• Baş səhifə
  • Tərcümeyi-hal
  • Həyat və fəaliyyəti
  • Qəzənfər Kazımov - 75
  • Kitablar
  • Haqqında yazılanlar
  • Foto yaddaş
 

Şah İsmayılın böyük qələbəsi və ölməzliyi

 

 

«Şərq-qərb» Nəşriyyatı «Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu» adlı kitab buraxmışdır.  Kitabın elmi redaktoru və «Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında» mövzusunda ön sözün müəllifi akademik Ramiz Mehdiyev, elmi məsləhətçisi akademik Vasim Məmmədəliyevdir. Mətnləri fars və ərəb dillərindən Şahin Yahyayev və Elmin Əliyev tərcümə etmişlər. Şərhlər və qeydlər  Emin Əliyev, Taleh Hacıyev, Eldar Əmirov və Salman Süleymanovundur. Tarixi arayışlar Eldar Əmirov tərəfindən yazılmışdır. Bir sıra miniatürlərlə yanaşı, ərəb əlifbası ilə mətnlərin orijinalı da verilmişdir. Kitaba fotosurətlər və Şah İsmayılın  diplomatik yazışmalarında adı çəkilən bir sıra tarixi şəxsiyyətlər haqqında arayıvş da daxil edilmişdir. Ümumilikdə kitabda 53 tarixi-diplomatik sənəd toplanmışdır ki, onların da 3-ü hökmdar fərmanı, 1-i fətva, 49-u isə müxtəlif məzmunlu  məktublardır. Sənədlərin orijinalları fars, ərəb və Osmanlı-türk dillərindədir.

Kitab tariximizi öyrənmək üçün çox qiymətli mənbədir. Ona görə ki tariximizin böyük bir mərhələsində xalqımızın mübarizəsini,  xalqımıza rəhbərlik edən insanların yüksək bəşəri keyfiyyətlərlə həqiqət yolunda olduqlarını, vətən torpağını böyük fədakarlıqla qoruduqlarını, amansız düşmənlə üz-üzə gələrkən öz təmkinlərini itirmədiklərini, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçməyə hazır olduqlarını tarixi sənədlərin dili ilə öyrənmək üçün zəngin material verir. Şah İsmayılın cəsarəti, qüdrəti, böyük vətən sevgisi, insana məhəbbəti qürur doğurur.

Sənədlər tarixin qaranlıq səhifələrində toplanmış çox müxtəlif  hadisələr haqqında məlumat verir. Lakin bizi ilk növbədə  o maraqlandırır ki və əvvəlcə ondan başlamaq istəyirik ki, iki qardaşı – iki türk imperatorluğunu üz-üzə qoyan, yüz minlərlə türkün qanına bais olan nədir, kimdir? Bu qırğını yönəldən Şah İsmayıldır, yoxsa Sultan Səlimdir? Çünki bizim tarixi və həqiqəti bilməyən bir çox «ziyalılarımız» da günahı bəzən Şah İsmayılda görürlər. Hətta «Şah İsmayıl olan yerdə Sultan Səlimə nə yağı?» deyən şairciklər də var və mən belələrini daim nifrətlə qarşılamışam. Bu cür fikirlər ya tarixi bisavadlıqdan, ya da yaltaqlıqdan qaynaqlanır, Azərbaycan tarixini, Azərbaycan xalqını sevməməkdən irəli gəlir. Mən tarixi tərəfkeşlikdən deyil, həqiqətdən çıxış edirəm. Sənədlər bü cür yarınmaq üslubunda olan çıxışlara birdəfəlik son qoymaq üçün təkzibedilməz əsaslar verir.

Gəlin keçək mətləbə, faktlara diqqət yetirək.

Sultan Səlim 1512-ci ildə ordunun gücü ilə zorla atasını taxtdan salmış, hakimiyyətə keçmiş və ölkəni 8 il idarə etmişdir. Şah İsmayıl isə böyük tarixi olan bir zadəgan nəslinin nümayəndəsi kimi 13-14 yaşlarında hakimiyyətə gəlmiş, yeni bir sülalənin əsasını qoymuş, 24 il hakimiyyətdə olmuşdur.

Münaqişənin səbəbləri Çaldıran döyüşü ərəfəsində Sultan Səlim ilə Şah İsmayılın yazışmalarında aydın şəkildə ifadə olunmuşdur.

Yaxşı olar ki, əvvəlcə Sultan Səlimdən əvvəl – Sultan Bayazid (1481 – 1512) dövründə Osmanlı imperatorluğu ilə Səfəvilər arasındakı münasibətlərə qısa nəzər salaq.

Doğrudur, II Bayazid dövründə Osmanlılar öz təmkinlərini saxlayıb, gənc Səfəvi dövlətinə müharibə elan etməyiblər. Lakin cəsarət və sürətlə böyüyən və güclənən Azərbaycan dövləti onlarda daim qısqanclıqla qarşılanmışdır.  Sultan II Bayazidin Ağqoyunlu Əlvənd Mirzəyə məktubunda deyilir: «Zülmkar qızılbaş tayfasının, – Allah onları məhv etsin, – bədbəxtlik yağan qırmızı papağından dünyaya alov şölələri saçılır… Ümidvarıq ki… doğru yolda olan bütün firqələr ittifaqa girib səbr və hövsələ nümayiş etdirməkdən  bezikəcək, nemətlər əta edən Allaha təvəkkül edə-edə o zalım tayfanı  məhv və zəlil etmək… iradəsi göstərəcəkdir. Fitnə baş qaldırmadan qoy beşiyindəcə boğulsun». Hələlik bu iki dövlət (Ağqoyunlular və Səfəliər) üçün dua etdiklərini bildirən Bayazid «zərurət yaranarsa», onların (Osmanlıların) tərəfindən Səfəvilərə qarşı müharibəyə girmək üçün «süstlük olmayacağını da» bildirir. (27-28)

II Bayazidin Kürd Hacı Rüstəm adlı şəxsə məktubunda da qızılbaşlara düşmən kimi baxılır, onların haqqında dürüst məlumt öyrənilib göndərilməsi tapşırılır. (29) Kürd Hacı Rüstəmin II Bayazidə cavab məktubunda deyilir: «Onların (qızılbaşların – Q.K.) zülmündən İranın vəziyyəti pərişandır. Məmləkət və vilayətlərin əksəriyyəti onların zülm və işgəncələri ilə viran olmuşdur. Allahın fəzilətindən ümidimiz budur ki,  …Allah yolunda döyüşənlərin mizraq və nizələri, müsəlman mücahid döyüşçülər və zəmanənin şahənşahının qan fışqıran  oxları vasitəsilə  bu zalım dəstənin kökü kəsilib məhv edilsin». Məktubdan aydın olur ki, qızılbaşların  «zalımlığı»  onların Əlvənd Mirzənin, Murad Mirzənin, Pürnakların torpaqlarını vahid ölkə ərazisində birləşdirməsi, Misir çərkəzləri ilə müqavilə bağlayıb, dədə-baba torpaqları Mərəş və Diyarbəkrə tərəf üz tutmalarıdır.  Uzun Həsənin nəvəsi Murad mirzə Əlvənd mirzə ilə əmioğu idi, xeyli qarşıdurmadan sonra müqavilə bağlamışdılar: İraq və fars bölgəsi Muradın, Azərbaycan və Diyarbəkr Əlvəndin tabeçiliyiində idi. Pürnaklar da Ağqoyunlu soylarından idilər. (27, 30)

Səfəvilər xalqın xeyirinə bir sıra tədbirlər həyata keçirməyə başlamışdılar. «Səfəvi  şeyxləri təbliğ edirdilər ki, şəriətin nəzərdə tutmadığı  vergi və mükəlləfiyyətlərin ləğv olunması üçün hakimiyyət başında dayanan  sünni hökmdarların ağalığına son qoymaq lazımdır». (Az T, 392-393) Xalqın xeyrinə olan bu tədbirlər də sünni hökmdarlara, xüsusilə Osmanlılara toxunurdu.

II Bayazidin Əlvənd Mirzəyə məktubunun tarixi yoxdur.  Kürd Hacı Rüstəmə məktubu  908 – 1502-ci ildə yazılmışdır. Beləliklə, məktubların XVI əsrin ilk illərində yazıldığı hiss olunur.  Deməli, Səfəvilər dövlətinin yarandığı ilk gündən Osmanlıların ona münasibəti pis olmuşdur, ürəklərindən onu «beşiyində boğmaq» keçmişdir.  Şah İsmayılın II Bayazidlə məktublaşması da var. II Bayazidə iki məktub yazmış, Bayazid hər ikisinə cavab göndərmişdir. Məktublar, təbii ki, 1501 – 1512-ci illər arasında yazılmışdır. Lakin heç birinin altında tarixi yoxdur. Hiss olunur ki, artıq Səfəvilər güclü bir dövlətə çevrilmişdir. İsmayıl Şirvan üzərində qələbədən (1500), Bakını tutduqdan (1501) sonra Əlvənd Mirzə üzərində qələbə ilə (1501) Azərbaycana, Murad Mirzəni məğlub etməklə (1503) İrana və Əcəm İraqının xeyli hissəsinə sahib olmuşdu. 1508-ci ildə Xorasan istisna olmaqla bütün İranı, Ermənistanı və Ərəb İraqını tutmuşdu. (AzT, 398-404) 1510-cu ildə Şeybani üzərində qələbədən sonra  Amu-Dəryadan  Fərat çayına qədər geniş ərazi Şah İsmayılın hakimiyyəti altında birləşdirilmişdi. Səfəvilərin getdikcə güclənməsindən narahat olmağa başlayan Osmanlı imperiyası əsrin ilk illərindən Səfəvilər barədə məlumat toplayır, Səfəvilərin düşməni olan Ağqoyunlu padşahlarına kömək edirdilər.  «Lakin Türkiyə sultanı II Bayazid  (Bayazid İldırım, 1481-1512) Şah İsmayıla qarşı mübarizəyə başlamağa  cəsarət etməyərək 1504-cü ildə  Səfəvilər dövlətini tanımalı olmuşdu». (AzT, 405) Buna baxmayaraq, türk feodalları yenə də Azərbaycanı və ətraf əraziləri ələ keçirmək iddiaları ilə yaşayırdılar.

II Bayazid Səfəvilərin düşmənlərinə yazdığı məktublarda qızılbaşları lənətləsə, pisləsə də, Şah İsmayıla cavab məktublarında Şah İsmayılı ləyaqətlə qiymətləndirir. Birinci məktubu: «Mükəmməl səltənətin, zəngin hakimiyyətin, sonsuz qüdrətin, həqiqi səadətin, əsl-nəsəbin ağası, səltənət, hakimiyyət, izzət və səadət yolunun  mübarizi Şah İsmayıl! Allah ədalətini və fəzilətini  qiyamətə qədər davamlı etsin!…  məktubunuz sevinc və şadlığımıza səbəb olmuşdur» (42) sözləri ilə başlamışdır. İkinci məktubun başlanğıcı: «Böyük padşah, Əcəm məmləkətlərinin əzəmətli hökmdarı, Türk və Deyləm diyarlarının əmiri, dövrümüzün Cəmşidi, zəmanənin Keyxosrovu, əzəmətli Allahın yardım etdiyi Şah İsmayılın, – Allah dövlətinin  əsaslarını möhkəmləndirsin, ömrünü uzatsın, ona uğurlar və qələbələr bəxş etsin, – bəlağətli məktubu  gözəl ovqat və zamanda  əlimizə gəlib çatdı». (45)

Məktubların məzmunu da dostyanadır. Birinci məktubda Şah İsmayıl göstərir ki, Osmanlı daxilində Şeyx ailəsini (Səfəviləri) ziyarətə gəlmək istəyənlərə bəzən mane olurlar. Belə hallarda müridlərə icazə verilməsini xahiş olunur. Sultan cavabında bildirir ki, səfəvi şeyxlərinin tərəfdarları bəzən işi, əkini-biçini atıb gedirlər, orduya da mənfi təsir edir. Amma fərman verildi ki, nizam ilə gedib-gəlsinlər və onlara heç kim mane olmasın. Sultan yazır: «Sizin mübarək xəbərdarlığınızı aldıqdan sonra fərman verdik ki,  bu təbəqə arasında kimsə Allah övliyalarını – Allahın rəhməti onların üzərinə olsun, – ziyarət etmək niyyətində olarsa, hər iki tərəfin istəyi və arzusu olan məhəbbət yolu abad, möhkəm məhəbbət bağları sarsızlmaz olsun deyə geri dönüş istiqamətində kimsə onlara mane olmasın». (43) İkinci məktubda isə Şah İsmayıl düşmən üzərinə Osmanlı torpaqlarından  keçərkən kənd əhalisinə zərər vurmadıqlarını, zərər çəkənlərin zərərinin ödəndiyini, II Bayazid isə cavab məktubunda bunu razılıqla qarşıladığını bildirir.

