• Baş səhifə
  • Tərcümeyi-hal
  • Həyat və fəaliyyəti
  • Qəzənfər Kazımov - 75
  • Kitablar
  • Haqqında yazılanlar
  • Foto yaddaş
 

ŞAİR HAQQINDA XATİRƏ-DÜŞÜNCƏLƏRİM
Xəlil Rza - 80

Vaxt ötdü, zaman gəldi, Xəlil Rza Ulutürk 80 yaşa çatdı.
Xəlil Rza və yaradıcılığı haqqında çox yazılıb. Bundan son­ra da yazılacaq. Mən bu yazımda Xəlilin yaradıcılığına to­xun­maq istəmirəm. Onu bir insan kimi səciyyələndirmək, onun real təbiəti haqqında bilavasitə müşahidə etdiklərimin bir qis­mi­ni qələmə almaq istəyirəm.
Xəlil ilə 1961-ci ildən tanış idim. 1961-ci ilin bir yay gü­nün­­də gecə saat 1-ə işləmiş şair Sərdar Əsədlə Xəlilgilə get­di­yim yadımdadır. Tramvayla gedirdik. Ermənikənd ba­za­rının ya­­­nından sağa burulanda tramvayda cəmi üç nəfər idik: Sərdar, mən, bir də tanımadığımız bir oğlan. Oğlan, yəqin ki, bizi hərif hesab edib, bizə sataşmaq istədi. Sərdar qolunu bir balaca çır­ma­layankimi olub yeridi oğlanın üstünə. Sərdar sağlam və güc­lü idi, bir ne­çə il əvvəl ali məktəblər arası ştanq yarışında birin­ci yeri tut­muşdu. Oğlan Sərdarın qırımını görüb özünü tram­vay­dan atıb qaçdı. O vaxt belələri çox idi, camaatın dilində «ju­lik» adlanır­dılar.
Xəlilgilə nə məqsədlə getdiyimiz yadımda deyil. Gərək ki bacısı və qardaşı ilə olurdu.
Sonralar – 60-cı illərdə biz xeyli müddət V.İ.Lenin adına APİ-nin filologiya fakültəsində birlikdə işləmişik - o, ədəbiy­yat, mən dil kafedrasında. 1969-cu ildə o, akademiyaya getdik­dən son­ra da həmşə görüşmüşük. Mən 90-cı illərdə filologiya fakül­tə­si­nin dekanı olanda təşkil etdiyim bir çox görüşlərdə iştirak edib. Xəlilə gəl demək lazım gəlmirdi, eşidib özü gəlirdi və çox zaman mütləq çı­xış edirdi.
Xəlil lap cavan vaxtlarından – 60-cı illərdən ölkədə «na­ra­­hatlıq» yaratmağa başlamışdı. Dərsləri standart qaydalara uy­ğun keçmirdi. Proqramı pozduğu barədə şikayətlər gəlirdi. Eşi­dir­dik ki, Xəlil Füzulidən ixtisas kursu keçmək əvəzinə, Tofiq Bay­ramın, İlyas Tapdığın, Əli Kərim və başqalarının odlu şeir­lərinin təbliği ilə məşğuldur. Deyəndə də deyir ki, Füzulini çox keçiblər, indi də bunları öyrənmək lazımdır.
1958-ci ildə Mikayıl Rəfili vəfat etdikdən sonra Feyzulla Qasımzadəni ədəbiyyat kafedrasına müdir qoymuşdular. Ətraf­dan, yuxarılardan Mirzəni (F.Qasımzadəni) qızışdırmağa başla­yır­lar ki, Xəlil özbaşınalıq edir, proqrama əməl etmir, onun dərs­lərinə nəzarət etmək lazımdır.
Xəlil yenə adəti üzrə odlu-odlu həmin şeirlərdən dediyi vaxt Mirzə girir içəri. Xəlil Mirzəni görən ki­mi, yeriyib cəld qucaqlayır, tələbələri ayağa qaldırır, qabağa gəti­rib «bizim ata­mız, bizim müəllimimiz, bizim ustadımız…» tipli söz­lə­rlə elə tərifləyir ki, Mirzə qəhərlənir, Mirzəni ağlamaq tutur və:
-Xəlil, yaxşı keçirsən, elə belə keç, deyilənlərə baxma, - deyib çıxıb gedir.

