araşdırıcılarını unutmamış, tədqiqat prosesində tez-tez Əta Tər­zibaşı, Molla Sabir, Şakir Sabir Zabit, Əbdüllətif Bəndəroğlu, Məhəmməd Xurşid, İbrahim Daquqi, İhsan Vəsfi, Sübhi Sa­atçı, Mövlud Taha Qayaçı kimi alimlərə istinad etmiş, İraq-türkman folklorunun tədqiqində Əta Tərzibaşının əməyini yüksək qiymətləndirmişdir.
Qəzənfər Paşayevin «Altı il Dəclə-Fərat sahillərində» əsə­­ri bədii publisistikanın ən gözəl nümunəsidir. Əsər ilk dəfə 1985-ci ildə işıq üzü görmüş, yaranmış böyük maraq və tələb əsasında 1987-ci ildə böyük tirajla yenidən çap olunmuşdur. Deyərdim ki, İraqı yenidən, Qəzənfəri ilk dəfə  Azərbaycana geniş ta­nı­dan bu əsər olmuşdur. Qəzənfər Paşayev İraqda işlə­di­yi altı ilin müddətində mərhum Bəkir Nəbiyevin ifadə tərzi ilə desək, «papağı günə yandırmamış», İraq əhalisinin – yerli ərəblərin, kürd­lərin, xüsusilə Azərbaycan xalqının bir parçası olan Kər­kük əhali­si­nin məişəti, təsərrüfatı, elmi, mədəniyyəti, adət-ən­nələri, mə­ra­sim və bayramları barədə son dərəcə böyük zəh­mətlə zəngin material toplamış və gözəl publisistika dili ilə çox qiymətli belə bir əsər ortaya çıxarmışdır. Şair və ədəbiy­yat­şünas alim Qasım Qasımzadənin dediyi kimi, bu əsər İraq haq­qında «elmi-bədii-sosioloji salnamə sa­yı­la bilər».
Bu cür əsərləri bir neçə üslubda yazmaq olar. Başlıca üs­lub belədir ki, gördüklərini, müşahidə etdiklərini xronoloji ar­dı­cıl­lıqla təsvir edəsən. Bu, asan üslubdur. Lakin, görünür, Qə­zənfər müəllim haqqında danışdıqları barədə tam təsəvvür ya­ratmaq, nədən danışırsa, oxucunu o sahə ilə tam şəkildə tanış et­mək istəmişdir. Bu, çətin üslubdur, ona görə çətindir ki, tələb edir ki, gördüklərindən, eşitdiklərindən əlavə, tədqi­qat apa­ra­san, oxuyasan, öyrənəsən. İraq isə ərəbdilli ölkə­dir, sən müt­ləq ərəb dilindən baş açmalısan. Əsəri oxuduqca zəngin termi­noloji leksikanın tərcüməsi ilə birlikdə xalqın dilində ol­du­ğu kimi verilməsi, zəngin etimoloji araşdırmalar göstərir ki, Qə­zənfər müəllim həqiqətən belə bir ağır zəhmətə qatlaş­mışdır. Həm də İraqın cəhənnəm əzabını andıran o istisində.