R.Mehdiyev ön sözdə yazır: «Daha bir mühüm məqam ondan ibarətdir ki, bəzi müəlliflər Şah İsmmayılı amansız, qəddar bir hökmdar kimi göstərməyə çalışdıqları halda, II Bayazidi  «günahsız mələk», «qüsursuz» şəxsiyyət kimi təqdim etmək üçün  dəridən-qabıqdan çıxırlar. Bəli, II Bayazidin digər Osmanlı sultanları ilə  müqayisədə daha mülayim, sülhsevər və sufii ruhlu  olduğu danılmazdır. Lakin II Bayazidin gənclik illərində  uyuşdurucu maddələrə aludə olduğu  və yalnız atasının sərt müdaxiləsindən sonra  bu ziyanlı vərdişdən əl çəkdiyi  Osmanlı tarixi ilə maraqlananlara yaxşı məlumdur. II Bayazidin uyuşdurucu maddələrə  alışdığı yaşda I Şah İsmayıl artıq böyük imperiyanın banisi, dövrünün isə ən  qüdrətli sərkərdələrindən biri kimi öz sözünü demişdi. Osmanlı qaynaqları ilə yaxından işləyən tədqiqatçılar yəqin II Bayazidin  hakimiyyətinin sonlarına doğru  ölkənin siyasi hərc-mərcliyə, məmur özbaşınalığına düçar  olduğunu bilməmiş deyillər». (17)

Beləliklə, faktik olaraq, II Bayazidin  Səfəviləri görməyə gözü olmasa da, Şah İsmayılın yaratdığı bu qüdrətli dövlətlə barışmalı olmuş, ehtiyatla davranmış və Səfəvilər üzərinə yerimək təşəbbüsü olmamışdır.

Bu cür münasibəti Sultan Səlim nə üçün davam etdirmədi?

Kitabda Sultan Səlimin məktublarına qeydlərdə deyilir: «Sultan Səlim taxta çıxdıqdan sonra  Şah İsmayıl ona etinasız yanaşdı. Səfəvilərin  Anadoluda öz məzhəbi inanclarını yayması, Anadoluda səfəvilər ilə osmanlılar arasında  baş verən döyüşlər Səlimin Şah İsmayıl ilə  döyüşmək üçün şeyxülislamdan  fətva istəməsi ilə nəticələndi. Şeyxülislam da Səfəvi şiələrinin qanı, malı, arvad və uşaqlarının  halal olması haqqında fətva verdi». (87)

Burada müharibənin səbəbləri birtərəfli izah olunur. Səfəvilər dövləti Anadoluda döyüşlər aparmırdı. Sadəcə olaraq, şiə təriqətinə mənsub olanlar şeyx nəslinə böyük rəğbət bəsləyir və onlarla sünnilər arasında toqquşmalar olurdu. Bəzən onlar özləri şiə təriqətinin demokratik prinsipləri  əsasında üsyan edirdilər. Nəticədə də Sultan Səlim onlara qarşı böyük qırğın törətdi. O, bununla kifayətlənə bilərdi.  Lakin kifayətlənmədi, çünki məqsəd ayrı idi – məqsəd Azərbaycan torpaqlarını Osmanlı torpaqlarına qatmaq idi.  Şeyxülislama gəldikdə o, daim sultanların təzyiqi altında olub.

Beləliklə, əsas məqsəd işğalçılıqdır. Bu, Sultan Səlimin məktublarında aşkar şəkildə öz ifadəsini tapmışdır.

Çaldıran döyüşü ərəfəsində Sultan Səlim Şah İsmayıla onu müharibəyə təhrik edən üç məktub göndərmiş, Şah İsmayıl ona bir cavab məktubu yazmışdır. Sonra Sultan Səlim dördüncü məktubu yazaraq şahı daha təhqiramiz sözlərlə müharibəyə təhrik etmişdir. Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Səlimə məzəmmət məktubu göndərmişdir. Bu məktublar müharibənin səbəblərini aydınlaşdırmaqla yanaşı, Sultan Səlimin və Şah İsmayılın hansı insani keyfiyyətlərə malik olduqlarını da tam şəkildə üzə çıxarır.

Sultan Səlim ilk məktubunu bir növ adam kimi başlayır: «Əcəm hakimi, ən yüksək qoşun başçısı, böyük rəhbər, zəmanənin Zəhhaki – Zöhhakı, müharibəyə meyilli Dara, dövrün Əfrasiyabı əmir İsmayıla…»

Bu sözlərdə ziddiyyət də tapmaq olar. Tarixdə zalım hökmdar kimi tanınan Zöhhakla, Dara ilə böyük Turan hökmdarı Əfrasiyb yanaşı qoyulur.  «Əmir İsmayıl» sözlərində isə kinayə duymaq mümkündür.

Sultan Səlim Şah İsmayılı daha çox guya islam dininə müxalif olmaqda, islam dini qaydalarını pozmaqda  ittiham edir. Tədricən tonunu artırır: «…kimsə ilahi hökmləri icra etməkdən üz çevirərsə, (ilahi) əmr və qadağalara tabe olmaqdan boyun qaçırarsa, din pərdəsini ləkələyərsə və möhkəm şəriəti məhv etməyə qalxarsa…» «dinin ədalətli sultanlar»ına «fitnə-fəsad yaradanların fəsadlarını aradan qaldırmaq üçün əllərindən gələni etməsi vacibdir».

Açıq hücuma keçir: «Təcavüz etməklə Şərq ölkələrini ələ keçirdin. Əmrə tabe olduğun miskin bir guşədən əmr verən əzəmətli saraya qədəm basdın. Müsəlmanların üzünə zülm və əziyyət qapılarını açdın. Dinsiz və kafirləri bir-biri ilə evləndirərək qarışdırdın. Fitnə və fəsadın aşkar olmasını özünə  şüar və hədəf  seçdin. Zülm bayraqlarını qaldırdın». İlk iki cümlədən sonrakılarla Sultan Səlim sözə basır, əsassız sözlər danışır. Zülm və zorakılığa qalsa, Sultan Səlim qədər zülmkar və amansız hakim olmayıb. İlk iki cümlədə isə o həm haqlı, həm də haqsızdır. Sultan Səlim Şah İsmayıldan daha çox işğalçı idi. O qədər günahkar və dinsizdir ki, Məkkəni, Mədinəni işğal etmişdir. Şah İsmayıl isə Azərbaycanı, onun keçmiş torpaqlarını birləşdirmək istəyirdi. Şah İsmayılın «dinsizliyi» Şirvann sünni dövlətini Azərbaycana birləşdirməsi və sünnilərə təzyiqi ilə bağlı idi. «Əmrə tabe olduğun miskin bir guşədən əmr verən əzəmətli saraya qədəm basdın» dedikdə Şah İsmayılın Ərdəbil şahlığından irəliləyərək bütün Azərbaycana hakim olmasına işarə edirdi. Şah İsmayılın bu qüdrəti qardaş bir xalqın hakimi  kimi Sultan Səlimi sevindirmir, ona bir işğalçı gözü ilə baxır, gözü götürmür, qısqanır. Öz arvadının – Sultan Süleymanın anasının hansı məzhəbin sahibi olduğunu nəzərə almadan «Dinsiz və kafirləri bir-biri ilə evləndirərək qarışdırdın» deyir.

Tədricən mətləb üstünə gələrək guya «dini gücləndirmək», «məzlumlara yardım etmək» üçün «zireh və dəmir libas geyərək» Azərbaycana yeriməkdə olduğunu bildirir: «Səfər ayında dənizdən keçdik. Bu niyyətlə ki, əgər Allah-təala  yardım etsə, güc və qüvvəmizdən  istifadə edərək  zülmkar əl-qolunu qoparıb, təşvişli başından qalib olmaq sevdasını çıxaraq». Ortada aşkar təhqirə də keçir: «Meşədə aslanın nəriltisi yoxdursa, çaqqalın səsi hündürdən gələr». «Bəzi xarakterlərin pis olması təbiidir və düzələn deyil. Belə ki zəncini yumaqla ağarmaz. Xarakterin süstlüyü, şər işlərə adətkərdə olmaq şəhvətin hakim olmasından qaynaqlanır».

Sultan Səlim, yəqin ki, bu simvollarda özünü görür. Şah İsmayıl Sultan Səlimdən fərqli olaraq, şəhvət düşkünü olmayıb. «Xarakter süstlüyü» ifadəsi də Şah İsmayıl üçün böhtandır. Şeyx nəsli daim şər işlərə qarşı qəti və kəskin mübarizə aparıb. Bütün bu sözəbasmaların, daha çox Sultan Səlimin özünə aid olan xüsusiyyətlərin (insan özündə olanı özgəsində görər) əsas məqsədini məktubun sonuna yaxın Sultan Sədlim açıq yazır: «Əgər… bütün hallarda Allah-təalanı  unutmasan, pis işlər, doğru olmayan davranışlar və çirkin adətlərdən peşman olsan, səmimi qəlbdən tövbə və istiğfar etsən, ötən zamanda bizim qalib ordunun dördayaqlılarının ayağı dəydiyi  qala və məkanları (indii isə sənin tabeçiliyində olan və onları işğal edərkən bizi) məzəmmət etdiyin həmin ərazilərin hər bir guşəsini  Osmanlı məmləkətlərinin tabeçiliyinə verərək bizim əzəmətli himayəmizdə olan bəndələrə tapşırsan  (kursiv bizimdir – Q.K.) daha yaxşı olar. Bizim xidmətimizdə duranlardan yaxşılıq, nəvaziş, mehribanlıq və xoşxasiyyətdən başqa bir şey görməzsən». Məktubun sonunda yenə təhqir və qorxutma üsulu ilə danışır: «Bir müddətdir yelbeyinliyin şiddətindən sərdarlıq sevdasına düşmüsən və lovğalığın çoxluğundan cahangirlik və fatehlik iddiası dilində cari olur. Əgər mərdsənsə, mərdlərin meydanına çıx ki, taleyin hökmü müəyyən olsun».

Mən neçə minillik  vətənimin parçalanmış torpaqlarını birləşdirməyə, dağılmış yurdu birləşdirməyə  çalışım, sən də deyəsən ki, istiğfar elə, o torpaqları qat bizim imperiyanın tərkibinə. Deməli, din də, məzlumlar məsələsi də Sultan Səlim üçün bəhanədir. Şah İsmayıl Osmanlı torpaqlarını deyil, Osmanlıların işğal etdiyi Azərbaycan torpaqlarını birləşdirmişdi. Şah İsmayılın məzəmmətinin də səbəbi o idi ki, qohum türk üzünü başqa ərazilərə tutmaq əvəzinə, qardaş torpağına yönəlmişdir. Uzun Həsənin dədə yurdu Diyarbəkr, Qazi Bürhannəddinin yurdu və Şərqi Anadolu-Azərbaycan torpaqları səkkiz yerə bölünmüş qədim Azərbaycan torpaqlarından o vaxtlar ayrılmışdır. Sultan Səlim işğalçıdır – bu, aydındır. Lakin nə qədər bədbəxt adamdır ki, səkkiz illik hakimiyyəti illərində ən ağır zərbələri qardaş Azərbaycan əhalisinə, müsəlman məmlüklərə vurmuşdur. Bizim bir sıra nadanlar da hələ bu aşkar cinayəti anlamaqda çətinlik çəkirlər.

İkinci məktub yenə dini moizə, Sultan Səlimin mədhi, Şah İsmayıla qarşı təhqiramiz sözlərlə başlayır: «Səmadan enmiş vəhy kimi bu zəfər tuğralı məktub… Süleyman kimi uca mərtəbəli, İskəndər kimi cahangir, Firudin kimi şərəfli, kafir qövmə qarşı vuruşan,  (Allah yanında) çox  möhtərəm və çox müti (mələkləri) qəbul edən, qoruyucu mücahid, müzəffər yardımçı, şir nəslindən olan (Leys bin əl-Əsəd bin əl-Qəzənfər), ədalət və yaxşılıq bayrağını genişləndirən, bizim əzəmətli ağamız Sultan Səlim şah ibn Sultan Bayazid ibn Sultan Murad xan tərəfindən»  «Əcəm məmləkətinin padişahı, zülm və sitəm diyarının ağası, pislərin sevinci və rəhbəri, zəmanənin Darası, dövrün Zəhhakı, Qabilə bənzər əmir İsmayıla».

