• Baş səhifə
  • Tərcümeyi-hal
  • Həyat və fəaliyyəti
  • Qəzənfər Kazımov - 75
  • Kitablar
  • Haqqında yazılanlar
  • Foto yaddaş
 

IX ƏSRİN ANADİLLİ ALBAN ABİDƏSİ VƏ ONUN DİLİ HAQQINDA

 

Qeyd etdiyimiz kimi, Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin tə­­şəkkülü ilkin feodalizm dövrünün məh­suludur. «Kitabi-Dədə Qor­­qu­d»un son formalaşması bundan son­­rakı dövrə - VI-VIII əsr­lə­rə aiddir. Bu zəngin abidə Azər­bay­can şifahi ədəbi di­li­nin misilsiz nümunəsidir. XII əsrdən bu tərəfə ədəbi dilimi­zin in­ki­şaf yolunu əks etdirən materiallar çox zəngindir. Ara­da olan boş­lu­ğu doldurmaq üçün illərdən bə­ri apa­rılan axta­rış­lar tədricən nə­ticə verməkdədir. Doktor Bəx­ti­yar Tuncayın axtarışları nə­­ticəsində IX əsr Azərbaycan-alban di­linin ma­raqlı bir nümunəsi əl­də edilmişdir. Bu, abidənin qo­ru­nub saxlanmış bir fraqmenti olsa da, dövrün dil xüsusiy­yət­lə­rini araşdırmaq üçün xeyli material verir.
Tarixi sənədlərdə Səhl ibn Sumbatın adına rast gəldikcə daim məndə nif­rət hissi oyanıb. Babəki ələ verməsə idi, Babək Bizansdan kömək alıb ərəbləri Azərbaycandan geri oturtsa idi, bizim tale­yi­miz ta­mam başqa cür olardı. Ən azı abi­dələrimiz qo­runub sax­lanmış olardı və biz 1-ci minilliyə dair ana dili – Azər­­bay­can türk dili ilə bağlı bu qədər məlumat qıtlı­ğı ilə üz­ləş­məzdik. Amma Sun­batın nəvəsi Qriqor Hammam xe­yirxah işlər görüb - Frakiyalı Di­­onisinin qrammatikasını ana di­­linə tər­cümə edib, «Suallar və Cavablar» adlı traktat yazıb (856-865). Qri­­qo­run adının qeyd edil­diyi iki abidə tapılmışdır. B.Tun­cay yazır: «Arranın bö­yük bir hissəsini özünə tabe edən Qri­­qor, özün­dən əvvəlki Xaçın knyazlarından fərqli olaraq, Kam­bi­senanı da ida­rə edir­di. O, qı­sa müddətə olsa da, ləğv edil­miş Al­ban dövlətini bər­pa et­miş­di». (bax: 1) Bu barədə Kalankatuklu Moi­seyin əsərində də aydın məlumat var. Moisey yazmışdır: «Bun­dan sonra mö­min knyaz Hammam  tə­nəz­­zül etmiş Alba­niya çarlığını  bər­pa etdi, necə ki Aşot Baqra­tu­ni  bunu Ermə­nis­tan­da etmişdi. Bu iki hadisə eyni vaxtda ol­muş­­du. Həmin Ham­mam… bütün ka­sıb və ehtiyacı olanlar üçün bö­yük işlər görür­dü». (2,213)
B.Tuncay V.Qukasyanın «Azərbaycan dili tarixinin öyrə­nilməsində Zaqafqaziya mənbələrinin rolu» adlı məqaləsinə is­tinadən yazır ki, «…tarixi mənbələrdən məlum olduğu kimi, 866-cı ildə Albaniyanın ilk hökmdarlar sülaləsi hesab edilən  Aran­şahlar nəslinə mənsub  Qriqori Hamama (Kalankatukluda da, son mənbələrdə də bu ad müxtəlif şəkildə – Qriqor Hammam, Qriqori Hamama və s. formalarda yazılır) adlı  xristian bir bəy ərəblər tərəfindən vaxtilə babası Səhl ibn Sumbata  hə­diy­yə edilmiş torpaqlarda (Şəki ətrafındakı geniş ərazilər) (Şəki-Qızılcıq əraziləri – Q.K.) özü­­nü Arran, yəni Albaniya xanı elan etmiş və dərhal da öz xan­lı­ğın­da xris­tian albanlar üçün  məktəblər açdırmış və özü də həmin mək­təblərdə uşaq­lara tədris edilmək üçün  alban dilinin qram­ma­tikasına aid bir kitab da yaz­mışdır». (1) B.Tuncay qeyd edir ki, A.S.Sumbatzadə və R.Gö­yüşovun təsdiq etdiyi kimi, «Fra­ki­ya­lı Dionisinin «Qram­ma­­tika»sına bənzədilməklə, Aristotel və Pla­ton ruhunda – qram­ma­tika, ilahiyyat, fəlsəfə və təbiət­şü­nas­lıq biliklərini özün­də əks etdirən lakonik sual-cavab forma­sın­da qələmə alınmış bu əsə­rin sonralar erməni «dilçi»ləri üçün hə­­səd və ilham mən­bə­yinə çevrildiyini, nəhayət, XVII əsrdə hə­min əsərin əsasında, er­məni dilinə tərcümə edilməklə, hay di­­linin ilk qrammatika ki­tabının yazıldığını erməni müəl­lif­lə­ri­nin özləri etiraf edir­lər».(24) B.Tuncayın heyrətlə yazdığı kimi, hə­­­min əsərin bir fraq­menti həm erməni dilində, həm də ori­ji­nalda – alban dilində bir mö­cüzə kimi dövrümüzə qədər gəlib çat­mışdır. Söhbət Mate­na­daranda saxlanılan 3522 №-li əlyaz­ma­­dan gedir.  Mətn A.N. Qarkavetsin 2 cildlik «Qıpçaq yazılı ir­­­si» (2002, 2007) kitab­la­rının 2-ci cildindən götürül­müşdür. (1; 3; 4)
Əlyazma XVII əsrdə Lvovda alban əlifbası ilə yazılmış­dır. B.Tuncay əlyazmanın üzünü köçürən şəxsin Avedik adlı bir alban olduğu qənaətin­də­dir. (1) Güman edilir ki, əlyazma­nı er­məni dilinə çevirən də, ona ön söz yazan da həmin bu Ave­­dik olmuşdur.