Qəzənfər müəllim ilk dəfə Misirdən keçib Bağdada ge­dər­kən Şər­qin qədim tarixini, Nil çayının yaratdığı möcüzə gözəllikləri, hələ era­dan əvvəl bir milyona qədər kitabı olan İs­kəndəriyyə kitabxa­nasını, Yerin kürə şəklində olduğunu gös­tərən və onu ölçərkən cəmi 50  km səhvə yol vermiş Eratos­feni, Yerin Günəş və öz oxu ətra­fın­da fırlandığı mülahizəsini ilk dəfə irəli sürən  Aristraxı xatırlayır, «Ki­mi­nin əvvəli, kimi­nin axırı» mə­səlinə uyğun şəkildə Şərqin taleyi barədə düşün­cələrə dalır. Qə­dim Meso­potamiyanın bö­yük mədəniy­yə­ti, sonralar ərəb­lərin bu əraziləri necə işğal et­dik­ləri yada dü­şür, ərəb xəlifə­lə­rinin vurduğu zərbələrlə yanaşı, şə­hər­salma iş­ləri barədə fikir­lər çözələnir. Füzulinin əbədi uyu­du­­ğu mü­qəd­dəs torpağa çatır. İraqın əhalisi, əhalinin diriliyi və həyat ağacı olan xurma bağ­ları, ölkənin iqlimi, əhalinin məişəti, bayram­ları, təhsil sistemi, mədəniyyət mərkəzi olan Bağdad, Mo­sul, Kərkük, Samarra, Kər­­bəla, Nəcəf  və başqa şəhərləri, on­ların ta­rixi, türkmanların – azərbaycanlıların yaşadıqları qə­za, nahi­yə, şəhər və kəndlər, Kərkük ziyalıları və onlarla mək­­tub­laş­malar, əhalinin ailə, nikah və toy mərasimləri, inam­lar, inanc­lar, ölkənin sərvəti və s. haqqında şirin bir dil ilə məlu­mat verir, oxucunu nağıllar dün­yasına aparır. Hər salxımında 10-20 kq xurma yetirən xur­ma ağacları (təqribən 33 milyon), ilin fə­sillərinin, xüsusilə may – oktyabr aylarının bayıra çıxmağa im­kan verməyən istiləri, əhalinin geyim tərzi, yeməkləri, tarixi abidələrin şəkilləri, to­po­nimlər aləminin etimoloji izahı və s. Qəzənfər Paşayevin hələ gənclik illərindən hərtərəfli biliyə malik, ağır zəhmətə qatlaşmağı bacaran bir alim olduğunu sü­but edir: «Altı illik səmərəli zəh­mə­tin əbədiləşən səhifə­lə­rini nəzərdən keçirdik­cə Q.Paşa­ye­vin şəxsində istedadlı dilçi, ədə­biyyatşünas, tarix­çi, etnoqraf alimlə, sosioloq və jurnalistlə, ən ümdəsi də bü­tün bun­ları özün­­də cəmləşdirən, görüb-gö­türmüş şərqşünas bir mü­sahiblə üz-üzə dayanırıq» (Qasım Qa­sımza­də).
İndi görkəmli ədəbiyyatşünas alim və tənqidçi kimi ta­nınan Qəzənfər Paşayev yaradıcılığa dilçi kimi başlamış, elm alə­­minə dilçi kimi daxil olmuşdur. Orijinal, yeni, öyrənil­məsi­nə böyük ehtiyac olan İraq-türkman ləhcəsinin tədqiqindən baş­lamışdır. İraqda olduğu ilk dövrdə (1962-1966, xidmətlə­ri­nə görə İraq dövlətinin mükafatına, SSRİ Nazirlər Sovetinin Fəx­ri Fərmanına layiq görülmüşdür) bu sahənin tədqiqinin zə­ruriliyini başa düşərək ma­terial toplamış, 1969-cu ildə «Kər­kük dialektinin fonetika­sı» mövzusunda namizədlik dis­serta­si­yası müdafiə etmişdir. La­kin sonralar bununla kifa­yət­lənmə­miş, 1972-1975-ci illərdə ye­nidən İraqda olarkən mate­ri­al­ları ge­nişləndirmiş və bizim di­alektologiya şöbəsinin xahişi ilə əsə­ri yeni materiallar əsasında zənginləşdirərək 2003-cü il­də «Kərkük dialektinin fonetikası» ki­tabını çap etdirmişdir.