Öz aramızdır, Qabil dedikdə Sultan Səlim daha çox yada düşür. Atası Şeyx Heydərə, babası Cüneydə, qardaşlarına Şah İsmayılın məhəbbəti hamıya məlumdur. Atasını zorla taxtdan salıb zəhərləyən, qardaşlarını və onların övladlarını boğdurub öldürən Səlim elə Qabil özüdür. Həmişə belə olub: oğru doğrunu da özü kimi oğru bilib. Dövrün Zöhhakı da elə Sultan Səlim olub. Budur, onun xarakterini tarixçi belə təsvir edir: «Amansız təbiəti, tətbiq etdiyi sərt üsuli-idarəsinə görə  Səlim öz sələflərinin hamısından fərqlənirdi. Müasirlərinin  onun adının sonuna əlavə etdikləri  «Yavuz» ifadəsi də məhz bundan qaynaqlanırdı və «qəddar», «sərt», «qorxunc»  mənasına gəlirdi. Hərfi tərcümədə  «yavuz» kəlməsi «quduz köpək» mənasını verir. (Maraqlıdır ki, bu ləqəb 16-cı əsr rus çarı İvan Qroznının ləqəbinə uyğun gəlir).Tarixçilərin qeydlərinə əsasən Səlimin bu sərtliyi özünü təkcə idarəçilik məsələlərində büruzə vermirdi, gündəlik həyatında da sultan  ətrafındakı insanları vahiməyə salacaq qədər  sərt və zalım idi. Türkiyəli tarixçi İ.H.Uzunçarşılı yazır ki, qırmızı üzü, çatma qaşları olan Səlim çox kəskin baxışları ilə  hamını dəhşətə gətirirdi, danışarkən bəzən əsəbdən bir sözü dəfələrlə təkrarladığının fərqinə belə varmırdı». (Səh.355-356; Həmçinin: Prof.İ.H.Uzunçarşılı. «Böyük Osmanlı tarihi», 2-ci cild, Ankara, 1988, s.302). Xüsusən vəzirlərinə qarşı son dərəcə amansız olmuşdur: «…onun hakimiyyəti dövründə  bir-birinə qarğış edən, pis aqibət diləyən insanlar belə deyərdilər: «Səni görüm Sultan Səlimə vəzir olasan». Eldar Əmirovun yazdığı tarixi arayışda deyilir: «Görkəmli Avstriya şərqşünası Von Hammer «Böyük Osmanlı tarixi»ndə yazır ki,  Sultan Səlim zamanında vəzirlərin hamısı öz ciblərində vəsiyyətnamələri ilə birgə dolaşırdılar. Çünki vəzirlərin hansı anda Səlimin qəzəbinə gələcəklərini təxmin etmək qeyri-mümkün idi. Onlar hər dəfə sultanın qəbulundan sağ-salamat çıxdıqları zaman  özlərini yenidən dünyaya gəlmiş kimi hiss edirdilər». (s.359) Səlimin sifətləri bunlar idi.

Sultan Səlim məktubda yeni iftiralara əl atır, guya Şah İsmayılın məscidləri xarab edib bütxanalar düzəltdiyini, minbərləri zalımcasına dağıtdığını, Quranı keçmiş xalqların əfsanəsi hesab etdiyini, yeni adət-ənənələr yaymağa çalışdığını və s. qeyd edərək əsl mətləbə keçir: «Din nəsihətdir» – (düşüncəsindən) çıxış edərək əgər kişilərin üz tutduğu yer olan bizim yurdun mələklərinin arzu Kəbəsi və bəxt qibləsinə üz tutsan, zülm altında inləyən təbəələrini incitməkdən əl çəksən və özünü «günahdan tövbə edən günahı heç olmayan kimidir» cərgəsində qərar versən, Məhəmmədin, – salam olsun ona, pak ailəsinə və  hidayət edən sahabələrinə  və Allah onların hamısından razı olsun,  «sahabələrim ulduzlar kimidir, hər hansı birini nümunə götürsəniz, hidayət olarsınız» (deyə buyurmuşdu), – pak və doğru sünni  təriqətinin ardıcılı olan millət və məzhəbdən olsan, həmin ölkələri və onlardan asılı olanları Osmanlı ərazilərindən hesab etsən, padşahlıq və şahlıq lütfümüz sənə də şamil olacaqdır». (80-81)

Səlimi mədh edən misralar da acı və ədəbdən uzaqdır, insani deyil: «Mən o şəxsəm ki, qılıncımı sıyırdıqda Yer üzündə qiyamət qopararam», «Pəhləvanların qanından sübh vaxtı şərab içərəm», «Qılıncımdan Günəşin ürəyi titrəyər» və s. Amma onu da düz deyir ki, «Əgər döyüşə gəlmişəmsə, (deməli), sən (məni) saymamısan».

Sultan Səlimin məktubundan aydın olur ki, o, müharibəyə gəlir və barışıq fikrində deyil. Şübhəsiz, Şah İsmayıl kimi vüqarlı dövlət başçısı və qüdrətli sərkərdə onun dediklərini  – təkliflərini yalnız kinayə ilə qarşılayardı. Lakin hətta Şah İsmayıl əvəzinə bir başqası bu cür təklifləri qəbul etmiş olsaydı belə, Səlim müharibəyə gəlirdi. Müharibənin bütün tarixi məsuliyyəti, bütün tökülən qanlar Osmanlı padşahının boynundadır və burada Şah İsmayılın bir misqal da günahı yoxdur. Barışmaq istəyən adam Qurandan ayələr gətirib, barışığa çağırıb, sonra da deməz ki: «Qaralmış qəlbə moizə oxumağın faydası olmaz. Allahın köməyi və  ən gözəl yardımları ilə başında hər tac olanın tacını odlayaram və geniş yer üzünü o insanlardan təmizlərəm».

Sultan  Səlim başqalarına məktublarında da Şah İsmayılı saymır, onun haqqında ədəbsiz sözlər söyləyir, onu uydurduğu böhtanlarla suçlamağa çalışır və ümumən Azərbaycanda belə bir cəsur hökmdarın meydana çıxmasını qısqanclıqla qarşılayır. Onun Ubeyd xan Özbəyə məktubunda deyilir: «…bir müddətdir ki, Şərq məmləkətlərinin əhalisi napak, xəbis, yalançı, günahkar, qantökən cani olan sufi körpənin əlindən cana gəlibdir». (62) Şah İsmayıl həmişə sözlərində qəti olub. Xəbislik, qantökənlik Şah İsmayıldan yaşca bir rüb böyük olan Sultan Səlimin sifətləridir. Şiələr napak olsa, sünnilər də napak sayıla bilər. «Hətta ən aşağı səviyyəli fərmana itaət edənlərin cərgəsindən ən yüksək səviyyəli fərman verənlərin  cərgəsinə yüksəlib» (62) – sözləri ilə Şah İsmayılın şah nəslindən çıxmadığına işarə edir. Bu cür görüşünə görə, Şah İsmayıl öz fəaliyyəti və dünyagörüşünün yüksəkliyi ilə Sultan Səlimdən müqayisəedilməz dərəcədə ucada durur. Bu məktubda Sultan Səlim ağlına gələn bütün şər işləri Şah İsmayılın boynuna yükləməyə çalışaraq onunla müharibəyə getmək qərarına gəldiyini bildirir: «…fəal ağılın ilhamlarına istinad edərək  özlərini kamandan çıxan oxlar kimi, düşmən və üsyan əhlinin qanını tökərək qırmızı rəngə boyanmış qılınclar timsalında, yaşıl dağlar bənzəri çoxlu sayda ordu və əzəmətli dəstələrlə həmin özbaşına olan fasid və inadkar kafirin  kökünü kəsmək üçün hərəkət etmək qərarına gəldik». Lakin bu sözlər və Sultan Səlimin bu hərəkəti heç də «fəal ağlın» nəticəsi deyil. Sultan Səlimi təlaşa salan Şah İsmayılın dönməzliyi və qüdrətidir. Cəhd etdiyi isə işğal altında saxladığı bütün məmləkətlərin kişi əhalisini silahlandırıb yaşıl meşələr bənzəri ordu ilə gənc və qüdrətli Azərbaycan hökmdarının üzərinə yeriməsidir, babalarından qalma mülklərinə Azərbaycanı da qatmaq istəyidir.

Özbək xanı  Übeydin Sultan Səlimə cavab məktubu da göstərir ki, onları qorxuya salan «ildırıma bənzər bir zalımın» meydan çıxmasıdır: «Xüsusilə kafirlərin ən böyüyü dinsiz qızılbaş,- Allah onları məhv etsin,- bir neçə kimsəsiz dostla  yeni ortaya çıxdıqdan sonra  qələbə və hakimiyyətə nail olan kimi, zülm və sitəm etməyə başladı… Səltənət sevdasının xam xəyallarına qapılıb ağıl kasasında bişirdi (səltənət xəyalına düşdü). Zəmanənin sultanları ilə söz güləşdirib qol gücü sınamağa başladı. Bu tayfanın  aradan qaldırılaraq məhv edilməsini hər kəsin icra etməkdə mükəlləf olduğu vacib əməl hesab edirəm». (69) Şeybaninin tökdüyü qanları nəzərə almayan Übeyd xan Şeybani yanğısı ilə danışır, Sultan Səlimlə tam həmrəy olduğunu bildirir. Übeyd xan öz məktubunda axmaq-axmaq dediklərini nəzərə almır:

«O əxlaqsızdan bir heyf almaq üçün

Yüz minə yaxın (insan) öldürdük».

Übeyd xan «yolunu azaraq zəlalətə düçar olmuş tayfanı» (Şah İsmayılın dövlətini) məhv etmək üçün qurultay çağırmaq və bir qərara gəlmək fikrində olduqlarını bildirir. (71)

Sultan Səlimin Ağqoyunlu Məhəmməd bəyə məktubunda da (hicri 920) əsas məqsəd Ağqoyunluları Səfəvilərə qarşı qaldırmaq idi. Sultan Səlim «əsas fitrəti əhli-sünnət» olan bu camaatın Şah İsmayılın tabeçiliyində olmasının «çarəsizlikdən» olduğunu, ona görə də onlara xələl gətirmədiyini qeyd edir: «O kafir və dinsiz tayfaya bu qədər bağlı olmağınızdan sizin din və inancınıza heç bir zərər dəyməyəcəkdir. Böyük səhabələrin Allaha şərik qoşanlar və giriftar olması  (sizin) bu  (çarəsizlik üzündən baş verən) giriftarçılıq və bağlılığınıza bəraət qazandırır». (92)  Odur ki «o torpaqları fəth edərək dinsiz kafirlərin zülmündən qurtarmaq və o dinsiz-kafir millətin  yolunu azmış başçısı  və rəhbərini yer üzündən silmək üçün» yola düşdüklərini yazır və «Cənabınızın bu böyük dövlətimizə  birləşməsi və qovuşması  nizamlanmış və müəyyən olmuşdur» deyə məktubunu tamamlayır. Bütün bunlar göstərir ki, Azərbaycanın müstəqilliyi naminə bu cür dəhşətli irticanın qabağında tarix Şah İsmayılı yetirməkdə düz etmişdir.

Sultan Səlimin Luristan hakimi Şah Rüstəmə məktubunda da Şah İsmayıl haqqında təhqiramiz sözlər işlənir: «məlunların rəhbəri, şeytan ordusunun qoşun başçısı və dinsiz İsmayıl». «O kafirin və əxlaqsızın (təhrikçinin)  aradan qaldırılaraq sıradan çıxarılması». (99) Tapşırıq verir: «Siz də azuqələrinə mane olmaq, (İsmayılın) adamlarının yolunu kəsmək, öldürmək və pərən-pərən salmaq üçün (ixtiyarınızda olan) imkan və sərvətdən istifadə etməlisiniz». (100)

Bu faktları Osmanlı türkləri nə cür qəbul edir, o, onların öz işləridir. Çünki Səlim onların babasıdır. Mən «Şah İsmayıl duran yerdə Sultan Səlimə nə yağı?» deyən bizim bədbəxt vətəndaşları başa salmaq istəyirəm. Belələrindən soruşduqda ki, sən kimin övladısan, sənin baban kimdir?, ikiüzlülüklə cavab verirlər ki, həm Şah İsmayıl, həm də Sultan Səlim onların babasıdır. Mən belələrini Səlimin törəməsi hesab edirəm və onların Şah İsmayıl ruhuna düşmən olduqları qənaətindəyəm.  Bir belə tarixi cinayətlə türklər yenə Səlimi müdafiə edirlər və onların efir və ekranlarında «Şah İsmayılı doğduğuna peşman edən Sultan Səlim» kimi yaramaz ifadələr   işlədilir.