B.Tuncayın qeydlərindən aydın olur ki, albandilli abidə­nin (Qriqor Hamamın «Qrammatika» əsərindən dövrümüzə qə­dər qalmış fraqmentin) üzərində nə vaxtsa (ya Avedik, ya da on­­dan əvvəlki katiblər tə­rə­findən) əməliyyat aparılmış, yəni əlavələr edilmişdir. Lakin hə­min əlavələri ayırd etmək, fərq­lən­­dirmək mümkündür. B.Tun­cay fraqmenti internet saytına da­xil edərkən əlavələri qara şriftlə fərq­lən­dirmişdir.
Beləliklə, indi əlimizdə 9-cu əsrə aid alban dilində ori­ji­nal mətn var. Mətn dialoq şəklində qurulmuşdur və dialoq rep­likalarının sayı 300-ə qədərdir. Replikalar əksərən bir sadə cüm­lədən, bəzən bir kəlmədən ibarətdir. Lakin həcm etibarilə iri - 10 sətirlik replikalar da var. Redaktə zamanı edilmiş əla­və­lər ümumi mətnin az bir hissəsini - 20-25 faizə qədərini əha­tə edir. Əsər dövrün dil xüsusiyyətləri, elmi-fəlsəfi, təbii və di­ni görüşləri barədə kifayət qədər təsəvavür qazanmağa imkan ve­rir.
Əsərin dili və məzmunu ilə bağlı hörmətli oxucuların tə­səv­vür qazanmaları üçün bir sıra dialoqları nəzərdən keçirək.
 Fraq­ment aşağıdakı di­aloqla  başlanır:
-Ne ata aytmax bilə belgilidir?
-Ki, oğlu bar.
-Kiminq neməsisen sen?
-Atanınq.
-Kiminq neməsimen?
-Atanınq.
-Kiminq neməsidir ol?
-Atanınq.
-Kiminq  neməsidir bu?
-Atanınq.
-Kiminq neməsidir bular?
-Atanınq.
-Kiminq nemələridirlər  alar?
Atanınq.
-Xayda ettinq sen?
-Tenqridə.
-Kimgə umsandınq sen?
-Tenqrigə.
-Kiminq bilə yeberdinq sen?
-Tenqri bile yeberdim men.
-Kim bilə yeberdi bu?
-Tenqri bilə yeberdi bu, ol.
-Kim bile yeberirsen?
-Ten­­qri bilə yeberi men, ya ata bilə.

Dediyimiz kimi, əsər elmi, dini, fəlsəfi və təbiətşünas­lıq  bi­­lik­ləri vermək zəminində qurulmuş qrammatika kita­bıdır və müəllifin əsas məqsədi sual-cavab əsasında dilin qrammatik qu­ruluşunu öyrət­mək­dir. Odur ki müəllif ən asan yolu seçmiş, qrammatik quruluşun di­aloq şəklində öyrədilməsi prinsipini əsas götürmüş, əsəri dia­loq şəklində tərtib etmişdir. Mətnə diq­qət edilsə, aydın olar ki, burada əsas məqsəd fikrin ayrı-ayrı şəxs­lər üzrə necə ifadə edil­diyini öyrətməkdən ibarətdir. Mü­a­sir dilimizdən ciddi şə­kil­də fərqlənə biləcək quruluş elementi yoxdur.
Zahirən birinci cümlə başa düşülmür. Amma başa dü­şü­ləndir.  sözü müasir dilimizdə işlətdiyimiz kimi, necə, hansı mənasındadır; ata - aydındır; bilə sözü qədim abidələrimizdə tez-tez işlədilmiş ilə qoşmasıdır. Belgilidir - qədim abidələrdəta­­nınmaq, işarələnmək, seçilmək, bilinmək mənasındadır. (5,82) Ayt­max sözü «Də­­­­­də Qorqud»da az qala hər cümlədə özünü göstə­rəndemək. söyləmək sözüdür. Cümlə hərfən: Necə (hansı) ata söylən­məsi ilə se­çi­­­lir, tanınır? - mənasındadır. Yəni ata nə ilə seçilir, nə ilə tanınır. Bütöv geniş cümlədir.  Ca­vab cüm­lə­si ya­rım­çıq və konkretdir, cavab verən şəxs məlum olanı  - baş cüm­ləni (Ol ata aytmax bilə belgilidir kim) ix­­tisar edir, yeni fikir ifadə edən budaq cümlə ilə kifayətlənir: Oğlu bar. Yəni oğlu olan ata şöh­rətlidir, tanınır.