Qəzənfər Paşayev doktorluq işi ilə ədəbiyyat sahəsinə keç­­­sə də, dilçiliklə əlaqəsini kəsməmiş, topladığı materialları bi­­zim şöbəyə təqdim etmiş və onun materialları əsasında Nə­si­mi adına Dilçilik institutunun dialektologiya şöbəsi «İraq-türk­man ləhcəsi» kimi qiymətli əsər yazıb çap etdirmişdir. Əsərin bir bölməsinin müəllifi Qəzənfər Paşayev özüdür.
Saitlərin, samitlərin və fonetik xüsusiyyətlərin geniş və də­­qiq təsviri göstərir ki, İraq-türkman əhalisi yad dillər dai­rə­sində öz orijinal arxaik xüsusiyyətlərini daha çox qoruyub sax­lamışdır. Bununla yanaşı, ayrı düşdüyü bir neçə əsrlik müddət­də Azərbaycan dilinə məxsus əsas fonetik xüsusiyyətləri də qoru­muşdur. Bu müddət ərzində türk dili təsiri altında olsa da, milli keyfiyyətlərinə zədə toxundurmamışdır. Bu hal yerli türk­man əhalisinin dilə son dərəcə həssas münasibəti ilə bağ­lıdır. Əhali öz dilini sevir və qoruyur:
Dilim-dilim;
Kəs qovun dilim-dilim.
Mən dilimnən vaz keçməm,
Olursam dilim-dilim.
Müəllif müasir səviyyədə dilin fonetik quruluşuna daxil olan bütün məsələlər üzrə türkman-Azərbaycan əhalisinin dili­nin elmi təsvirini vermişdir. Əsərin mühüm keyfiyyətlərindən biri də mo­noqrafiyanın sonunda verilən lüğət və dialekt materi­alları­dır. Azərbaycan ədəbi dili və dialekt leksikası ilə müqa­yi­sə etmək, oxşar və fərqli xü­susiyyətləri üzə çıxarmaq üçün bu lü­ğət geniş imkan verir.
Yaşlı adamlardan toplayıb əsərə daxil etdiyi  toy adətləri, söhbətlər, lətifələr, tapmacalar, bəddualar, yemindlər, atalar söz­ləri, sazlamalar, salamlamalar, bayatılar əhalinin nitq xü­susiyyətləri barədə aydın təsəvvür yaradır. Şivə material­ları  içə­risində bütün türkologiya üçün yeni olan feli bağla­m­aların təsriflən­məsi kimi nadir xüsusiyyətlər də vardır.
«Seçilmiş əsərlər»in ikinci və üçüncü cildlərinə  Qə­zən­­fər Paşayevin  məqalələri daxildir.  Müəllif bu məqa­lə­ləri «Di­limiz-varlığımız», «Qürur duyduğum tarixi şəxsiy­yət­lər», «Çağ­daş dilçilərimizin yaradıcılığından etüdlər», «İn­gilis dili­nin tədrisi problemləri», «Könüldən könülə yollar gö­rü­nür», «Borcumuzdur bu ehtiram» başlıqları altında toplamış­dır. Əs­lində, başlıqlar elə qurulmuşdur ki, kitabı ələ alan kimi mü­əl­lifin nədən danışacağı məlum olur.
Mən uzun illər dostluq və yoldaşlıq şəraitində, bir-biri­mi­zin yazılarına nəzər saldığımız, iş üslubuna diqqət yetirdiyi­miz vaxtlarda Qəzənfər müəllimin bir xüsusiyyətinə yaxşı bə­ləd olmuşam. O, ürəyindən gəlməyəni yazmaz. Yazdığını ürək­dən yazar. Tədqiqat obyektini yaxşı öyrənməyincə yazmaz. Və nə­hayət, şişirtməyə çalışmaz – düzü düz, əyrini əyri yazar. Bun­lar tədqiqatçı üçün mühüm keyfiyyətlərdir. Onun qeyd etdiyim başlıqlar altında verdiyi məqalələrin hər hansı birini oxumaqla bu keyfiyyətləri müşahidə etmək mümkündür.