Üçüncü məktubu yenə İsmayılın islama müxalifliyi iddiası ilə başlayır, həm də kinayəli «qoçaq İsmayıl» ifadəsi ilə: «Qoçaq İsmayıl… islama qarşı hörmətsizlik və məxluqatın ağasının, – salam olsun ona, – şəriətini məhv etməyə ciddi-cəhdlə çalışmağın (haqqında) yetərincə məlumat almışıq». «Alimlər və din rəhbərləri  yekdilliklə fətva verib  əsasən Məhəmmədin (s.) dini qanunlarını  dirçəltmək və Əhmədin  (s.) şəriət hökmlərini bərpa etmək üçün  düşmən şikarına susamış çoxsaylı ordu ilə səni (məğlub etmək) məqsədi ilə Şərqə doğru yönəldim». Məqsədini də ilk cümlələrdən bildirir: «Fitnə-fəsad dairəsinin mərkəzi olan zərərli vücudunu ruzigarın səhnəsindən iti qılınc və xəncər ilə silmək» üçün. Lakin əsl məqsəd bu sonrakıdır: «Bu səfərimlə sənin hökmranlıq etdiyin  və tabeçiliyində olan torpaq və ərazilər fəth bayrağımın dalğalanması şərəfinə  nail olacaqdır».

Dini bəhanələrlə şiələrin üzərinə yerimək və Azərbaycan torpaqlarını fəth etmək üçün Sultan Səlim şeyxülislamdan fətva almışdı: «Şeyxülislam da  Səfəvi şiələrinin qanı, malı, arvad və uşaqlarının  halal olması haqqında fətva verdi». (87)

Məktubun qalan hissəsi hədə və təhqirlərdən ibarətdir: «Hazırda Azərbaycanda olan dağ və təpələrdə qalib ordunun dördayaqlılarının  dırnaq izi aypara ilə dolu səmaya dönmüşkən, hələ ki nə səndən bir səs-soraq var, nə də gözə dəyirsən. Elə yox olmusan ki, varlığınla yoxluğun arasında  fərq yoxdur». «Təhlükəsiz yerdə pərdə arxasında gizlənənləri ər adlandırmaq xətadır». «Ölümə doğru getməkdən kimsə qaçırsa, zorla dartıb (ölümə doğrü) yerindən tərpədərlər». «Əgər səndə az da olsa qeyrət və cəsarət varsa, gəlib şanlı və qalib əsgərlərimlə qarşılaşarsan» və s.

Burada iki məqam maraqlıdır. Səlimin «Alimlər və din rəhbərləri yekdilliklə fətva verib  əsasən Məhəmmədin (s.) dini qanunlarını dirçəltmək və Əhmədin (s.) şəriət hökmlərini bərpa etmək» cümləsindəki «əsasən» sözündən aydın olur ki, şeyxülislam da, Səlim də başa düşürlər ki, iddiaları düzgün deyildir.  Əgər sünnilik islamın bir təriqətidirsə, şiəlik də eyni hüquqlu digər bir təriqətidir. Əgər şiəlik sünnilərin nəzərində islama bu qədər yaramaz bir təriqətdirsə, şiələrin də nəzərində sünnilik o qədər yaramazdır. Sənin gücün, yüksək texnika ilə silahlanmış nəhəng ordun var və buna görə də şiəliyi bəhanə edib, ölkələri fəth etmək, xalqların müstəqilliyini əlindən almaq istəyirsən, bu, başqa məsələdir, cahangirlikdir. Elə bizim bir sıra məzlum «savadlıları» yaman günə qoyan, günahı Şah İsmayılda görən avam və fərasətsiz adamların başa düşmədiyi budur. Başa düşmürlər ki, Şah İsmayılın babaları daha əvvəllər sünni olublar və onlar şiəliyi sonralar qəbul ediblər və onlar hələ feodalizmin indiki qədər tüğyan etmədiyi bir dövrdə başa düşüblər ki, sünni-şiə məsələləri boş şeydir, lakin fanatizm əhalinin gözlərini o qədər bağlayıb ki, onun köməyi ilə ölkənin müstəqilliyini qorumaq olar. O dövr üçün belə bir ziddiyyət olmasa, Bayazid Azərbaycanı öz içərisində əridə bilərdi.

Bu, Şah İsmayılın böyük uzaqgörənliyidir. Kim bu cür düşünmürsə, Azərbaycanın öz müstəqimlliyindən məhrum olaraq Osmanlı imperiyası tərkibində bir vilayətə çevrilməli olduğunu dəstəkləyir. Budur, illər keçdi, şiəlik  də, sünnilik də öz əhəmiyyətini itirdi. Azərbaycan öz müstəqilliyini qoruyub saxladı. Bu, Şah İsmayılın tarixi uzaqgörənliyinin nəticəsidir və bunu heç kəs dana bilməz.

E.Əmirov kitabın «Tarixi arayış» bölməsində Sultan Səlimdən danışarkən yazır: «Doğrudur, I Səlim Çaldıran döyüşündə çətinliklə də olsa, müvəffəqiyyət əldə edə bildi, lakin Səfəvi torpaqlarını tamamilə fəth etmək və onu məhv etmək  Osmanlı sultanına müyəssər olmadı. Səfəvilər dövləti nəinki öz mövcudluğunu qorumağı bacardı, həmçinin uzun onilliklər ərzində qüdrətli qonşusuna layiqli müqavimət göstərdi. Bu gün türk tarixçilərinin böyük qismi  hər vəchlə Çaldıran döyüşünün məsuliyyətini İsmayılın boynuna yıxmağa çalışırlar. Lakin günümüzə qədər gəlib çatan diplomatik məktublardan aydın olur ki, hadisələr heç də türk tarixçilərinin dedikləri məcrada davam etməyib. Sözügedən məktublarda  Səfəviləri və şəxsən İsmayılı  açıq-aşkar təhqir edən Səlim bütün mümkün vasitələrlə  onu müharibəyə sürükləmişdir. Səlimin qabalığı və təcavüzkar davranışları məsələləri sülh yolu ilə qaydaya salmaq imkanlarını bütünlüklə heçə endirmişdir». (361)

Tarixi belə anlamaq lazımdır!

İkinci məqam zorla döyüşə məcbur etməkdir: «Ölümə doğru getməkdən kimsə qaçırsa, zorla dartıb (ölümə doğru) yerindən tərpədərlər». Sultan Səlim Şah İsmayılı zorla döyüşə təhrik edib. Türkiyə tarixçiləri Çaldıran döyüşü ilə bağlı məsuliyyəti İsmayılın boynuna qoymağa çalışırlarsa, deməli, onlar tarix yox, nağıl yazırlar, öz zalım babalarını əsassız olaraq müdafiə edirlər. Türk sultanları uzun müddət Azərbaycana qarşı işğalçılıq siyasəti yeridiblər. Hələ Sultan Səlim şükürlüdür. O nə qədər zalım olsa da, dini bəhanələrə əl atıb, Azərbaycana – şiələrin üzərinə  yerimək üçün şeyxülislamdan fətva alıb. Onun oğlu Sultan Süleymanın heç belə bəhanələri də olmayıb, az vaxt ərzində bir neçə dəfə (1535,1537, 1548 və s.) Azərbaycanı çapıb-talayıb. Bu cür aşkar işğalçılığı necə pərdələmək, ona necə haqq qazandırmaq olar? Bu cür subyektiv tarixçilərlə birlikdə necə müştərək Azərbaycan və türk tarixi yazmaq olar? Onlar öz qərəzlərini necə yumşalda bilərlər? Yaxud Azərbaycan tarixçiləri Sultan Səlimin Çaldıranda törətdiyi fəlakətlərə, Sultan Süleymanın gənc Təhmasibin üzərinə hücumlarına necə sığal çəkə bilərlər? Lüzumsuz iddiadır.

E.Əmirov doğru deyir. Səfəvilər Çaldıranda məğlub olsalar da, Səfəvi dövləti məhv olmada. Bu, ilkin bir qələbə idi. Şah İsmayıl sağ idi və o, ölkəni hər vəchlə müdafiəyə çalışacaqdı. Sultan Səlim də bunu bilirdi. O, ölkəni fəth edə bilmədiyini başa düşürdü və ona görə də yenidən Azərbaycana hücum planı hazırlayırdı. Lakin müxtəlif bəhanələrlə sonralar bundan yayınmalı oldu. Təbii ki, Şah İsmayıl müridlərinin sərt üzü ona daha yaxşı məlum olmuşdu. Ətraf vilayətlərin hakimlərinə məktublar yazaraq, Şah İsmayıl haqqında məlumat vermələrini, imkan olduqda Səfəvilərə ziyan vurmalarını məsləhət görürdü. Çaldırandan sonra Təbrizə girdi və demək olar ki, əli boşa çıxdı.  6 gün Təbrizdə qaldıqdan sonra ac-susz ordu ilə çıxıb getməli oldu. Şah İsmayılın bu taktikası təxminən sonralar Kutuzov tərəfindən təkrar olunmuşdur. O da Moskvanı boşaldaraq Napoleonun rus şaxtasında ac-susuz qırıla-qırıla çıxıb getməsinə səbəb olmuşdu.

Şah İsmayıl Çaldıranda sağ və sol cinahlardan hücum etməli olmuşdu. Kaş bəxti gətirə idi, Uzun Həsənin babası Yoluq Osmanın 600 nəfərlik ordu ilə birbaşa Qazi Bürhanəddinin 10 min nəfərlik ordusunun ortasından düz birbaşa Qazi Bürhanəddinin üzərinə yeridiyi kimi, birbaşa Səlimin üstünə yeriyib onun o qırmızı sifətini bədənindən ayıra idi.  Ağır toplar və saysız ordu ilə silahlanmış Səlim lovğalığın nə olduğunu bilə idi.

Sultan Səlimin dördüncü məktubu da hədə və təhqirlə başlayır: «Qoçaq İsmayıl… səni öldürmək məqsədi ilə saysız-hesabsız ordu və qələbə rəmzi olan fəth bayrağımızla uzaq məsafələri qət edib hakimiyyətin altında olan  məmləkətə daxil olduq. Əmr sahibləri olan sultanların, padşahlıq qüdrətinə sahib olan xaqanların  inancına görə, idarəçiliyi altında olan məmləkətlər onların namusu   (kəbinində olan qadınlar) kimidir. Kişilikdə pay sahibi, mərdlikdə bəhrəsi, heç olmasa, daxilində zərrə qədər özəyi  olan bir şəxs üçün  başqasının onun (namusuna)  hücum etməsinə dözmək ehtimalı yoxdur. Elədirsə, neçə gündür ki, güclü və qalib əsgərlərim məmləkətinə daxil olub səfa sürürlər, nə səndən bir səs-soraq var, nə də gözə dəyirsən. Elə yox olmusan ki, varlığın ilə yoxluğun arasında bir fərq yoxdur». (85-86)  «…bu  zamana qədər  səndən mərdlik və igidliyin müşahidə edildiyi bir iş görünməyib. Gördüyün işlər də bütünlüklə hiylə və fırıldağın səmərəsidir». «Əgər bundan sonra da  keçmişdə olduğu kimi qorxu və dəhşətdən bir küncə sıxılsan, (igid) adı sənə haramdır. Dəbilqə yerinə məhəccər, zireh yerinə çarşab ixtiyar edib rəhbərlik və ordu başçılığı sevdasından vaz keçərsən». (86) Sultan Səlim, deyəsən, Şah İsmayılı hətta uyuşdurucu ilə məşğul olan şəxs kimi qələmə verməyə çalışır: «Hələ mübtəla olduğun dərdin davası da məlumdur. O deyiləsi olmayan şeydən  istifadə etməklə qəlbini gücləndirirmişsən». Bunlar Şah İsmayılı haldan eləmək, döyüşə çıxarmaq üçün söylənilən iftiralardır. Halbuki onun atası Bəyazid öz gəncliyində bir müddət uyuşdurucu aludəsi olmuşdur.

Bu dördüncü məktub əvvəlki üç məktubun müqabilində İsmayılın yazdığı bir cavab məktubundan sonra yazılmışdır və İsmayılın yüksək mədəniyyət nümayiş etdirən məktubunun Sultan Səlimə heç bir təsiri olmamışdır.