Mətn ümumən daha çox qıpçaq mətni hesab olunur. La­kin mətndə atanınq, kiminq sözlərindəki son nq səsləri oğuz tay­­fa dilinə də məxsusdur və burada, heç şübhəsiz, nq iki müs­­təqil səsdən ibarət olmayıb, burun ŋ səsidir və hazırda qərb qrupu şivələrimizdə geniş işlənməkdədir. Həmin sözləri (və o tipdən olanların hamısını) atanıŋ, kimiŋ şəklində də yazmaq olar. Daha qə­dim­lərə get­dikcə oğuzlarla qıpçaqlar karluk və uyğurlarla birlikdə olmuş, dilləri bir kökdən təcrid olunmuşdur.
Son­rakı dialoqda - Kiminq neməsisen sen? – cüm­lə­sində ne­məsisen sözü oxucunu düşündürə bilər (Fraq­mentin dilində ə səsi işləkdir. Lakin sən sözü və şəkilçisi sen şəklin­də yazılır. Bəlkə də ilkin oxunuşla bağlıdır). Bu sözün əsasında ne­mə/nəmə (5,126)sözü durur, qədim abidələrdə nə, hansı məna­sın­dadır. Cümlənin mənası çox təbiidir: Kimin nəyisən sən? – yəni ki­min tö­rəməsisən? Ona görə də təbii cavab verilir: Atanınq (nemə­si­men).
Bu iki dialoqdan sonra təzə fikir yoxdur. Müəllif öyrət­mək üçün xəbəri şəxslər üz­rə dəyi­şmişdir:
Kiminq neməsimen?
Kiminq neməsisen sen?
Kiminq neməsidir ol?
Kiminq  neməsidir bu?
Kiminq neməsidir bular?
Kiminq nemələridirlər  alar?
Nə qədər sadə və təbii qurulub! Həm də tam canlı da­nı­şıq dili əsasındadır. Xəbərlik şəkilçiləri əsasən formalaşıb.  Ola bilər birinci cümlədə (Kiminq neməsimen?men sözü ayrı iş­lə­­nib və xəbərlik şəkilçisi ixtisar edilib. 3-cü şəxsin cəmi də nə­zə­rə alınıb. Mənsubiyyət və xəbərlik şəkilçiləri indiki kimi­dir: -si,-dir. 3-cü şəxsin cəmində - alar, bular sözlərində sa­mi­ti yox­dur. Halbuki Nəsimidə anlar şəklindədir. Hər iki for­ma şi­və tələffüz formasıdır, canlı danışıqla bağlıdır. İndi də çox şivələrimizdə olar, bular deyilir.
Baş­­­lanğıc dialoqda atadan sonra göylərə üz tutulur. Xay­da et­tinq sen? – cümləsində xayda sözü sonralar x>h keçidi ilə har­­daşəklinə düşmüşdür. Hələ vaxtilə Kalankatuklu Moisey qar­qarların dilinin boğaz səsləri ilə dolu olduğunu qeyd et­miş­dir. (2,37) Bu cəhət özünü daha çox anlautda və bir sıra sözlərin so­nunda x səsinin işlənməsində göstərir. Ettinq – edildin, yara­dıl­dın mənasın­da­dır:  Hara­da ya­ra­­dıl­­dın, harada doğuldun? Cavb da suala müvafiqdir: göylərdə, allah mə­­ka­nın­da - Tenqridə.
Kimgə umsandınq sen? – cümləsində -ğa,-gə arxaik yön­lük şəkilçisidir. Umsanmaq sözü isə hazırda işlətdiyimiz um­maq (ummaq, ümid etmək) sözüdür. Yalnız tanrıya ümid et­mək, bel bağ­la­maq olar: Tenqrigə. Ummaq  umsanmaq tam ey­ni sözlər olmadığı üçün ummaqsözü əvəzliyi yönlük halda tələb etmişdir, müasir dildə çıxışlıq halda tələb edir: Kimdən umdun sən?
Kiminq bilə yeberdinq sen? – cümləsində anlaşılmaz kimi görünən yebərmək feli Dərbənd və Tabasaran şivələrində gön­dərməkmənasında işlədilən ye­bərmağ (6,545) felidir. Soru­şu­lur ki, ki­min vasitəsilə göndərildin. Cavabda - Tenqri bile ye­berdim men – deyilir. Sözdə növ şəkilçisi işlənməmişdir, bi­zim de­di­yi­miz doğuldum sözü əvəzinə, türklərin işlətdiyi doğ­dum sözü ki­midir. Lakin bir qədər sonra həmin sözdə növ şəkilçisi də var.
Müəllif xolmaq (istəmək, arzulamaq), yebermək (gön­dər­mək), izdəmək (izləmək) feillərinin təsrifini vermişdir. Yeber­məkfeli iki cür işlənmişdir:  Kiminq bilə yeberdinq sen? Kim­dən  yeberildinq sen?