«Dilimiz-varlığımız» bölməsində «Kitabi-Dədə Qor­qud», «İraq-türkman ləhcəsi və ədəbi dilimiz», «Azərbaycan di­li­nin qərib dialektləri» (İraq-türkman ləhcəsi və Dərbənd dia­lekti haqqında), «ABŞ-da Azərbaycan dilinə dair araşdır­ma­lar», «İraq-türkman tarixinə və dialektinə bir baxış» kimi çox mü­hüm mövzulara həsr olunmuş məqalələr verilmişdir. Bu­radan və yeddi cildin yarıya qədərini təşkil edən İraq-türkman  əhalisinin dili, folkloru, tarixi, məişəti barədə yazılardan gö­rün­düyü kimi, iki sözünün biri İraq-türkman sözüdür. Elə buna görə də AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev Qə­zənfər Paşayevi «Azərbaycan kərkükşünaslığının banisi» ad­lan­­dır­maqda tam haqlıdır. Prof.T.Hacıyev ikinci cildə (redak­tor­ları Ağamusa Axundov, To­fiq Hacıyev, Mustafa Arqunşah, rəyçiləri Qəzənfər Kazı­mov, Məhərrəm Məmmədli) bu ad al­tında dəyərli bir ön söz yazmışdır. Müəllif burada bölmələrdən birini M.Ka­zımbəy, M.F.­Axundov, M.Şi­rəliyev kimi görkəmli şəxsiy­yət­lərin yara­dıcılığına həsr etmişdir. «Türkologiya elmi­nin ifti­xarı» başlığı al­tında T.İ.Ha­cı­yevdən danışmışdır. «Kö­nül­dən kö­nülə yollar gö­rünür» böl­məsində İraq azərilərindən, Kərkük bayatı, tap­ma­ca və ləti­fə­lərindən, Bağdad səfərindən, Füzuli­nin məzarı ilə bağlı hə­qi­qətlərdən, İraq – Azərbaycan ədə­bi əla­qələrin­dən, iraq­lı şəhid­lərdən, həsrət – vüsal yolla­rın­dan, qan və qələm qar­daş­ların­dan danışılır, müəllif o qədər «İraq», «İraq» deyir ki, bir növ türk­manlaşır və «İraq bizə iraq de­yil» qənaə­ti­nə gəlir.
Q.Paşayev məqalələrini 3-cü cilddə (redaktoru Bəkir Nə­­bi­yev, rəyçi və ön sözün müəllifi Nizaməddin Şəmsizadə) da­vam etdirmişdir. Bu bölmə «Xilaskar» adı altında Heydər Əli­yevə həsr olunmuş maraqlı məqalə ilə başlayır. Sonra «Səməd Vur­ğunun dünya şöhrəti», «İki zirvədən biri» (Rəsul Rza), «Sağ­lığında heykəlləri ucaldılan fenomon insan» (İhsan Doğ­ra­ma­cı), «O, xalqın ümid və güvənc yeri idi» (Bəxtiyar Vahab­za­də), «Abbas müəllimi anarkən» (Abbas Zamanov), «Ədəbiy­yat­şü­naslıq elmimizin iftixarı» (Yaşar Qarayev), «Son şəkil» (Əzi­zə Cə­fər­zadə), «Həlim xasiyyətli, dağ vüqarlı» (Qasım Qasım­za­də), «Hüseyn Arif dünyası», «Fərman Kərimzadə», «Azərbay­ca­nın qoca qartalı» (Mikayıl Azaflı), «Son görüş» (Əl­fi Qası­mov), «Heyf sənə, Bəndəroğlu» və s. kimi dəyərli şəx­siyyətlərə, elm və sənət adamlarına  həsr olun­muş bir-birin­dən gözəl məqalələr gəlir. Bunlar hörmətli Q.Pa­şa­yevin ya­Ra­dıcılıq və ünsiyyət dairəsinin genişliyini göstərir.