Sultan Səlim oğlu Süleymana yazdığı məktubda da Şah İsmayıla iftiralar yağdırır: «…Ərdəbil oğlu deyilən  (Şah İsmayıl)  fitnəkarlıqda, allahsızlıqda, kafirlikdə, fitnə-fəsadı şüar etməkdə, kafirlik və dinsizlik libası geyməkdə, bəndələrə əziyyət verməklə öyünməkdə  və məmləkətləri viran qoymaqda zəmanəsinin bəzəyi idi». Sonra da axmaq bir şərt qoyduğunu  yazır: «Əgər indiyə qədər etdiyin çirkin işlərə görə səmimi qəlbdən peşman olub «sünni»  (məzhəb)  müsəlman olsan, əvvəllər atımız ayaq basdıqları bölgələr və əraziləri Osmanlı himayəsində olan  məmləkətlərə qatsan (əlavə etsən), güclü dövlətimiz tərəfindən sevgi və mərhəmətdən başqa bir şey görməzsən. Əgər xoşagəlməz əxlaqından əl çəkməyib çirkin əməllərinə israr etsən, Allahın yardımı ilə  qalib ordum məmləkətində düşərgə salacaqdır. Ərsənsə meydana çıx…  Səadət və xoşbəxtlik ilə  Azərbaycan diyarı  fəth bayrağımın dalğalanması  şərəfinə nail olacaqdır». (96-97) Bir qədər sonra görəcəyimiz kimi, eyni  quduz fikirlər qərb ilə yanaşı, şərqdəki qoca yaramazda da olmuş, hər ikisi gənc Azərbaycan pöhrəsinin məhvinə çalışmışdır.

Əvvəldə qed etdiyimiz kimi, Sultan Səlim Şah İsmayıla üç məktub göndərmiş, Şah İsmayıl ona bir cavab məktubu yazmışdır. Sonra Sultan Səlim dördüncü məktubu yazaraq şahı daha təhqiramiz sözlərlə müharibəyə təhrik etmişdir. Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Səlimə məzəmmət məktubu göndərmişdir.

Şah İsmayılın birinci məktubu qısadır, lakin bütün etik qaydalara müvafiq və əhatəlidir – lazım olan bütün suallara cavab verir: «İlahi lütfü əldə edən, səltənəti ilə yamyaşıl islam bağının  himayəsində duran  (islamın himayədarı), dövlət, səltənət, dünya və din yolunun mücahidi cənab Sultan Səlim şaha, – Allah dövlətinizi daimi, əbədi səadətinizi  isə tükənməz etsin, – sevgi və məhəbbət dolu salam və dualarımı  göndərir və «görüşmək» arzusunda olduğumu bildirirəm». (83-84)

Etik normalara müvafiq olan bu xitab, əslində, adi vilayət hakimlərinə göndərilə bilən məktubların müraciət hissəsindən o qədər də fərqlənmir. Burada Sultan Səlimə şişirtmə-münasibət yoxdur. Lakin təhqir və təhdidedici bir şey də yoxdur. Görüşmək sözünün tərcüməçi tərəfindən dırnaqda verilməsi o deməkdir ki, bu, adi görüş deyil, müharibə görüşü mənasındadır.

Əsas mətləbə keçərək yazır: «Mətləbə gəldikdə, bir-birinin ardınca  göndərdiyin mübarək məktubların  sayı üçə çatmış oldu». Şah İsmayıl çəkinmədən məktubların məzmununu qısa şəkildə şərh edir: «Gəlib çatan məktubların  məzmununda  ədavət, cürət və sərtliyin payı daha çox idi. Lakin onun mənşəyinin nə olduğunu bilmədik».

Çox cavan idi. Çaldıran ərəfəsində 26-27 yaşlarında idi. Lakin ona mən məhəbbətlə «Şah baba» deyirəm. Özümü onun yerinə qoyuram. Dəfələrlə artıq qoşunla,  işini-gücünü buraxıb bütün varlığı ilə ağır toplarla qonşu türkün qanını tökməyə gələn bir adama nə cavab vermək olar?  Şah İsmayıl demək istəyir və aydın şəkildə deyir ki, bütün «dəlillərin» boş sözlərdən ibarətdir. Müharibə üçün heç bir əsasın yoxdur. Səni müharibəyə vadar edən nədir, bilinmir. Atasını – Bayazidi xatırladır: «Cənnətməkan atanızın zamanında, – Allah qəbrini nurla doldursun, –  bizim uğurlu yürüşümüz Əlaüddövlə Zülqədərin dikbaşlığına görə Rum sərhədlərinə gəlib çıxsa da, hər iki tərəfdən dostluq və həmrəylikdən başqa, heç nə müşahidə edilmədi. Cənabınız da Trabzon valisi olan zaman  həmrəylik nümayiş etdirdiniz. Hazırki kin-küdurətin səbəbi isə məlum deyil». (84)

Məktubda böyük təmkin var, o qədər təhqirlərin və çılğınlığın qarşısında Şah İsmayıl özünü həqiqi şah kimi aparır, çılğınlığa qoşulmur. Təmkinlə keçmişi xatırladır. Həqiqətdə də Bayazid dövründə hər iki imperiya əmin-amanlıq şəraitində yaşamışdır: «II Bayazidin hakimiyyət dövrü Azərbaycan Səfəvilər dövlətinin yarandığı illərə təsadüf etdiyindən bu şəxsiyyət diplomatiya tariximiz baxımından da kifayət qədər maraqlı fiqurdur… II Bayazidin siyasi müdriklik nümayiş etdirərək zaman-zaman hədsiz dərəcədə gərginləşən münaqişələri müharibə həddinə çatdırmadığı danılmaz həqiqətdir». (355) Lakin Sultan Səlim, atasından fərqli olaraq, bir fəlakət ustası kimi, ilk növbədə üzünü Şərqə çevirir: «Maraqlıdır ki, Avropa ölkələri ilə münasibətlər Sultan Səlim dövründə kifayət qədər sabit idi. Qərb istiqamətində hər hansı ciddi irimiqyaslı hərbi təşəbbüslərin müşahidə olunmadığı həmin dövrdə Osmanlı imperiyası  bütün diqqətini Yaxın Şərq regionundakı mövqelərinin möhkəmləndirilməsinə yönəltmişdi desək, yanılmarıq». (360) O dövrdə alman səfiri yazırdı ki, «bizimlə ölüm arasında Şah İsmayıl durur». Bu o demək idi ki, Sultan Səlim gücünü Şərqə – Şah İsmayıla yönəldib, o hesaba Avropa türk işğalı təhlükəsindən azaddır. Tarixçinin fikri səlisdir, lakin «Yaxın Şərq regionundakı mövqelərinin möhkəmləndirilməsinə» sözləri yumşaqdır, «Yaxın Şərq regionunun işğalına» demək daha düzgün olardı.

Şah İsmayılın məktubunda bir hadisə xatırlanır: «Cənnətməkan atanızın zamanında… bizim uğurlu yürüşümüz Əlaüddövlə Zülqədərin dikbaşlığına görə Rum sərhədlərinə gəlib çıxsa da». Cümlənin bu hissəsində Şah İsmayıl həm qızılbaş ordusunun şücaətini, həm də sərkərdə Zülqədərin türk torpaqlarına irəlilədiyini xatırladır. Bu hərəkətin səbəbini müəyyən dərəcə Zülqədərin dikbaşlığı, sözə baxmadan Rum sərhədlərənə müdaxiləsi ilə əlaqələndirir, həm də cəsarətlə o hərəkətin səbəbini aydınlaşdırır: «Bizim həmin bölgəni görməzlikdən gəlməyimizin səbəbi iki şeydir:  birincisi budur ki, o diyarın əksər sakinləri  bizim əsil-nəcabətli əcdadlarımızın, – bağışlayan və qüdrətli Allah öz mərhəmətini onlardan əsirgəməsin, – müridləridir. (İkincisi isə bizim uğrunda vuruşan) o ailəyə olan məhəbbətimizin (tarixi) qədimdir».

Aydın olur ki, Qızılbaş atlıları Rum sərhədlərinə çatmaqla kifayətlənməyib, hətta ölkə daxilində bir sıra bölgələrə daxil olublar. Bu yerlər, yəqin ki, Diyarbəkr, Sivas və ümumən şərqi Anadolu əraziləri – qədim Azərbaycan torpaqları olmuşdur – dəqiq bilmirik. Ona görə də Şah İsmayıl o yerlərin əhalisinin qızılbaş-şiə müridlərindən ibarət olduğunu, Azərbaycan hakimiyyətinin onları qorumalı olduğunu bildirir. Şah İsmayıl, həmin hadisəyə baxmayaraq, bu məqamda II Bayazidlə «dostluq və həmrəylikdən başqa, heç nə müşahidə edilmədiyini» xatırladır və çox böyük cəsarətlə, Sultan Səlimin azğın təklif və davranışları müqabilində çox böyük ustalıqla Teymur tərəfindən IBayazidin məğlub edilib əsir götürüldüyünü Sultan Səlimə xatırladaraq yazmışdır: Zülqədərin  o yerlərə hərəkəti ilə  «Teymurilər dövründə  o diyara edilən yürüşü (təkrar etmək) istəmirdik və hələ də istəmirik. Bu olanlara görə incimirik, niyə də inciməliyik ki?!»

Nə qədər böyük qüdrət və inam sahibidir! «Hələ də istəmirik!» sözlərinə diqqət yetirin. Şah İsmayıl bu sözləri yazarkən bilməmiş deyildi ki, Teymurun yada salınması və o yerlərin işğalını «hələ də istəmirik» sözləri Sultan Səlimi özündən çıxara bilər. Ona görə belə deyir ki, artıq Sultan Səlim cızığından çıxmışdı və təhdidlərində qəti idi. Şah İsmayıl bilir ki, «Sultanlar arası ədavət qədim ənənələrdəndir» və bilir ki, «Söz dava-dalaşı o həddə çatdırar ki, köhnə dostluqları viran edər».

Yenə etika dairəsindən kənara çıxmır, özündən 17 yaş böyük olan bu adamı başa salmağa çalışır, başa salır ki, yazdığın söyüş və təhqirlər bir sultan işi deyil, bunu tiryaki adamlar yaza bilər: «(Sultanlara) yaraşmayan ifadələrə gərək yoxdur. Şübhəsiz ki, həmin dinsiz ifadə və fikirlər  katiblərinin və tiryək çəkməkdən  beyinləri qurumuş mirzələrinin yazdığı uydurmalardır».

Nə qədər yüksəkdə durur! Qızılbaşları dinsizlikdə ittiham edənin özünün dinsiz olduğunu sübut edir.

Şah İsmayıl artıq işin işdən keçdiyini nəzərə alaraq Sultan Səlimi dolamaq üçün yazır: «Bu qədər ləngimənin də bir zərurəti olduğunu düşünürəm. Buna görə də möhürümüzlə möhürlənmiş xüsusi keyfiyyətli qızıl ilə dolu bir mücrünü  ən yaxın və etimad etdiyimiz  Şahqulu ağa ilə birlikdə göndərdim ki, əgər lazım olarsa, istifadə edərsən». Və nəhayət, bu işlərin sonunu bir daha ətraflı fikirləşməyi tövsiyə edir: «Amma kiminsə sözünə əhəmiyyət vermədən ciddi şəkildə düşün ki, sonrakı peşmançılıq fayda verməz».

Şah İsmayıl olmasın, mən olum, biz olaq, siz olun. Nə etməli idi? Özünü düşmənə çevirmiş türk qardaş 100 minlik ordu ilə, top-tüfənglə sənin üstünə gəlir. Tələbi budur ki: ölkəndəki bütün şiələr dinsiz və kafirdir. İslah olunmalıdır. Sən isə qədim tarixi olan (11-ci əsrdən mövcud olan Osmanlı tarixindən azı iki min, üç min il əvvəl tarixi olan) dövlətinin açarlarını ver bir dəliyə, çıx get vilayətlərdən birində Osmanlı köləsi kimi yaşa!

Yeganə yol döyüşdür! Ya ölmək, məhv olmaq, ya da Vətəni qorumaq! İsmayıl o böyüklükdə ordunun qarşısında həm mənəvi, həm  də fiziki cəhətdjən qalib gəlir. Nə qədər mürid qırılırsa, o qədər də Səlimin ordusundan qırılır. «Pirim, Mürşüdüm, Sultanım! Sadağa olduğum!» deyə ölümə gedən müridlər qırıldıqları qədər də qırırlar. Səlim özü oğlu Süleymana yazdığı məktubda da bunu etiraf edir: «(Tərəflər arasında) son dərəcə ştiddətli döyüuş və  qətllər başladı. Uzun müddət tərəflərin (bir-biri ilə)  mübarizəsi (nəticəsində)  hər iki tərəfdən çoxlu sayda  bəylərdən (ölən oldu), kimisi yaralandı və kimisi də öldürüldü». (96)  Tarixdə öz düşüncəsiz hərəkəti ilə itirən yenə Sultan Səlim olur. Türk dünyasına ziyan vurur. İsmayıl sadəcə olaraq geri çəkilir, təslim olmur və həqiqətdə də yaratdığı Qızılbaş-Səfəvi dövlətini qoruyub saxlaya bilir. Bununla da böyük qələbə qazanır. Öz ağlı, kamalı ilə 500 illik dövlətin başçısından üstün görünür. Üzünü tutmalı olduğu yerləri qoyub, sünni bayrağı altında qardaş kəllələrindən piramida düzəldən (yəqin ki, özününküləri də qatıb ora) Səlimə elə bir zərbə vurur ki, Səlim çox istəsə də, bir daha bu yerlərə dönə bilmir.