Birinci halda cavab: Tenqri bilə yeberdim men, ikinci hal­da: Tenqridən yeberildim men – şəklindədir. Deməli, məc­hul növün şəkilçisi artıq mövcuddur. Onda birinci cümlənin mə­nası Tanrı ilə gəldim mən, ikincidə isə Tanrı vasitəsilə göndə­rildim mən – şəklində başa düşülməlidir. 
Sonrakı cümlələrdə yebərmək felinin təsrifi veril­mişdir: ye­berdim men, yeberdinq sen, yeberdi ol, bu. Hətta zaman mə­sə­­ləsinə də diqqət yetirilmişdir. Müəllif yalnız şühudi keçmişlə kifayətlənməmiş (yeberdinq), indiki zaman şəkilçisi ilə də təsrifi davam et­dirmişdir: Kim bilə yeberirsen? - Tenqri bile yeberirmen.
Gələcək zaman da nəzərə alınmışdır:
-Kim bilə yebersərsen?
-Tenqri bile yebersərmen.
Eyni cümlə forması başqa sözlərin iştirakı ilə də təkrar edil­­­mişdir:
 -Kim bile bardınq sen?
-Kim bile barıyırsen?
-Kim bile barsarsen, ya getsərsen?
Cavablar da dövrün dünyagörüşünə müvafiqdir: Tenri ilə barıyırmen və ya: Tenqri bile. Ya ata bile getsərmen.
Hətta sual-cavabda gələcək zamanın -sar,-sər şəkilçisindən başqa, hazırda işlətdiyimiz qəti gələcəyin –acaq şəkilçisi də görünməkdədir:
-Kim bile ettinq anı?
-Tenqri, ya oğul bile ettim bunu.
-Kim bile etiyirsen?
-Tenqri ya Can bile etiyirmen, ya alıyırmen.
-Kim bile etəcəksen?
-Tenqrilix bile etecegim men, ya alsarmen.
Son replikanın cavabında həm –ecek, həm də –sar şəkil­çisindən istifadə edilmişdir.
-sar şəkilçisi sonralar da bizim klassik ədəbiyyatda işlən­miş­dir:
Tamunun narında yanısardır ta əbəd
Kim ki eşqin atəşindən bihərarətdir bu gün. (Nəsimi)
Lakin bu şəkilçi tədricən sıradan çıxmış, -acaq,-əcək sa­bit­ləşmişdir.
Dialoqlarda ata, oğul, can sözləri həm həqiqi, həm də mə­­cazi mənadadır: Ata dedikdə Allah, oğul dedikdə İsa, can de­­dikdə müqəddəs ruh nəzərdə tutulur – Üç Üqnum.
-Kimni xoldunq sen? – cümləsində istəmək, arzulamaq mə­­nasında xolmak (5,98) sözündən başqa, anlaşılmaz bir şey yoxdur. Bir də fərqli cəhət qıpçaq dilinin -ni  təsirlik hal şəkilçi­sin­də­dir. Bu şəkilçi bizim klassik ədəbiyyatda, xüsu­sən Əlinin «Qis­seyi-Yusif» əsərində işlək şəkilçi olmuşdur.
Kimni izdiyir ol? – Tenqrini izdiyir ol - cümlələrindəki iz­diyir sözündə -la,lə şəkilçisinin assimilyativ forması  - -dı,-dibu şə­kilçinin bizim təsəvvür etdiyimizdən çox-çox qədim oldu­ğu­nu göstərir.
Bunlarla yanaşı, cümlələrdə çox sadə, təbii müraciət va­si­tələri də var­dır: Hali kimdən yeberildinq sen, xardaş? Ten­qri­dən yeberildim men biyağalarım, canım. Xaysıdan yeberildin sen, dostum me­nim?  Tenqridən yeberildim men, seyiklü  atam me­nim.
Bundan sonra müəllif söhbəti çox təbii, həm də o gün­lər­də olduğu kimi, bu gün də zəruri olan bir sahəyə yönəlt­miş­dir: 
-İşlərsen?
-Heyə, işlərim.
-İşlərsen?
İşləməm.
-Nek işləməzsen?
İzdəməm işləməx.
Nek izdəməzsen?
-Zera ki, bolmam.
-Ne üçün bolmassen?
Anınq üçün bolmam, zera yoxtur xuvatlıxım.
Ümumi zaman bildirən -r şəkilçisi həm təsdiq (işlərsen), həm inkar formada (işləməzsen), həm saitsiz, həm də saitlə eynən bugünkü vəziyyətdə işləkdir. Türki qəzet versə də əqlə ziya,Mən onu almam əlimə mütləqa. (Sabir) Birinci şəxs təkin şəxs şəkilçisi hələ qapalı saitli  (-im), ikinci şəxs təkinki yarım­qa­­palıdır (-sen). Qrammatika müəllifi burada artıq inkar for­ma­nı da öyrətməyə çalışır (-ma,-mə). Qədim abidələrin dilində nə üçün, niyə mənasında  nəkə (5,126) əvəzliyi var. Müəllif bizim üçün ar­xaik olan bu sözlə yanaşı, müasir dilimizdə işlək olan nə üçün əvəzliyindən də istifadə etmişdir. Bə­li mənasında işlənmiş heyə sözü isə indiki  sö­zü­­nün əcda­dı­dır, Kürdəmir şivələrində indi də heyə şəklində iş­lən­məkdədir. İzdəməm sö­zündə, əgər düz oxunubsa, ke­çən müd­dətdə z sə­si karlaş­mışdır. Xuvatlıxım sö­zü ərəb mənşə­li­dir, qüvvəm deməkdir.