«Seçilmiş əsərlər»in dördüncü cildi də başdan-başa gör­kəmli elm və sənət adamlarına həsr edilmiş məqalələrdən iba­rətdir. Müəllif bunları da böyük ustalıqla qruplaşdıra bil­miş­dir. Məqalələr «Nəsimi haqqında araşdırmalar», «Ədəbiy­yat­şünas­lıq elmimizin patriarxı» (Bəkir Nəbiyev), «Sevərək yaşa­yan­lar» (Elçin Əfəndiyev, Allahşükür Paşazadə, Vasim Məm­mə­dəliyev, Budaq Budaqov, Nəriman Həsənzadə, Azad Nə­biyev, Bəhlul Abdulla və b.), «Ədəbi-elmi əlaqələr», «Kər­kük dün­ya­sı», «Ürəkdən gələni deməsən olmur», «Sazlı-sözlü dün­ya­mızdan» ümumi başlıqları altında toplanmışdır. Eyni elm və sənət ustası haqqında məqalələri elə birləşdirmişdir ki, mono­qra­fik xarakter daşıyır. Burada «Ədəbi-elmi əlaqələr» başlığı  a­l­­tında Kərkük şairləri Əbdül­xalıq Bayatlı,  Nəsrin Ərbil, Mə­həmməd Sadiq, Nihad Ağqo­yun­lu və başqaları haqqında ma­raq­lı məlumat vardır. Qabilin «Nə­simi» poeması, 52 il ömür sür­­müş dünya ədəbiyyatının mö­cü­zəsi Şeksprin fani və əbədi dünyalardakı yurdu, Amerikada Azərbaycan mədəniyyət və ədə­biyyatına, Azərbaycan tarixinə maraq, Rəsul Rza poe­ziya­sına daxili ehtiyac, müəllifin «qibtə ediləsi həqiqət salnaməsi» adlandırdığı Dümanın «Qafqaz» sə­ya­hətnaməsi, Azərbaycan – İran ədəbi əlaqələri və s. haqqında maraqlı məqalələr də bu cil­də daxildir. Bu cilddə müəllif «Kərkük dün­ya­sı» başlığı atın­­da yenə əzəli mövzusuna baş vurmuş, Kərkük folklor­şü­nas­ları, «Uzaq və doğma ellər», «Bitib-tükənməyən in­ci­lər xə­zi­nəsi» kimi iri məqalələr yazmışdır. Salatın Əh­mə­dliyə mü­Ra­ciətlə yazdığı «Ürəkdən gələni deməsən olmur» başlığı altın­da da bir sıra qiymətli məqalələri toplanmışdır. Ki­tabın «Sazlı-söz­lü dünyamızdan» başlığı altında müəllif ozan-aşıq sənətinə üz tutmüuş, Mikayıl Azaflı başda olmaqla aşıq sə­nətinə xalq sevgisindən söz açmışdır.­
«Seçilmiş əsərlər»İn beşinci cildi Q.Paşayevin çox geniş el­mi-ictimai fəaliyyət dairəsinə malik olduğunu göstərir. Bu cild müəllifin müxtəlif mətbuat orqanlarında, radio və tele­vizi­ya verilişlərində ictimai–elmi çıxış və söhbətlərini, görkəm­li şəx­siyyətlərlə məktublaşmalarını,  müsahibələrini, namizədlik və doktorlu dissertasiyalarına verdiyi rəyləri əhatə edir. Bütün yazılar istedadlı bir insanın elmin, mədəniyyətin inkişafına yo­rul­maz xidmətini əks etdirir. Neçə nəfərin qolundan tutub, on­ların elmlər doktoru olmasına xeyir-dua verib. Nə qədər gör­kəm­li şəxslərlə məktublaşıb. Çıxışlarının dairəsini məhdud­laş­dırmaq, qəlibə sal­maq qeyri-mümkündür: elm də var, xa­tirələr də, mərhum böyük adamlarımıza hörmət və mə­həbbət də.