Çaldıran döyüşündən sonra Şah İsmayıl Sultan Səlimə iki məktub yazmışdır. Birinci məktubun mətni əldə yoxdur. İkinci məktubdan aydın olur ki, onu Sultan Səlimə əmir Siracəddin Əbdülvahhab aparmışdır. Sultan Səlim qəzəblənmiş, Əbdülvahhabı zindana saldırmışdır. Əmir Siracəddin 7 il zindanda qaldıqdan sonra Sultan Süleyman tərəfindən azad edilmişdir. Lakin 7 illik zindan həyatından sonra əmir Siracəddin elə İstanbulda  vəfat etmiş, orada Əbu Əyyub əl-Ənsari məzarlığında dəfn edilmişdir. (91)

Türk tarixçilərinin uydurmasına görə, itmiş məktubda Şah İsmayıl «ərazisinin bir hissəsini vermək şərti ilə  Taclı xanımın azad olması şərtini irəli sürmüşdür». Bu, ağlabatan deyil. Heç Taclı bəyimin əsir düşüb-düşmədiyi də dəqiq məlum deyil. Və keçmiş türk hakim babalar, indikindən fərqli olaraq, torpaq verib hakimiyyət və ya arvad almazdılar.

Məsələ burasındadır ki, bir döyüşdə məğlubiyyəti Şah İsmayıl tam məğlubiyyət və ölkənin fəthi kimi qəbul etməmişdir  və faktik olaraq öz ölkəsinin sərhədlərini qorumuş, Səfəvi dövləti öz varlığını tam şəkildə davam etdirmişdir. R.Mehdiyev doğru yazır: «Hər halda, Şərq tarixində ağır hərbi məğlubiyyətə düçar olduqdan sonra taxtda qalmağı bacaran  çox az sərkərdə olmuşdur. Bu isə yalnız xalqın və ordunun sonsuz  inamı, böyük dəstəyi sayəsində həyata keçmişdir». (20)

Səfəvilər öz varlıqlarını qoruyub saxladıqları üçün düşmənçilik də qalırdı. Sultan Səlimin yenidən ordu ilə gələcəyi və ölkəni tam təslim edəcəyi, işi sona çatdıracağı barədə söz-söhbət gedirdi. Xeyrəvan hakiminin Sultan Səlimə cavab məktubunda deyilirdi: «Buyurmuşsunuz ki, Təbriz sultanlığını şərəfləndirdikdən (tutduqdan) sonra o məmləkətin ərzaq və azuqədən  boş olduğunu görüb ərzağa ehtiyac olacağını ehtimal etdiyiniz üçün qorunan Rum məmləkətlərinin ətəklərinə doğru, – Allah fəlakətlərdən və pis niyyətlərdən qorusun, – geri dönmüsünüz. Gələn il yenidən yola çıxaraq pərakəndə düşmüş düşmənə qulaqburması vermək, məğlub və qolları qırılmış topluluğu cəzalandırmağı tamamlamaq qərarına gəldiyiniz məlum oldu». (109) Eyni fikri Sultan Səlim Misir hakimi Qansu Qiruya məktubunda da təkrar etmişdir: «…geri döndük və  gələn il Şərq məmləkətlərini  idarəçilik altına almaq və rəfizi (dindən dönmüş)  qızılbaşların,- Allah onların kökünü kəsib məhv etsin, – geri qalan qılınclarının (təhlükələrinin) qarşısını almaq qərarına gəldik». Sultan Səlimin məqsədi aydındır. Din söhbətləri  tamamilə bəhanədir. Məqsədi Şərq ölkələrini Osmanlı torpaqlarına qatmaqdır. Bunları başa düşmədən Sultan Səlimi babası hesab edən azərbaycanlı adlananlar faktik olaraq Azərbaycanın tarixi müstəqilliyi əleyhinə olan adamlardır.

Sultan Səlim yenidən Azərbaycana gələ bilmədi və bizim fikrimizcə, gələ də bilməzdi. Çünki bu dəfə müridlər onun imperiyasını məhv edə bilərdi, özü məhv ola bilərdi. Tarixçinin qeyd etdiyi kimi, yenidən Azərbaycana hücum edərsə, «asanlıqla Qansu Qiru ilə Şah İsmayılın qoşunları arasında  mühasirəyə düşə bilərdi». (120)

Ona görə də bir növ düz fikirləşdi, hələlik tam şəkildə özünə gələ bilməmiş Səfəvilərin müttəfiqi Qansu Qirunun üzərinə yeriməli oldu. Çaldıran döyüşü tipində yeni qırğın törətdi, böyük bir dövlətə son qoydu. R.Mehdiyev yazır: «I Şah İsmayılı  qardaş qanı tökməkdə ittiham edənlər  yəqin unudurlar ki, onların ideallaşdırmaq istədikləri I  Səlim Çaldıran döyüşündən iki il sonra, 1516-cı ildə Misir Məmlük dövləti ilə toqquşaraq, yeni, daha dəhşətli qırğına rəvac vermişdi. Həmin il Mərci-Dabik döyüşündə məzhəb baxımından sünnü, etnik cəhətdən isə türk olan məmlükləri məğlubiyyətə uğradan Səlim bu dövlətin varlığına son qoymuş, onun torpaqlarını Osmanlıya qatmış, sonuncu hökmdarı  Qansunu öldürmüş, ən nəhayət, özünü xəlifə elan etmişdir». (18)

Qansu Qiru şah İsmayıla rəğbət bəsləyirdi. Ona görə də Sultan Səlimə məktubunda onun yenidən Şah İsmayılın üzərinə yeriməsini məsləhət görmürdü. Sultan Səlimi dolayı yollarla başa salmağa çalışır ki, bu dəfə o. məğlub və məhv ola bilər: «…bu diyarlardan şərafətli iki hərəmə (Məkkə və Mədinəyə – Q.K.) gələnlərin çoxundan eşitmişik ki, məğlub İsmayıl sizinlə müharibə meydanından  qaçdıqdan sonra öz zəlil nəfsi ilə  sizinlə qəti şəkildə qarşılaşmamağı  (qərara almış və)  Uzun Həsənin Əbu Səid Qorqana etdiyi kimi, yollara, çöllərə və dağlara parçalar şəklində yayılaraq mübarizə aparmaq qərarına gəlibdir… Elə isə xalqa zərəri olmayan hiylələri  dəf etmək üçün  hərəkətə keçməyinizin bir faydası yoxdur». (119)  (Qansu Qirunun Şah İsmayıl ilə bağla xoşa gəlməz sözləri Sultan Səlimi aldatmaq üçündür). Uzun Həsənin Əbu Səidə qələbəsi ilə müqayisə çox kəskindir. Uzun Həsən Teymur nəvəsi Əbu Səidi tam şəkildə məhv etmişdir. Şah İsmayıl Çaldırandan əvvəl bir sıra sərkərdələrin sözünə baxmasa da, müridlərin cəsarətinə inanıb birbaşa Sultan Səlimin üzərinə yerisə də, yəqin ki, sonralar başa düşür ki, bu qədər ordunu Azərbaycana yeridən Sultan Səlimi yalnız dərə-təpədə yaxalayıb məhv etmək olar. Sonralar onun oğlu Şah Təhmasib yalnız bu üsulla Sultan Süleymanın ordusuna böyük təlafatlar vermişdir.

Şah İsmayılın Sultan Səlimə ikinci məktubundan aydın olur ki, sərhəd ərazilərdə o tərəfin və bu tərəfin əmirləri basqınlar edirlər, məhəlli savaşları davam etdirirlər. Əvvəlki məktuba cavab olmadığını, münasibətlərin düzəlməsi istiqamətində Səlim tərəfin bir təşəbbüs göstərmədiyini görən İsmayıl məktubda yazırdı: «Ağlımızdan belə bir fikir keçdi ki, bu əsnada hər iki tərəfin  şüursuz və ağılsız bəzi əmirlərinin  hər iki tərəfin sərhədlərinə  hücum edib bəzi hərəkət etmələri  həmin alicənabın yanlış anlaşılmasına (anlamasına olardı – Q.K.)  və nəticə etibarilə  sizin onu ləngitməyinizə və saxlamağınıza səbəb olmuşdur». (90)

Sultan Səlimin məktublarındakı söyüş və hədələrdən    fərqli olaraq,  keçmiş ənənələrə uyğun şəkildə hörmət və təriflə başlanan məktubda Şah İsmayıl mədəni şəkildə Sultan Səlimi məzəmmət edir, atası II Bayazidin daha ağıllı yol tutduğunu – qonşu ölkə ilə sülh və barışıq əsasında ömür sürdüyünü bildirir: «Nurlu daxilimdən gələn məhəbbətin nuru bundan ibarətdir ki, mərdlik və igidlik əlaqəsinin vəziyyətini tamamlayan və ata-oğul  münasibətlərinin təsirlərinin tələbindən doğan məhəbbət və səmimiyyətin davamlılığı, dostluq və sevgi qaydalarının möhkəmliyi keçmiş zamanlarda ən mükəmməl (surətdə idi) və cənnətməkan atan, – Allah onun günahlarını bağışlasın, – tərəfindən doğru şəkildə həyata keçirilməsi o dərəcədə qorunur və icra olunurdu ki,  hər zaman dünya sultanlarının  həsəd aparmasına və  ölkələrin xalqlarının qibtə etməsinə səbəb olurdu. Bu dost uca təbiəti və  əsalətli (əsaslı, möhkəm) fitrətinin tələbinə uyğun olaraq, şübhə əhli və düşmənlərlə  mübarizə edərək onları  geri oturdar, üsyan edənlər və zalımların  kökünü kəsmək və məhv etməklə məşğul olardı». (88) Və yenə: «…sultanlar nəslinin izzətli övladları arasındakı yəqin üzərinə qurulmuş qədimi dostluq bayraqlarını ucaltmaq  cənnətməkan xilafət məqamlı həzrətin (II Bayazidin) bu dosta (Şah İsmayıla) münasibətində özünü göstərirdi».

Yəni qısa desək, deyir ki, atanız Səfəvi qonşusu ilə sülhlə dolanır, ən çox daxilindəki müxalif qüvvələrlə, üsyançılarla məşğul olurdu. Onu da deyim ki, Sultan Səlimin Azərbaycandan tez getməsinin bir səbəbi də yeniçərilərin ölkə daxilində üsyanı idi.

Məktubdan o da aydın olur ki, dostluq və qonşuluq, qardaşlıq qaydalarına müvafiq olaraq, Şah İsmayıl son məqama qədər fitnə-fəsadlara uyaraq, Sultan Səlimin Azərbaycana yeriyəcəyinə inanmamışdır. Atasını misal gətirərək, «ataların dostluğu övladların yaxınlığına səbəb olur»  kəlamına müvafiq düşüncələrlə Sultan Səlimdən belə bir qəti hərəkət gözləməmişdir, çünki «…dostlara qarşı düşmənçilik və başqalarının işinə müdaxilə  etmə  düşüncəsi, təəssüb və mübarizə təsəvvür etmək qəribədir». (89)  Həm də çox qəribədir ki, Sultan Səlimin açıq qərəzinə baxmayaraq, onun Azərbaycana yürüşünü Şah İsmayıl onun fitnə-fəsada uyması, qərəzli uydurmaların onun «düşüncə aynasını ləkələməsi» ilə əlaqələndirmişdir: «…ixtilafın səbəbi fitnə-fəsad əhlinin fitnəkarlığından, kin-küdurət və düşmənçilik hissi bəsləyənlərin təhrikindən  başqa bir şey deyildir. Yalan danışanların batil sözləri, qorxusuz və qərəzli faydasızların  uydurmaları qeybi nurların saçdığı eyibsiz düşüncə aynanızı ləkələmişdir». (89) Şahın məktubunda Sultan Səlimin zəifliyinin səbəbi açıq deyilir: «Miras qalmış və möhkəmlənmiş saflıq və vəfalı olmaq  düşüncəsinin mənasını özündə əks etdirən parlaq şəxsiyyətinizə baxmayaraq, kəramətli təbiətiniz(dən) və qədimi dostluqdan təəccüb doğuracaq  şəkildə tam üz döndərdiniz.  …tənzimlənmiş qüvvətli ayaqlar üzərinə qurulmuş qanunlara baxmayaraq,  (uydurulmuş) sözlərin təsirinə düşmək və düşüncələrin dəyişməsi mümkün imiş».