Müəllif getdikcə dialoqları məzmunca daha yaxşı əlaqə­ləndirməyə çalışmışdır. «Yoxdur xuvatlıxım» ifadə­sinə qarşı nikbin­lik yaratmaq üçün yaradana üz tutmaq təlqin edilir:
-Kim yarattı seni?
-Tenqri.
-Kimin yaratılqanı sen?
-Tenqrininq.
-Kimgə umsundunq sen?
-Tenqrigə.
-Kiminq bilə xuvatlandınq sen?
-Tenqri bilə.
İsim və sifət düzəldən -qan,-ğan şəkilçisi indi də işlək­dir. Amma indi olsa idi, ikinci dialoqun sual cümləsi «Sən ki­min yaratdığısan?» (və ya: Səni kim yaratmışdır?) şəklində olar­dı. Sonrakı sual cümlələri: Sən ki­mə ümid bağladın? Kim ilə qüvvətləndin? - mənasındadır  və başa düşülmək üçün çətinlik törətmir. Qüvvəm çat­mır - dedikdə sonrakı dialoqlarla allaha tapınmaq lazım gəldiyi öyrədilir. 
Aşağıdakı dialoqlarda ataya məhəbbət tərbiyə edilir:
-Kimin toğuşusu sen?
-Atamınq menim.
-Kimni xolarsen?
-Atamnı menim.
-Kimdən keldinq sen?
-Atamdan menim. Ey ata, işit manqa  da bir xoltxamnı me­nim.
İndiki halda birinci cümlədə sen sözü ayrı yazılmaqla müb­­­təda vəzifəsindədir və cümlənin xəbəri sintaktik yol ilə ifa­də olunmuşdur: Sen kimin toğuşusu?  Amma, güman ki, sen sö­zü şəxs şəkilçisi məqamındadır, cümlə Kiminq toğuşususen? - şəklindədir. Manqa sözü (mənə) müasir dildə eşit sözü ilə bu cür əlaqələnmir, təsirlik hal məqamındadır. Kimin doğu­şu­su­san sən? Kimi arzularsan?  Kimdən gəldin (yəni səni kim ya­rat­­dı)? – suallarının cavabları da ataya məhəbbət istiqamətində tərbiyə edir. Son cavabda ataya mü­raciət də var: Ey ata, mənim də arzula­rı­mı eşit.
Min ildən çox müddətdə nə dəyişilib? Görün dialoqlar nə qədər təbii və müasirdir:
-Ne toğdunq sen?
-Oğul.
-Kimgə sen  ata?
-Oğluma menim.
-Kimgə boldu atalıxınq seninq?
-Oğlumda menim.
-Kiminq bilə sensen?
-Oğlum bilə menim.
İndi Sən nə doğdun? – deyilməz. Biz belə demirik. Heç əslində sual belə qurulmur. Sual Sənin nəyin oldu? şəklində qu­rulur. Cümlə başa düşülsə də, indiki qədər təşəkkül etməyib. İkin­ci dialoq dil baxımından daha maraqlıdır: sual yönlük halın -gəşəkilçisi ilə verilir (Sən kimə atasan?), cavabda yönlük ha­lın müasir -a şəkilçisi işlənib. Deməli, -gə arxaikləşməkdə, -a,­ -əşəkilçisi inkişaf etməkdədir. O vaxtdır ki, mübtəda olduq­da onu tamamlayan şəxs şəkilçisi olmaya da bilir: Kimgə sən ata? – Sən kimə ata?
Kimgə boldu atalıxınq seninq?  - cümləsi aktuallaşma ilə bağlı konversiyanı nəzərə almasaq, sintaktik quru­luş etibarilə tam müasirdir. Yalnız fonetik (nq), leksik (boldu) və morfoloji (-) ünsürlərində arxaikləşmə var: Sənin atalığın ki­mə oldu? Bunlar təkcə bu mətndə deyil, fraqmentin bütün hissələrində ən çox görünən arxaik elementlərdir.
Sonrakı dialoq ilk növbədə belə başa düşülür: Sən kimin­lə­sən? – Mən oğlumlayam. Lakin şəxs əvəzliklərinin xəbər və­­zi­fə­sində olması (Kim ilə  sənsən, Oğlum ilə mənəm) elə bir in­tonasiya doğurur ki, sən kiminlə varsan? – Mən oğlumla va­ram -  dini düşüncəsi  anlaşılır.
-Kimdən fərahlanırsen sen?
-Oğlumdan menim.
-Nə bar seninq?
-Canım bar menim.
-Kimninqsen sen barlıxın?
-Canımnınq menim barlıxı.
--Kimdə xuvatlandınq sen?
-Canımda.
-Ne aytarsen canınqnı senin?
--Tensizdir canım menim.
-Kimdən yeberildinq sen?
-Candan.
-Kimlərni  xolarsen?
-Canlarnı.