 İnstitutun rəhbərliyi Xəlilin hərəkətlərinə döz­mürdü. İz­ləyirdilər. Xəlil də bunu bilirdi, onları «həpənd» ad­lan­dırırdı.
Belə bir vaxtda dedilər ki, Xəlil mətbuat aləmində də na­razılıq törədib. Gərək ki, dövlətə toxuna bilən bir şeirini mər­kə­zi mətbuatda çap etdirə bilmədiyi üçün «Şəki fəhləsi»də çap etdir­mişdi və bunu bilmişdilər. Bütün bunlar toplandı, Xəlili ins­ti­tut­dan, auditoriyadan uzaqlaşdırdılar.
APİ-də işlədiyi dövrdə Xəlili ən çox məşğul edən mə­sə­lələrdən biri 5 qəpik məsələsi idi. Əlində portfel olurdu, içəri­sin­də xır­­da pullar. İstər APİ-də, istər küçədə, istərsə də Yazı­çı­lar İtti­fa­­qında hər kəsin dilindən bir rus sözü eşidirdisə, dər­hal onu 5 qə­pik cərimə edirdi. APİ-də cərimələmədiyi adam qal­mamışdı. Heç kəs də boyun qaçıra bilmirdi. Əksəriyyət bu­na adi bir əy­ləncə kimi baxırdı. Amma təsəvvür etmək lazımdır ki, Sovet ha­kimiyyətinin belə güclü bir dövründə Xəlil rus di­linin hegemon roluna qarşı mübarizə aparırdı.
Müxtəlif üsullardan istifadə edirdi. Çox vaxt elə suallar qo­yurdu ki, cavab cümləsində əksərən yabançı söz işlədirdilər. Ca­maatda xeyli ayıqlıq yaranmışdı. Xü­susən Xəlil olan yerlər­də hamı nitqinə fikir verirdi. Maraqlı əh­valatlar da olurdu.
Sərdar Əsədlə yaxın idilər. Bir gün rastlaşırlar, hal-əh­val­dan son­­ra soruşur ki, heç Mokvaya gedib gəlirmi. Sərdar bildi­rir ki, bir neçə ay əvvəl gedibmiş. Onda Xəlil soruşur:
-Necə getdin, necə gəldin, yol səni yormadı ki?
Sərdar deyir:
Yox, pis olmadı. Poezd ilə getdim, samalyot ilə gəldim.
Xəlil cəld deyir:
- 5 qəpik poezd, 5 qəpik də samalyot üçün!
Sərdar çıxarıb 10 qəpik verir, amma 5 qəpiklər onu yan­dı­rır. Ya­dın­dan çıxarmır.
Vaxt ötür, bir gün yenə rastlaşırlar. Xəlildə bir adət var idi: yadında qalıb-qalmadığını yoxlamaq üçün (bəzən də təkrar et­diyini özü unudurdu) həmin sualları yenə verir. Sərdar öz-özü­­nə deyir: «Aha, indi əvəzin çıxmaq lazımdır» və cəld deyir:
-Hə, hə, getmişdim, bu günlərdə gəlmişəm.
-Necə getdin, necə gəldin? – deyən kimi Sərdar özünü şax tutub deyir:
-Atınan getmişdim, eşşəyinən gəlmişəm. Necədir sənin üçün?
Xəlil cəld çıxarıb Sərdara 15 qəpik verir və deyir:
-Beşi at, beşi eşşək üçün, beşi də sənin milliliyin, milli nəq­liyyat vasitələrindən istifadə etdiyin üçün.
Dilimizdə çoxişlənən fortuçka, rajok kimi sözlərin nəfəs­lik, dabankeş sözləri ilə əvəz edilməsində ədəbiy­yatı­mı­zın Rə­sul Rza – Xəlil Rza qolunun xüsusi xidməti vardır.
Xəlil təkcə rus sözlərinə qarşı deyildi, ərəb və fars dillə­rin­dən alınmalara da nəzər salırdı. Bir gün söhbət zamanı təəc­cüb sözünün iki sait, iki samitlə dilimizin qaydalarını pozduğu­nu söylədi və dərhal onu da qeyd etdi ki, bu sözün yaxşı cəhəti də var: iki əə, iki cc səslərini tələffüz edərkən bəbəklər bö­yü­yür, əya­ni təəccüb yaranır.
Xəlilin öz gözləri də böyük idi və emosio­nal anlarda daha da böyüyürdü.
Xəlil mənəvi cəhətdən sağlam olduğu kimi, fiziki cəhət­dən də çox sağlam idi. Yəqin ki, həbsxana şəraiti onun ömrünü azaltdı. Qışın soyuğundan, qarından, çovğunundan, işdən, ağır­lıq­dan pəysin­məz­di. Onun soyuq havada, qarda, buzda dənizə ge­dib çimdiyi ba­rədə müxtəlif lətifələr var. Mənim özüm də bu­nun şahidiyəm. Çovğunlu bir gündür. Qar elə yağır, göz aç­maq müm­kün deyil. Güclü şimal küləyi qarı adamın üzünə qır­ma kimi çırpır. Əlində sumka, keçmiş 26-lar bağında (Səbayel) rastlaşdıq. Görüşə-görüşə dedi:
-Gedək?
-Hara? – dedim.
-Dənizə, çimməyə.
Ətim ürpəşdi. Mən qaçırdım ki, avtobusa minib evə ça­tam:
- Belə vaxt dənizə getmək olar? – dedim.
-Mən getdim, - dedi.
Və həqiqətən də gedirdi.
O dövrdə əksər rayonlarda qiyabiçilər üçün məsləhət mən­­təqəsi var idi. Müxtəlif ixtisaslar üzrə beş-altı müəllim bir gün əvvəl gedirdik, haradasa bir yerdə gecələyib, səhəri günü bir neçə sa­at qiyabiçilərlə söhbət edib, işimizi qurtarır, sonra şə­­həri, rayonu gəzib gecə qatarı ilə qayıdırdıq Bakıya. Belə vaxt­la­rın birində bizim rayona getdik. Xəlil də bizimlə idi. Xə­lilin xatirinə ­mən yoldaşları apardım kəndimizə, xala­mın əri Alı­şan kişi yax­şı bir erkək kəsdi, yoldaşlar dörd-beş saat yeyib içməklə məş­ğul oldular. Bir müddət sonra mən başqa rayona get­mə­li oldum, Xəlili yenə bizim rayona göndərdilər. Gedirlər, ge­cə saat 11-də (23-də) stansiyada qatardan düşürlər. Maşın, av­tobus olmadığı üçün Xə­lil yoldaşlara deyir ki, gəlin piyada gedək. 15-20 km yolu pi­ya­da necə getmək olar? Yoldaşlar eti­raz edirlər.
Xəlil baxır ki, divarın dibin­də bir qoca kişi oturub. So­ru­şur:
-Kişi, niyə oturmusan?
Kişi deyir:
-Ay oğul, rayona gedəcəyəm, ağır yüküm var. Gözlə­yi­rəm ki, səhər açılsın, avtobus gəlsin, minim gedim.
Xəlil kişinin həybəsini götürüb salır çiyninə və de­yir:
-Dur gedək, yükünü mən götürürəm.
Ay işığında gəlib çıxırlar Cəbrayıla.
Sonrakı gedişlərin birində Xəlil Şəkiyə getməli olmuşdu. O zamanlar aramızda belə bir qayda yaranmışdı ki, yaxın yol­daşlar müx­təlif rayonlara gedib qayıtdıqdan sonra təzə, məzəli söh­bət­ləri, lətifələri bir-birimizə danışardıq. Yol boyu o baş, bu ba­şa lağlağı, lətifə, zarafatlarla vaxt keçirərdik. Xəlilgil Şə­ki­dən qayıdan günün səhəri onunla gedənlərdən biri ilə gö­rüş­düm. Dedi ki, Xəlil yenə bir lətifə yaratdı.
-Söylə, - dedim.
Danışdı ki, qiyabiçilərlə söhbəti qurtardıq, çıxdıq şəhərə. De­dik gedək Şəkinin bazarını gəzək. Başladıq gəzməyə. Biri yağ soruşur, biri pendir, şor soruşur. Bir də gördük Xəlil bir di­lənçini yaxalayıb yüksək pafosola deyir:
-Necəsən, kişi?
Dilənçi deyir:
-Sağ ol, ay oğul. Bir az xəstə kimiyəm.
Xəlil yüksək ahənglə deyir:
-Yeməyinə fikir ver!
Dilənçi deyir:
-Xəstəyəm, əməlli yeyə bilmirəm, iştaham yoxdur.
Xəlil bu dəfə daha yüksək pafosla deyir:
-Səhər-səhər idman elə!
Bunu mənə danışdılar. Təqribən yarım saat sonra Xəlil ins­titutun koridorunda sum­ka əlində çıxdı qağağıma. Dedim:
-Deyirlər, yenə bir lətifə düzəltmisən.
Dedi:
-Lətifə-zad yoxdur.
Dedim:
-Var. Camaat yağ, şor soruşanda sən də bazarda di­lən­­çini yaxalamısan ki, «Necəsən kişi»? «Yeməyinə fikir ver!»…
Mən bunları deyəndə Xəlil əlindəki sumkanı bir balaca yelləyib dedi:
-Dimişəm! Dimişəm! Hələ onu da dimişəm ki, səhər-sə­hər idman elə, kopəy oğlu!
Baharın yaxşı günlərindən biri, bazar günü idi. Evdə otur­muşdum. Saat 12 olardı, darvaza döyüldü. Açdım: Xəlil idi, bir də Firidun müəllim. Maşina baxdım – Fi­rəngiz xanımı gördüm. Mən əyilib Firəngiz xanımla da görüşmək istədikdə onlar mA­şının qapısını açıb məni bir növ basdılar maşina.