Heç şübhəsiz, bu uydurma və təhriklərdə Avropa casuslarının da böyük rolu olmuşdur. Çünki onlar Sultan Səlimi şərqə yönəltməklə həm öz canlarını xilas etmiş, həm də bu yolla iki türk imperiyasını gücdən salmışlar. İnanmadığı üçün Şah İsmayıl ciddi hazırlıq görmədiyini də bildirir. Sultan Səlim öz ordusu ilə Təbriz yaxınlığında düşərgə salmış olduğu halda, o, cavab məktubun İsfahan torpaqlarında ov edərkən yazdığını bildirir. Və Çaldırandan sonrakı məktubunda inanmadığını və ona görə də lazımi hazırlıq görmədiklərini etiraf edir: «…haqqınızda bu məmləkətdə nə qədər dostluğa zidd xəbərlər eşidilsə də, qəti şəkildə etimad edilmirdi… Bu sözün doğru olduğunun nümunəsi budur ki, sizin də eşitdiyiniz kimi, o vaxt ətraf bölgələrdən  əsgərlər toplanmadı, (aldığımız) o xəbərlərin həqiqət olduğunu anladıqdan sonra  bir dəstə süvari əsgər və Diyarbəkir ətrafından  toplanan az sayda  insanla təcili qarşılaşmaq üçün yola çıxdıq».

Məsələ məlumdur. Şah İsmayıl kəskin və təhqiramiz məktublara uzun müddət cavab vermir. Ağır və kəskin, təhqiramiz məktublar yazmır. Sultan Səlim ordu ilə gəlib ölkənin mərkəzində məskən saldığı halda, xeyli müddət reaksiya vermir. Bütün ölkəni səfərbər etməyə çalışmır. Belə olan surətdə bəs məqsəd nədir? Ölkəni işğal altındamı qoymaq istəyir?

Xeyr, bütün bunlar o deməkdir ki, Şah İsmayıl gənc olmasına baxmayaraq, son dərəcə böyük və müdrik adamdır, misli görünməmiş tarixi şəxsiyyət, hüdudsuz vətənpərvərdir, tarixin gedişini, gələcəyin mühakiməsini düşünən sərkərdədir. O, bütün bu işlərlə tarixi günahı Sultan Səlimin boynunda qoymuş olur. Kim kimin qapısına müharibəyə gəlib? Nə üçün gəlib? Məqsədi nədir? Bu qədir ordunu toplayıb Azərbaycana gətirməsini nə ilə əsaslandırıb? Döyüşü qəsdən ləngidir ki, tarix kimin günahkar olduğunun şahidi olsun.

«Dindən çıxmısan». Qızılbaşlar hansı dindən çıxıblar? Peyğəmbər özü deyir ki, «Mən dinin özüyəmsə, Əli dinin qapısıdır». Əliyə pərəstiş din xadimi üçün hansı günahları doğura bilir? Əksər dini ayinlər Əlinin və Fatimənin ailəsi ilə bağlı törəməyibmi? Həm də bir halda ki, peyğəmbər heç vaxt unudulmur və Allahın həqiqi elçisi kimi daim ön plandadır.

Şiəlik islamın altı əsas qolundan (sünnilik, şiəlik, xaricilik, mötəzililər, sufilik, mürciə) biridir. Bu təriqət daha çox sünniliyə qarşı durur. Əslində, bunların çox ciddi fərqləri yoxdur. Sünnilərin fikrincə, din sahəsində hər hansı avtoritet şəxs imam adlana bilər. Lakin şiələr bu cür düşünmür, imam dedikdə Əlini, Əli  nəslini düşünürlər. «O (Əli) Peyğəmbərə bərabər, bəzən hətta ondan da üstün olan mifik bir obraz kimi qavranılır». (Cabbar Məmmədov. «Sünni və şiə təriqətləri arasında başlıca fərqlər». «http://az.wikiource.org/w/index.php?) Səfəvilər tarixinin görkəmli tədqiqatçısı Oqtay Əfəndiyev V.F.Minorskiyə əsaslanaraq yazır: «Xətainin divanında əks olunmuş qızılbaş doktrinasına uyğun olaraq, xəlifə Əli  allah sayılır və kim buna qail deyilsə, dinsiz hesab olunur; Məhəmməd – yalnız peyğəmbərdir. Eyni zamanda Əli məzhər-i həqdir. İsmayıl özünün Əli və Fatimə «mənşəyi»  ilə fəxr edir». (O.Gfendiev. Azerbaydjanskoe qosudarstvo sefevidov, Baku, 1981) Nə olsun? Bundan ötrü bu cür düşünənləri qırmaq lazımdırmı? Belə olsa, Yer üzündəki xristianların yarısı qırılmalıdır. Çünki xristianlıqda da bu hal var: təriqətin birində İsanı allah və peyğəmbər, digərində yalnız peyğəmbər sayırlar. Şiələrin əqidəsinə görə imamlıq statusuna Əli və onun nəslindən olanlar layiq ola bilər. İmam adı o dövrdə o şəxslərə verilib ki, onlar şiəliyin yayılması üçün öz qılıncları və ya qələmləri ilə vuruşublar.

İmamların sayı Azərbaycanda və İranda, yəni şiəliyin yayıldığı ərazilərdə (islam dininə qail olanların 11 faizi şiələr hesab olunur) 12-dir. 12 rəqəmi xristianlıqda 12 həvariyə, yəhudilərdə 12 qövmə bölünməyə uyğundur. Lakin islam dininin yayıldığı başqa ərazilərdə imamların sayı  hər yerdə 12 deyil. C.Məmmədov araşdırmalar apararaq yazır: «Məlum olduğu kimi, Hz. Əlinin  (ə.s.) 8 (və ya 9) arvadı olub ki,  onlardan da  14 (yaxud 18) oğlu, 19 (yaxud 17) qızı dünyaya gəlib. İmam Həsən və imam Hüseyn  onun Peyğəmbər s-in qızı Fatimədən dünyaya gələn övladlarıdır. Şiəliyin Azərbaycanda və İranda yayılan imamilik qolu  Hz. Əlinin (ə.s.) kiçik oğlu imam Hüseynin nəslindən olan şəxsləri imam hesab edir. İmam Həsənin və Hz.Əlinin  (ə.s.) digər övladlarının nəvə-nəticələri imamlığa münasib bilinmir (baxmayaraq ki, imam Həsənin  100-dən artıq arvadı və onlardan xeyli övladı olub). Əksinə, şiəliyin digər ölkələrdə yayılan qolları Hz. Əlinin (ə.s.) digər övladlarının nəslindən olan şəxsləri də imam hesab edirlər.  O cümlədən şiəliyin  əsasən Şimali Afrikada yayılan  İdrisilər məzhəbi  İmam Həsənin nəslindən olan şəxsləri, Qeysanilər məzhəbi Hz. Əlinin (ə.s.) 3-cü oğlu  Məhəmməd ibn Hənəfiyyənin nəslindən olanları imam hesab edir». («http://az.wikiıource. org/w/index.php?) Beləliklə, imam Hüseynin nəslindən olan şəxslərin (bunlar 10 minlərlədir) hamısı yox, yalnız 12 nəfəri imam hesab olunur.Yəmən, Pakistan, Səudiyyə Ərəbistanı bunlardan ilk 6-sını imam hesab edir və s. Fanatizmdər, kim nəyə inanırsa, onu da qəbul edir. Bundan ötrü insanları qırmaq olmaz ki.

Sünnilər yalnız əhli-beytin, yəni peyğəmbərin dilindən səslənən hədislərə inanırlar. Şiələr isə bununla yanaşı, hz. Əlinin hədislərini də təbliğ edirlər.

Şiələr yalnız Hz. Əlinin qanuni xəlifə olduğunu qəbul edirlər. Sünnilər isə Hz. Əbubəkr, Hz.Ömər, Hz.Osman və  Həmzənin islam tarixində rolunun ondan az olmadığını bildirirlər. Şiələrin fikrincə, Hz.Əli (ə.s.) həmişə peyğəmbərlə birlikdə olub, ona daha yaxın olub. Peyğəmbər özündən sonra onu xəlifə görürdü və bir neçə dəfə də bu fikrini ehtiyatla bəyan etsə də, üstündə çox durmamış, Əbubəkrin, Ömərin, Osmanın müxalifətə keçməsindən ehtiyat etmişdir. Şiələr Əbubəkri mahir oyunbaz hesab edirdilər. Şiələrin fikrinə görə, onun (Əbubəkrin) öz 9 yaşlı qızı Ayişəni peyğəmbərə tez ərə verməsi gələcək hakimiyyət,  Ayişənin vasitəsilə peyğəmbərə təsir etmək istəyi ilə bağlı idi. Peyğəmbər vəfat edərkən yalnız Ayişənin atasının – Əbubəkrin adını çəkməsi barədə Ayişənin söhbətləri də buna xidmət etmişdir. Şiələrin düşüncəsinə görə, hətta Ayişə tədricən peyğəmbəri zəhərləməklə atasının hakimiyyətini yaxınlaşdırmışdır. Ona görə də Hz.Əlinin Ayişədən zəhləsi gedərmiş. Şiələrin Hz.Əlini fetişləşdirməsi də bunlarla bağlıdır. Sünnilər bunları əfsanə hesab edirlər.

Hakimiyyət məsələsində  də sünnilərlə şiələr fərqlənirlər. Sünnilər demokratik seçki, şiələr avtoritar sülalə prinsipini müdafiə edirlər. Yəni şiələrin əqidəsinə görə, hakimiyyətə istisnasız olaraq Məhəmmədin nəslindən olanlar keçməlidir.

Sünnilərlə şiələr «siğə» məsələsinə də fərqli baxımdan yanaşırlar. Bütpərəstlikdən gələn bu adət barədə Quranda bir şey deyilmədiyi göstərilir. («http://az. wikiıource. org/w/in dex.php?) Hz. Ömər siğəni bütpərəst adəti kimi qadağan etsə də, şiələr Öməri qanuni xəlifə hesab etmədikləri üçün onun verdiyi bu qanunu nəzərə almırlar.

Heç bir təriqətə bölünməyib, Quranı heç bir təfsirdə deyil, məhz Peyğəmbər s.-ın öz təfsirində qəbul edənlər sünnilər hesab olunublar və buna görə də bu təriqətin heç bir banisi yoxdur. («http://az.wikiıource. org/w/in dex.php?)

C.Məmmədov yazır: «Qeyd olunmalıdır ki, şiəlik islama çox böyük dinamiklik gətirən bir təriqət oldu, belə ki, digər təriqətlər məhz onun sayəsində bir nöqtədə dayanmaqdan çıxıb, daim daxildən öz-özünü təkmilləşdirən bir sistemə çevrildilər və bu gün xarici ölkələrdə əhalinin kütləvi surətdə islamı qəbul etməsində İranın güclü ideoloji rolu danılmazdır». («http://az.wikiıource.org/w/ index. php?)

Son söz: «Vacib olanı Allahın ətəyindən tutmaqdır, hansı tərəfdən və necə tutmağın məsələyə heç bir aidiyyatı yoxdur. Bütün təriqətlər Qurana əsaslanır və hamısı da, Allahı daha yaxşı dərk etmək məqsədi daşıyır. Peyğəmbər ailəsinin faciəsi isə bütövlükdə İslamın tarixinə aid bir məsələdir və təriqətindən asılı olmayaraq bütün müsəlmanları ağrıdan bir hadisədir» («http://az.wikiıource.org/w/ index. php?)

Mahiyyət bunlardan ibarət olduqda, sünni Sultan Səlimin şiələri dinin düşməni adlandırıb,  bu bəhanə ilə qızılbaşlar üzərinə hücum edib o qədər qardaş qanı tökməsi tam ağılsızlıqdır. Sultan Səlim sünniləri müqəddəs saysa idi, Misir məmlük sünni türklərini qırmız və orada ikinci Çaldıran yaratmazdı.

Mənim böyük pərəstiş etdiyim və Yer üzərindəki bütün diktatorlardan fərqli olaraq, öz diktaturasını xalqın xeyrinə quran, bir qrup soyğunçuların, zəlilərin və onların havadarlavrının məhvinə çalışan İ. V. Stalin yazırdı: «Mənim üzərimə çoxlu zibil tökməyə çalışacaqlar, lakin tarixin küləyi onların hamısını süpürüb aparacaqdır». Şah İsmayıl da müəyyən mənada belədir. İndi türk tarixçiləri onun  üzərinə nə qədər böhtanlar atsalar da, fəaliyyəti, əməli hərəkətləri, Sultan Səlimin yazdığı nalayiq məktublardan fərqli yüksək ağıl və düşüncə ilə qurulmuş məktubları  onun tam haqlı olduğunu daim mühafizə edəcəkdir. Onun üzərinə tullanan zibillərdə bizim alim kimilərin də payı var. Dünya kitabxanalarını bəzəyən əlyazmalarını nəzərə almadan «Şah İsmayılın bir misra da şeri yoxdur», «Şah İsmayıl elə Çaldıranda ölmüşdü» deyən  və dövlətin himayə etdiyi adamlar  kimə və nəyə xidmət etdiklərini anlamayan və ya anlayırsa, vətənə, onun tarixinə xəyanət edən adamlardır. «Şah İsmayıl kimdir, Babək kimdir, Cavanşir kimdir?» deyənlər də bu silsilədəndir.