Oğlumdan menim, canım menim birləşmələri göstərir ki, uzlaşma-idarə əlaqəli bu cür birləşmələrin təşəkkül tarixi çox qə­dimdir, aktual nitq prosesində tərəflərin yeri asanlıqla dəyişə bilmişdir. Nə bar seninq? - tipli cümlələr keçən müddət ərzində bir qədər təkmilləşmişdir, lakin dilimizin şimal-şərq şivələ­rin­də yenə də bu cür işləndiyi hallar var. Cavab  cümləsi indiki nə­­zərlə daha səlisdir: Mənim canım var. Kimninqsen sen bar­­lıxın?  - cümləsində müasir dil baxımından çatışmazlıq var: indi belə cümlələrdə sen sözü yiyəlik hal şəkilçisi tə­ləb edir, kimninqsen sözü isə dilin sonrakı inkişafı dövründə səlisləşib: Kim­ninqdir se­nin barlıxın? – şəklində dəyişib.Canımnınq menim barlıxı  - cüm­lə­sindən gö­rü­nür ki, menim barlıxı birləşməsində hələ uz­laşma hazır­kı şimal-şərq şivələrində olduğu kimi, tam sa­bitləşməyib. Can, müqəddəs ruh canlı sayıldığı üçün kimsu­alı verilir. Ne aytarsen canınqnı senin? – cümləsində uzlaş­ma tamdır: Se­nin canınqnı. Soruşulur ki, Nə söylərsən sənin ca­­nını? Yəni Ca­­nın haqqında nə deyə bilərsən? «Canım bə­dən­­sizdir» deyilir və, yəqin ki, müqəddəs ruhun əbədiliyi, ölüm­süz­lüyü, mü­vəq­qəti bədənə malik olduğu nə­zərdə tutulur.
-Kim bilə  etildinq sen?
-Tenqrilik bilə.
-Kimni bildinq sən sanqa etüçi?
-Tenqrilikni.
-Kimdən etildinq sen?
-Tenqriliktən.
-Neçik inanırsen Tenqrini?
-Üçlüx da bir.
Dialoqlar dini görüşü başa salır. Etildinq – bir az əv­vəl dediyimiz kimi, edildin, ya­radıldın mənasındadır. Sən kim ilə edildin? - dedikdə kim­in vasitəsilə yox, qəlbində kim ola-ola yaradıldın duy­ğusu oyadılır. Cavab da səlisdir: Tanrılıqla, tanrı ruhu ilə. Etüçi sözü də etmək sözü ilə -çişəkilçisindən ibarət olub, edi­­ci, yaradıcı, yaradan məna­sın­­dadır: Sən sənə yaradan kimi bildin? Və ya:Yaradan sən sənə kimi bildin?  Ca­vab­da Tanrını demir, tanrılığı de­yir, kökü, özülü nəzərə çarp­dırır.Kimdən etildinq sen? – Ten­qriliktən – dedikdə hər kəsin Tanrının bir zərrəsi olduğu nəzərə çarpdırılır.
Neçik sözü abidələrdə nəçük (5,125) şəklindədir, necə de­məkdir: Tanrıya necə inanırsan? Lakin qədim yazı­ları­mız­da olduğu kimi, idarə  əlaqəsində asılı tərəf yönlük əvəzi­nə təsirlik haldadır: Necə inanırsan tanrını? Cavabda üç­lük birlikdə nəzərdə tutulur – üçlük dini termindir – Üç Üq­num deməkdir: Ata, Oğul və Can.
-Kimgə inanırsen sen? - (Kimə inanırsan sən?)
-Errortutiunğa da bir Tenqrigə. - (Üç Üqnuma və bir Tan­rıya)
-Xaysun tapunıyırsen? - (Hansın  sitayiş edirsən?)
-Ari Errortutiunnu. - (Üç Üqnumu)
-Nedir? - ([Üç Üqnum] nədir?
-Tenqridir. – (Tanrıdır)
-Nedir Tenqri? - (Tanrı nədir?)
-Biydir. - (Bəydir)
-Neçik? - (Necə [bəydir?])
-Ki, yaratıçıdır. - [Ona görə] ki, yaradıcıdır.
-Nedir nişanı Tenqrininq? - (Tanrının nişanı nədir?)
-Nişansızdır. - (Nişansızdır)
-Nedən? - (Niyə, nə səbəbə?)
-Zira ki, etilməgən da ölümsüzdür. – (Çünki yaradıl­ma­yan və ölümsüzdür)
Suallar da, cavablar da dilin quruluşunu öyrətməklə yanaşı, dini dünyagörüşü əks etdirir.  İnanmaqfeli ilə su­al və cavb düz qurulmuşdur, asılı tərəflər -ğa,-gə şəkilçisi ilə yönlük haldadır. Lakintapınmaq feli müasir dildən fərq­li olaraq, asılı tərəfi təsirlik halda tələb etmişdir: Xay­sun ta­punıyırsen? - Ari ErrortutiunnuXaysın sözündə son -n şə­kil­çisi ilə ifadə olunan təsirlik hal indi də canlı danı­şıq di­lin­də geniş işlənməkdədir: Gah cibin, gah dərisin hər ki­min istərsə, soyar.(Sabir) Tanrının yaradıcı və ni­­şan­sız ol­ması, doğulmaması və ölümsüzlüyü  islam di­ninin də  eyni şəkildə ehkamlarındandır.