Qəzənfər Paşayevin şöhrətinin bir qolunu da onun tərtib­ləri, tərcümələri təşkil edir. Kərkük folkloruna həsr olunmuş (ba­yatılar, mahnılar, atalar sözləri, tapmacalar, «Arzu-Qəmbər das­tanı və s.) onlarca kitab tərtib və çap etdirmişdir. Bən­dər­oğ­lu, Hüseyn Arif, İsi Məlikzadə, Tofiq Bayram, Əlibala Hacı­za­də, Fik­rət Qoca, Bəkir Nəbiyev, Rəsul Rza, Mikayıl Azaflı və b.-na həsr olunmuş portret kitablar çap etdirmişdir. Bunların bir qismi İraqda çap olunmuşdur. Aleksandr Dümanın (Ata) «Qaf­qaz səfəri», Sula Be­netin  «Necə yaşayasan, yüzü haqlayasan», Aqata Kristinin «Ma­vi qatarın sirri», pof.İrəc Parsinecadın  «M.F.Axund­za­də­nin ədəbi tənqidi» əsərlərini orijinaldan (in­gilis dilindən) tər­cümə və çap etmişdir. Müəllifin özü haqqında da dəyərli kitablar («Bu sevda ölüncədi», «İraq bizə iraq deyil» və s.) nəfis şəkitldə, bö­­yük tirajla nəşr edilmişdir. Q.Paşayevin rus və ingilis dillə­rin­də çap olunmuş məqalələrindən seçmələr də son cildlərə daxil­dir. «İraq-türkman folklorunun janr  xüsu­siy­yətlərinin rusca tər­cüməsinin müqəddiməsində bu əsər «monumental əsər» (Ma­hir Naqib) adlandırılmışdır.
Bu əsərləri oxuduqca təkcə Qəzənfər Paşayevin elmi, ədə­­bi, ictimai fəaliyyəti barədə deyil, bütövlükdə Azərbaycan və Şərq aləmi haqqında zəngin biliklər əldə etmək olur. Mə­qalələr elə gözəl bir üslubda yazılmışdır ki, başladıqda ayrıl­maq olmur, hamısını bir nəfəsə oxumaq mümkün olma­dığı, ümu­mi yaşayış əndişələri buna imkan vermədiyi, vaxtın mü­saidə etmədiyi üçün təəssüf edirsən. Ora­sını da nəzərə almaq lazımdır ki, bunlar Qəzənfər müəllimin seçilmişləridir. O, Mi­kayıl Azaflıya və ya Nostradamusa həsr etdiyi təhlil-top­lama və tərcümə-şərh kitablarını bu əsərlərə cüzi məlumat şək­lində da­xil edib. Bəli, 70 illik ömür şərəflə yaşanıb, Qəzən­fər müəl­lim özünü yaşadacaq abidə yaradıb.
Bu əsərlərdən duyulan mühüm bir cəhət də var: Qəzən­fər Paşayev Azərbaycan xalqının tərəqqisinə, Azərbaycan mə­də­niyyətinin inkişafına sevinən, harada olur-olsun, Azərbaycan haqqında deyilənləri öyrənmək, götürmək, vətənə gətirmək, vətəni baş­qa xalqlara tanıtmaq, bir sıra unudulmaz elm və sənət sahib­lərimizi öz xərci ilə unudulmağa qoymamaq yolunda əlin­dən gələni əsirgəməyən, daim vətən sevgisi ilə yaşayan, hər yerdə (istər daxildə, istər xaricdə) bu sevgini qoruyan zəh­mət­keş və yorulmaz bir insan­dır. Onun yeddi cildliyi ömrünün 75 ilin­də Azərbaycan ədəbiy­ya­tına, Azərbaycan tarix və mədəniy­yətinə bağışladığı böyük bir töhfə, qiymətli bir xəzinədir.

Qəzənfər KAZIMOV
Professor

14.04.2012

 

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.