-Ədə, bir imkan vaerin paltarımı dəyişim.
-Belə də yaxşıdır, - dedilər. Maşını tərpətdilər.
Firidun bizim (APİ-nin) riya­ziy­yat fakültəsinin dekanı idi. Yaxşı riyaziyyatçı və yaxşı bir oğlan idi. Firidun Şimşək imzası ilə şeirlər yazırdı. Bir jiqulisi var­­dı – fikir vermirdi. Bəlkə də Qa­bil kimi. Firidun da Bakıda ma­­şını vurmadığı divar qalma­mış­dı. Maşının salamat qapısı, q­a­­nadı yox idi. Sürdü düz Xırda­la­na, yerini bilirmişlər, böyük bir ağacın kölgəliyində düşdük. Ya­xınlıqda çayxana da var idi. Fi­ridun baqajniki açdı, iri bir toğ­lu çıxarıb saldı ye­ri. Ya­xın­lıq­da­kı kişiləri çağırıb kəsdirdi, soy­durdu. Biz yerdən palaz salıb əy­ləş­dik və 4-5 saat yemək-iç­məklə, söhbətlə məşğul olduq. O za­man mən Xəlilin Firən­giz xanıma necə məhəbbətlə, ehti­ram­la yanaşdığının şahidi ol­dum. Konkret il yadımdan çıxıb, o vaxt­lar Kəlbəcərdən Şamil Əs­gərov – Şa­mil Diridağ dustaq idi. Firidun mü­əl­­lim tez-tez yu­­xarılara mək­tub­lar yazır və onun azadlığa bu­ra­xıl­masına çalı­şır­dı. Şamili mən də tanıyırdım, mənimlə də yaxın idi. Mən İs­tisuda olan­da hər dəfə gəlib məni tapar və hər dəfə də bir ban­ka bal gətirərdi. Bir dəfə təmiz bal tap­maq üçün onunla bir­­lik­də bütün Gəlbəcər şəhərini gəzmişdik. Şamil balı daha çox xiyarla yox­layırdı. Mən orada öyrənmişdim ki, xiyarla istə­ni­lən qədər bal yemək olur və heç bir zərər vermir. Şamil son­ra­lar da mənimlə xeyli məktublaşıb və əksərən məktubları mən­­zum olardı.
İndi yenə söhbət Şamildən düşdü. Şamil ilə Firidunun çox­lu deyişmələri vardı. Firidun deyişmələrdən xeyli danışdı, xeyli şeir dedi. Dedim ki,Firidun, sə­nin Şamilə münasibətlərin, onun yolunda bu qədər zəhmətə qat­laşmağın, çalışmağın mənə keçmiş dastanları xatırladır. Si­zin aranızda olan münasibət bir dastandır.
Xəlil də, Firidun da gözəl şeirlərindəen oxudular, 4-5 sa­a­tın necə keçdiyini hiss etmədik. Sonra Xəlilgili gətirib evlə­rinə qoyduq (Beşmərtəbə tərəfdən Mərkəzi Univermağa uza­nan kü­çənin ikinci mərtəbəsində olurdular), getdik evə. Sə­hə­ri gün ins­titutdan çıxarkən Firidun mənə bir kaset verdi. Gə­tirib oxut­dum, məlum oldu ki, Firidun Şimşək və Şamil Də­li­dağ das­tanı­nın beşinci seriyasıdır.
Xeyli sonralar eşitdim ki, nədənsə, bizim Sərdar Əsəd ki­mi, Firidun Şimşək də özünü asıb öldürmüşdür.
86-cı il idi. Uşaqları da götürüb nədən ötrü isə Moskvaya get­­məli idim. Bir gün əvvəl «Yazıçı» nəşriyyatında oldum, nəsr şöbəsinin müdiri Elçin Cabbarovun stolunun üstündə İsa Hü­­seynovun «İdeal» romanının siqnal nüsxəsini görüb Elçin­dən istədim. Verdi. Moskvada bir həftəyə qədər qaldım. Orada oxu­­yub rəy yazdım. Gələn kimi «Ədəbiyyat və incəsənət» qə­ze­tinə verdim. Elə həmin həftə çıxan nömrəyə salmışdılar – tə­ə­ccüb etdim. Amma əsərin «Qapalı dünya» hissəsi ilə bağlı yaz­­­dıqlarımı Nəriman müəllim – qəzetin redaktoru Nəriman Hə­sənzadə nədənsə ehtiyat edib ixtisar etmişdi. Bir-iki cümlə qalmışdı («Qapalı dünya» ilə bağlı geniş yazımı «Sənət dü­şün­cələri» kitabımda vermişəm). Təəssüf elədim. «Yazıçı» nəşriy­y­a­tında həmin günlərdə Aqil Abbas da mənə irad tutdu ki, «Qa­­­­palı dünya» haqqında az yazmışam. Elçin ixtisar edildiyini bildirdi. Bir neçə ay sonra «Bakı» qəzetində Xəlil Rzanın mə­qa­ləsi çıxdı. Məqalə bütövlükdə əsərin «Qapalı dünya» hissə­si­nə həsr edilmişdi və xoşuma gəldi. Ruh etibarilə eyni düşün­cə­lərdə idik. Xəlil ilə görüşəndə de­dim:
-Afərin, mən çap etdirə bilmədim, amma sən elədin.
Dedi:
-Hər halda, bu roman haqqında qaranquş yazı səninkidir.
Xəlil bir cəhətinə görə bu 70 ildə tanıdığım bütün zi­yalı­lar­dan fərqlənir. Biz hamımız az-çox xatirə-gündəliklər yazı­rıq. Lakin vəziyyət belədir ki, çox ardıcıl yazsaq, gündüz ba­şı­mı­za gələnləri axşamlar boş vaxtlarda qələmə alırıq. Çox za­man üç gündən bir, bəzən həftədə, ayda bir. Amma Xəlil belə de­yildi. Xəlilin lap tanınmağa başladığı ilk gündən əlində və ya sumkasında dəftərxana dəftəri kimi uzun, qalın dəftər olar­dı və hər an, hər dəqiqə iki daşın arasında da olsa, eşit­dik­lə­rini, gör­düklərini köçürərdi dəftərə. Ayaqüstü, oturulu – fərqi yox idi. Artıq 60-cı illərin sonlarında balaca miniatür bir yazı ma­kinası al­mışdı, həmişə öz qovluğu ilə əlində olar, dəyərli bir söhbət olan kimi, açıb göçürərdi.
Bir gün Xəlili, məni və Mirzə Cavadı (Cavad Bağırovu) 90 nəfərlik bir birləşmədən qəbul imtahanı götürməyə göndər­dilər. Yazılı imtahan idi. Cavad müəllim başladı yazının necə apa­rılacağı barədə məlumat verməyə. Mən lövhəni təmizləyib iki variantda 6 mövzunu lövhəyə yazdım. Xəlil isə yazı maki­na­sını çıxarıb stolun üstünə qoydu və yazmağa başladı: səhər ic­lası necə keçmişdi, kimlər danışdı, müəllimləri KQB ilə necə qor­xutdular, indi biz haradayıq, kimlərlə imtahan götürürük, mövzular nədir və s.
O dövrdə kinoteatrlarda tək-tək yaxşı filmlər gedirdi, so­rağı bütün şəhərə yayılırdı və harada olsa, gedib baxırdıq. Eşit­dim ki, belə bir film Nərimanov metrosunun yaxınlığındakı ki­no­teatrda gedir, getdim bilet aldım. Seansın başlamasına 5-10 də­­qiqə qalmış girdim içəri. Foye adamla dolu idi, amma, nə­dən­­sə, hamı əyilib ortalığa baxırdı. Yaxınlaşıb gördüm ki, xəlil makinanı açıb gündəlik yazır, camaat da toplaşıb təəccüblə ona baxır.
79-cu ilin 8 aprelində Ə.Dəmirçizadə qəflətən vəfat etdi. Biz çox mütəəssir halda hər gün onun evinə yığılır, yas saxla­yırdıq. Üçündən sonra cümə günləri. respublikanın hər yerin­dən, hər sahədən ziyalılar gəlirdi. Saatlarla oturur, elmdən-sə­nət­dən söhbət edirdik. Bir gün mən Xəlil ilə üz-üzə oturmuş­dum. Dedim:
-Xəlil, sənin «Krasnodon qartalları» poeman mənim çox xo­şuma gəlir (poema 1967-ci ildə çap olunmuşdu).
Məsələ belə idi ki, 2-ci Dünya müharibəsi dövründə Kras­­nodon şəhərində bir qrup məktəbli – Oleq Koşevoy, İvan Zem­nuxov, Seryoja Tülenin və başqaları gizli komsomol təş­ki­la­tı yaratmış, almanlara qarşı təxribatla məşğul olmuş, alman­la­ra böyük ziyan vurmuşdular. Almanlar axır ki, onları tapa bil­miş, bir qismini asmış, bir qismini qazda boğmuşdular. A.Fa­de­ev onların haqqında «Gənc qvardiya» adlı böyük bir roman yaz­­mış, roman əsasında çox təsirli bir film çəkilmişdi.
Xəlil tədqiqat aparıb müəyyənləşdirmişdi ki, həmin qvar­diyaçılardan biri - Əli Dadışev (əslində, Əli Dadaşov) azərbay­can­lı olmuşdur. Əli Dadaşovun igidliyinə belə bir poema həsr etmişdi.
Poema qəhrəmanlıq mövzusuna həsr olunduğundan pro­lo­qu qəhrəmanlıq motivlərinin gücü ildə xüsusi seçilirdi.
Dedim:
-Xəlil, deyirsən ki, bu əsəri 17 dəfə yazıb, 17 dəfə güllə­lə­­­misən. Yəni yenidən işləmisən. Ona görə də çox gözəldir. L.N.­Tolstoy belə edərdi.
Dedim:
-Proloqun çoxunu əzbər bilirəm. Qulaq as, bir-iki bənd deyim:

Yağışda, tufanda, boranda, qarda
Cəsarət heç nəyi almır eyninə!
Mənə elə gəlir Mağaralarda
Pələnglər dağları geyir əyninə!

Afərin, Xəlil, gözəldir! Gözəl tapıntıdır!

Alovu, atəşi yalnız yerdə yox,
Qanında bəsləyir bu el, bu məkan.
Babəklər yetirmiş Azərbaycanın
Başqa bir adı da Azərbabəkan!

Afərin! Yenə qulaq as:

Qəhrəman deyilmi bu Yer kürəsi,
Qanında dəryalar, çaylar çağlayır!
Min ildir, bəlkə də milyon ildir o,
Bəşəriyyət boyda külfət saxlayır!

Mən bunları dedikcə Xəlil yazırdı. Qələmlə yazırdı. Bə­zən dəyişiklik edirdi. Mən «Min ildir, bəlkə də milyon ildir» de­­­mişdim, Xəlil yazanda «milyard ildir» yazdı, yəni yenə işlə­yir, bəyənmədiklərini yenə dəyişirdi…

Xəlil Rza Ulutürkün üsyankar poeziyası, zəngin tərcümə ya­radıcılığı var. Onlar onu daim yaşadacaqdır. Və eyni zaman­da gələcək nə­sillər XX əsrin ikinci yarısına dair cəmiyyətin re­al vəziyyəti barədə müasir mətbuatın saxta yazılarından de­yil, daha çox onun gündəliklərindən məlumat alacaqdır.

Sultan Qəzənfər Kazım
08.12.2012

 

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.