Mətndə da bağlayıcısı çox işlənmişdir. Lakin bu bağ­layıcı əksərən  bağlayıcısı məqamındadır. Məs.: Error­tutiunğa da bir Tenqrigə; etilməgən da ölümsüzdür – söz­ləri ara­­sında iş­lənmiş da bağlayıcısı  mənasına uyğun­dur.(7,277) Ten­q­ri ya Can bile etiyirmen, ya alıyırmen. Tenqri bilə ye­beri men, ya ata bilə – cümlələrində ya bağlayıcısı və ya mə­nasına uy­­ğun gəlir.
Dialoqun bu hissəsində Üç Üqnuma – Ata, Oğul və Can haqqında söhbətə keçilir, onların hüquqları barədə danışılır:
-Evet, xuvatka körə nişanlattılar ari atalar ki, Üçlüx da birdir. - (Bəli, müqəddəs atalar qüvvəyə görə nişlatdılar ki, Üçlük və birdir)
-Ne türlü? - (Nə cür?)
-Üç boyda bir tarbiyatdır. - (Üç bədəndə bir təbiətdir)
-Neçik?  - (Necə?)
Ata da Oğul da Ari Candır. - (Ata da, Oğul da* müqəddəs Candır)
-Paylaşmaxı neçiktir? - [Qüvvəni] paylaşmağı necədir?
-Ata toğuruçı da Oğul toğurulğan da Can axkan. - (Ata doğuran və Oğul doğulan və Can axan(dır)
-Almaxlıx kim kimdən? - (Kim kimdən almış (doğul­muş)?
-Oğul toğmax bilə ilgəri kelir Atadan, da  Can axınmax bi­lə kenə ol Atadan. - (Oğul doğmaq atadan irəli gəlir, Can ax­ması yenə o Atadan).
-Nə türlü ölçöv bilə? - (Nə cür ölçü ilə?)
Barabar Üçlüxtür. (Bərabər Üçlükdür)
Paylaşmaxı neçiktir?  - dedikdə üçlüyün mövqeyi, tə­bii-ilahi qüvvənin onlarda necə paylaşdığı nəzərdə tutulur. Əgər kar samitləri cingiltili samitlərlə əvəz etsək, -ğan,    -kan şəkilçisinin keçən müddətdə düşdüyünü nəzərə al­saq, da bağlayıcısının buradakı vəzifəsini və bağla­yıcı­sı­nın alması ilə cavab cümləsi müasir səslənər: Ata doğurucu və Oğul doğulan və Can axan(dır). (İlahi qüvvəni) kim kimdən almış?  Oğul doğmaq da, Can axması da Atadan (Tan­rıdan) irəli gəlir.
Məchul növün -ıl şəkilçisini əvvəldə görmüşdük, axın­maq sözündən aydın olur ki, qayıdış növün -ın şəkilçisi də möv­cuddur.
Göründüyü kimi, Qriqor Hammamın «Qrammatika» kita­bın­dan qal­­mış fraqment dövrün dil xüsusiyyətlərini öyrənmək üçün ki­fayət qədər materal verir. Biz yalnız hörmətli oxucu­ları­mızı bir qrup dialoqla, onların şərhi və qrammatik quruluşu ilə tanış etdik. Bəxtiyar Tun­cay bir növ od-alov içərisində ax­ta­rış­lar aparmış, çini qab üzərində Manna dövrünə aid yazının şər­hini vermiş, (24) «erməni qıp­çaqları» adı ilə xarici muzey və arxiv­lər­də yatan xeyli mate­rial üzə çı­xarmış, «Qafqaz alban­la­rının dili və ədəbiyyatı» adlı qiymətli kitab (2010) çap etdi­rmişdir. Ki­tabda qıpçaq mətnlə­ri­nin geniş izahı ilə yanaşı, dil mate­ri­al­ları əsasında alban dilinin fone­tik, lek­sik və qram­matik quru­lu­şu barədə maraqlı məlumat veril­miş­­dir. Kitaba (və İnternet say­tına) alban dilinin lüğəti (1800-dən ar­tıq söz) daxil edilmiş­dir.
Qriqor Hammamın  əsərindən qalan parça qarqar-qıpçaq dilinin abidəsi hesab olunur. Həqiqətdə də arxaik elementlər özünü bizim şimal-şərq qrupu dialekt və şivələrimizdə daha çox göstərir. Lakin bir sıra arxaik elementləri nə­­zərə almasaq, əsə­rin dili müasir Azərbaycan dilinin fonetik, lek­sik və qram­matik, xüsusən sintaktik quruluşuna tam müva­fiqdir.
Qriqor Hammamın əsərindən danışarkən, təbii olaraq, Bəx­tiyar müəllim əlifba məsələsinə də toxunmuşdur. Müəllif qeyd edir ki, suriyalı xristian Mesrop Maştots er­mənilər və al­banlar üçün «yazı xətlərinin dəyişkənliyi ilə fərq­lənən», əslin­də, «eyni işarələrdən ibarət» əlifbalar düzəltmiş, bun­ların bo­lor­qir adlanan formasından haylar, notrqir adlanan for­masından albanlar istifadə etmişlər. Bizim fikrimizcə, əlifba məsələsində bir cəhətə diqqətli olmaq lazım gəlir. Kalankatuklu birnci kitabın 16-cı fəslinin başlığında yazır: «Mesrobun Albaniya çarı Arsva­ge­nin yanına gəl­məsi, burada əlifbanı təkmil etməsi, məktəb­lə­ri yenidən aç­ması (fərqləndirmə bizimdir - Q.K.), ölkədə qal­mış bütpərəst məzhəblərin kökünün kəsilməsi və Albaniyada xaçpərəstliyin möh­kəmlənməsi».(2,36) Bir qədər sonra yazır: «On­lar (Sü­nik­dən Bən­­camin adlı tərcüməçi və Sünikin gənc knyazı Vasaq – Q.K.) Mesrobun yanına gəlib, onunla birlikdə qırtlaq, qaba, bar­bar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar». (2,37) Yeri gəlmişkən qeyd edək ki, Bəxtiyar Tuncay fraqment üzərində işləyərkən onun dilinin Ka­lankatuklunun dediyi həmin bu «qırtlaq, qaba, barbar və çə­tin səslənən qarqar dilin»ə tam uyğun gəldiyini qeyd edir: «Al­ban, yəni qarqar-qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq  Musa Kağankatlı və Moisey Xorenatsinin  bu dil barədə  söy­lə­­dikləri  «boğaz səsləri ilə dolu dil» ifadəsinin doğruluğunu tam təs­diq etməkdədir. Məsələn, bu dildə dilimizdəki  «q» səsinin «x», bəzən də «ğ» kimi tələffüz edildiyi müşahidə edilir:  qıp­çaq – xıpçaxqayıtmaq – xayıtmax, qar – xar, çaqqal – çağal, qın – ğın və s».(7,260) Qarqarlar Albaniyanın geniş yayılmış tayfa­la­rın­dan biri olmuşdur. Kalankatuklu albanlar üçün əlifba ya­ra­dılmasından da­nış­mır. Söhbət qarqarlar üçün əlifba düzəldil­mə­sindən gedir. Başlıqda alban əlifbasının «təkmil edilməsi, «məktəblərin yenidən açılma­sı» barədə məlumat verilir. Aydın olur ki, məktəblər var imiş, lakin hansı sə­bəb­dənsə müvəqqəti bağ­lanmış imiş. Əlifba olmasa, məktəblər necə  təh­sil verə bi­lər­di?
Tam aydın deyilir: «Qırtlaq, qaba, barbar və çətin səs­lə­nən qarqar dilinin əlifbasını yaratdılar»  Qarqarların nitq xüsu­siy­yətləri onların qıpçaqların bir qolu olduğunu göstərir və Qri­qorun əsərindən qalan parçanın boğaz səsləri ilə zəngin olması tarixi qeydləri təsdiq edir.
Deməli, ölkənin əsas əhalisini təşkil edən albanların Mes­­ropdan çox-çox əvvəl əlifbası da, məktəbləri də olmuş­dur. Mes­rop onlar üçün yeni əlifba düzəltməmişdir. Alban­lar ölkə­nin əsas əhalisi olmuşdur. Albanların özlərinin əlif­ba­sının ol­ma­sı, qıpçaqlar üçün yeni əlifba yaradılması gös­tərir ki, al­banlarla qarqarlar şi­və xüsusiyyətləri ilə fərqlən­mişlər. Bunlar bir daha təs­diq edir ki, albanlar hələ Səlcuq oğuzları dünyaya gəl­məz­dən min il­lər əvvəldən Azərbay­can­da kök salmış, «Də­də Qor­qud»u ya­ratmış aborigen oğuz­lardır. «Dədə Qorqud»da Qazan xanın «al­ban­lar başı» kimi xatırlanması da bunu təsdiq edir. Odur ki, bi­zim fik­rimizcə, «alban, yəni qar­qar-qıpçaq» ifadəsi də tam doğ­­ru deyil, albanlarla qarqarlar arasına bəra­bər­lik işarəsi qoy­maq olmaz. Qıpçaqlar yalnız Al­baniya ölkəsinin vətən­daş­ları kimi al­ban sayıla bilərlər.
Bir çox dilçi və ta­rixçilərimiz də elə bilirlər ki, biz dünən do­­ğul­muşuq, gərək səl­cuq oğuzları gələ idi ki, biz də doğu­lay­dıq. Daha bizdən qabaq bu ölkə nə türk görüb, nə də türk dili.
SULTAN QƏZƏNFƏR KAZIM
12.09.2013

ƏDƏBİYYT

1. bextiyartuncay.wordpress.ccom/2012/04/
2. Moisey Kalankatuklu. Albaniya tarixi, Avrasiya press, Bakı, 2006.
3. А.Н.Гаркавец. Кыпчакское  письменное наследие. Том I, Ка­та­лог и тексты памятников армянским письмом. Алматы. Дешт-и-Кып­чак. 2002;
4.А.Н.Гаркавец. Кыпчакское письменное насле­дие. Том II. Пам­ятники духовной культуры караимов, куманов-полов­цев и армяно-кып­чаков. Алматы. КАСЕАН. Баур, 2007.
5. Əbülfəz Rəcəbli. Qədim türkcə-Azərbaycanca lüğət, Azər­bay­can Milli Ensiklopediyası Nəşriyyatı, Bakı,,2001.
6. Azərbaycan dilinin dialektoloji lüğəti, Bakı, Şərq-Qərb, 2007.
7. Bəxtiyar Tuncay. Qafqaz Albaniyasının dili və ədəbiyyatı, Bakı, 2010.



* Burada da bağlayıcısı müasir vəzifədədir.

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.