Məktubda əvvəlki (mətni itirilmiş) məktubun məqsədi də aydın qeyd edilib: «İki qardaşdan sülhə nail olmaq üçün önə keçən, cənnətə daxil olmaqda da önə keçər», «sülh daha xeyirlidir», «əgər möminlərdən iki dəstə  bir-biri ilə vuruşsa, onları dərhal barışdırın», «fitnə-fəsad törədənlərin yolu ilə getmə» ayələri əsasında  «ağalıq və dinin nuru olan  əmir Əbdülvəhhabı» onların yanına göndərdiyi, «lakin dostluqdan bir əsər görünmədiyi» qeyd olunmuşdur. Ona görə də İsmayıl sülh və barışıq üçün yeni nümayəndələr yola saldığını bildirirr: «..etimad edilən uca əmir və yüksək zənginlik sahibi  Kəmaləddin Hüseyn bəyə və görkəmli insanların dirəyi Bayram ağaya fürsət düşdükcə (baş verənləri) diqqətinizə çatdırmaq həvalə olundu». «Baş verənlər» dedikdə, bir qədər əvvəl qeyd etdiyimiz kimi, sərhəd bölgələrdə hər iki tərəfin bir sıra əmirlərinin atışmaları nəzərdə tutulur. Beləliklə, ilkin döyüşdə müəyyən mənada məğlub olmuş, lakin ölkəsinin istiqlalını qorumuş Şah İsmayıl müharibəni davam etdirməmək, yenidən insan qırğınına yol verməmək üçün sülh danışıqlarını əsas götürür. Bu danışıqlar baş tutmasa da, Səfəvilər öz müstəqilliyini qoruyur və Sultan Səlimin qəfil ölümündən sonra Sultan Süleyman dirçələnə qədər türk-Azərbaycan münaqişəsi səngimiş  olur.

Çətinliklərin çox olmasına baxmayaraq, qüdrətli dövlət başçısı Şah İsmayıl heç vaxt vüqarını itirmir. Onun sülh təklifi acizlikdən deyil, dünyanı daha yaxşı başa düşməsindən və yırtıcının başını sığallamaq məqsədindən irəli gəlirdi. Təbii ki, Sultan Səlimin ordusu güclü idi, işğal etdiyi ərazilərin əhalisini əsgərə çevirmişdi və daha böyük fəlakətlərə səbəb ola bilərdi. Şah İsmayıl onu qızışdırmaq əvəzinə, sakitləşdirməyə çalışmışdır: «Elçilər göndərmək, məktublar yazmaq, yazışma və müzakirələri artırmaqda  həqiqi niyyətimiz bütün canlıların və bütün rəiyyətlərin  təhlükəsizliyini düşünməkdən başqa bir şey olmayıb və olmayacaqdır da». (91) Tam müasir səviyyəli düşüncədir.

Təbii ki, Şah İsmayılı dini qaydalara əməl etməməkdə, şəriət qaydalarını pozmaqda təqsirləndirənlər onun əsaslandığı şiəliyi nəzərdə tuturlar. Dediyimiz kimi, şiəlikdə islama ciddi şəkildə müxalif olan bir şey yrxdur və şiəlik iki geniş yayılmış təriqətdən biridir. Şah İsmayıl özü Hüseyn Bayqaraya məktubunda yazırdı: «Həqiqət budur ki,  bizim pak şəriətin və hidayət imamlarının haqq məzhəbinin  qanunlarının icrasından, Mustafa və Murtəzanın  parlaq təriqətini yaymaqdan başqa, (hər hansı) bir niyyətimiz yoxdur». (36) Yenə: «Allah bilir ki, fani dünyanın  işlərinə bel bağlamaqdan və zahiri (maddi aləmlə bağlı olan)  qanunları icra etməkdən əsas məqsəd və ümumi hədəfimiz mübarək şiəliyin hökmlərini  yaymaqdan və nicat əhli olan firqənin təsirlərini genişləndirməkdən başqa bir şey deyildir». (37) Bütün bunlarla yanaşı, bunu da yazır ki: «Allah qorusun, əgər bu məzhəb barəsində  xoşagəlməz bir şübhə ağlınıza gəlmiş olsa, etibar etdiyiniz alim və fəzilətli elm sahiblərini təyin edib göndərin. Əqli və nəqli dəlillərlə onlara iddiamızı razı qalacaqları şəkildə isbat edəcəyik». (37)

Sultan Səlim onu məscidləri dağıtmaqda günahlandırırdı. Şah İsmayıl məktubda məscidlər tikilməsi və köhnə məscidlərin abadlaşdırılması üçün Hüseyn Bayqaraya da kömək edəcəyini, ustalar göndərəcəyini bildirir. Şah İsmayıl məscidlər haqqında «o günəşin ucalığına bənzər tikililər» ifadəsini işlədir.

Deyə bilərlər ki, Şah İsmayıl hərəkatı qərbi də (Osmanlı imperiyasını), şərqi də (özbək xanı Şeybanini) düşündürür, qorxudurdu. Şah İsmayılın Osmanlı torpaqlarını iddiasına dair heç bir sənəddə bir işarə yoxdur. Çingiz nəslindən olan Şeybaninin məhvində isə günah Şeybaninin özündədir. Tez-tez Xorasan torpaqlarını talayır və Şah İsmayılın ordusu yaxınlaşdıqda qaçıb gedirdi. Tarixçinin qeyd etdiyi kimi, «Ardıcıl əldə edilən qələbələr Şeybanini çox məğrur etmişdi. Məktublaşmalarından da göründüyü kimi, o, özündən yaşca çox kiçik olan  və təcrübəsiz hesab etdiyi  Şah İsmayıla qarşı ədəb qaydalarını gözləməmiş və kəskin ifadələrdən istifadə etmişdir. Şah İsmayılın həmin ərəfədə  22 yaşı olsa da, öz məktublarında Şeybani xana qarşı ədəb qaydalarını gözləmiş, ancaq eyni zamanda, sərt və qətiyyətli cavablar vermişdir». (52)

Məktublardan aydın olur ki, Şeybani Səfəvi  hakimiyyətini əsaslı hakimiyyət saymamışdır. «Qəhrəmanlıq və fəth zərbxanasında şücaət sikkəsi  bizim müvəffəqiyyət ləqəblərimizlə bəzənmişdir.  Qeybdən xilafət nidası  və imamət (rəhbərlik) sədası (müjdəsi) bizə verilmişdir». (49)  Səfəvi hakimiyyətini Günəş çıxanda yox olan ulduza, özlərini Günəşə bənzədir: «…zülmət gecədə ulduzlar sayrışan zaman Süheyl (Kanopus) ulduzunun çıxdığı yerdən təqribən bir nizə irəliləyər  (özünü günəş şüası hesab edər)  və rəngini saraldaraq günəşin çıxması qorxusundan bir müddət titrəyər. Ancaq həqiqi səhər açılan kimi, çıxdığı yerə qayıdar. O halda bizim şərqdə, onun (Şah İsmayılın) isə qərbdə  çıxması Süheyl ulduzu ilə Günəşin doğmasına bənzəyir». Buna qane olmayan Şeybani Səfəviləri təhqir edəcək azğın əmrlərə keçir: «Deyəcəyim odur ki, əzəmətli Məkkəni, – Allah şərəf və izzətini artırsın, – ziyarət etmək islamın  əsaslarından biridir və bütün müsəlmanlara vacib olduğu üçün  qalib ordum  ziyarətə müşərrəf olsun deyə, əzəmətli Kəbəyə gedən bütün yolları bərpa etməlisən. Sursat və peşkəş çatdırmalısan. Zərbxanalarda bizim adımıza sikkə vurdurmalısan. Hər cümə məscidlərdə bizim fatehliyimizin şərəfinə xütbə oxunmalıdır. Özün isə əmrə müntəzir olmalısan». Bunlarla yanaşı, Şeybani neçə dəfə məğlub olsalar da, əl çəkməyəcəyini, Səfəvilər üzərinə yeni ordular göndərəcəyini bildirir.

Şah İsmayıl Misrin Burci məmlüklər sülaləsinin son hökmdarı Qansu Qiruya məktubunda Şeybani haqqında yazır: «…Çingiz xanın küfr ağacının  bir budağı (Çingiz xanın kafir nəslindən) olan Şeybək Şeybani  Mavərənnəhr  məmləkətləri və bütün Xorasanda ağalıq əldə etmiş,  təkəbbür, qürur və lovğalıq küləyi onun lovğalanmasına səbəb olmuş və doğru yoldan azaraq müqəddəs torpaqlara hücum edib, hər yeri qarət və talan etmişdi». (56)

Şah İsmayılın müasiri və Moğol imperyasının banisi Zəhirəddin Məhəmməd Babur da Şeybaninin yaramaz hərəkətlərini pisləmişdir: «Şeybani xan Heratı alınca bu padşahların ailələri ilə  pis rəftar etməyə başladı.  Yalnız onlara qarşı deyil, bütün xalqa da eyni şəkildə pis davrandı. Bu qaba, görməmiş adam  beş günlük fani dünyada belə yaman ad qazandı». («Baburnamə», Bakı, 2011, s.225) Babur bu sözlərin ardınca Şeybaninin yaramaz əməllərini sadalamışdır.

İsmayıl Şeybaninin lovğa, təhqiramiz məktublarına görə təmkinini itirmir. Ona ordu ilə cavab vermək üçün öz növbəsində o da İmam Rza məqbərəsini ziyarət etmək, Məşhədə doğru hərəkət etmək fikrində olduğunu bildirir. Lakin  Şeybani Məkkə yoluna çıxmağa cəsarət etmir. Şah İsmayıl Xorasana doğru irəliləyir. Şeybani Mərv qalasında gizlənsə də, Şah ismayıl onu yüksək taktika ilə oradan çıxarır və məhv edir.

Bura qədər qeyd etdiklərimiz Çaldıranda yüz minlərlə insan qanı tökülməsinin səbəbkarının bilavasitə Sultan Səlim olduğuna şübhə yeri qoymadı. Bu sənədlər tariximizin müəyyən mərhələsinin düzgün başa düşülməsi, Şah İsmayıla atılan iftiraların qərəzli olduğunu üzə çıxardı. «Şah İsmayıl Səfəvi (tarixi-diplomatik sənədlər toplusu)»na müqəddimədə R.Mehdiyev yazır: «XX əsrin sonlarında dövlət müstəqilliyinə qovuşan Azərbaycan nəinki siyasi taleyini  müstəqil şəkildə təyin etmək  hüququnu qazandı, həmçinin keçmişini, minilliklərlə ölçülən tarixi irsini sərbəst, obyektiv şəkildə qiymətləndirmək fürsətini əldə etdi. Həmin ana qədər qapalı olan bir çox arxivlərin Azərbaycan tədqiqatçılarının üzünə açılması, dünya kitabxanalarına çıxışın əldə edilməsi xalqımızın təxminən iki əsr müddətində durmadan təhrif edilmiş, məqsədli şəkildə unutdurulmuş, saxtalaşdırılmış tarixinin yenidən öyrənilməsi üçün geniş imkanlar yaratmış oldu». (5) Qeyd etməliyik ki, bu sahədə görülməli işlər həddindən artıq çoxdur. Azərbaycanın qədim dövr tarixi başdan-başa saxtalaşdırılmışdır. Saxta tarix, adəti üzrə, akademik imzası ilə nəşr olunmuş, xalqını sevən fədakar tarixçi və dilçilərin əsərləri bir kənara qoyulmuşdur. Şah İsmayıla olan bu qayğı ilə yanaşı, bütün keçmiş tariximizin bu şəkildə düzgün öyrənilməsi üçün dövlət qayğısı lazımdır. Əks təqdirdə xarici alimlərin yazdıqlarından bir addım irəli gedə bilməyən tarixçilərin saxta əsərləri yenə də xarici ensiklopediyalara yol açacaq və vətən torpaqları kimi özgələrə satılmış olacaqdır. Müqəddimədə bir sıra çox mühüm məsələlər düzgün qiymətləndirilmişdir. Harpağın xəyanəti nəticəsində öz müstəqilliyini itirmiş Azərbaycan torpaqlarının 2 min il sonra birləşdirilməsində həqiqətən Şah İsmayılın misilsiz rolu olmuşdur:  «Azərbaycanın tarixi torpaqlarını  ilk dəfə vahid mərkəzdə birləşdirməyə nail olan Səfəvilərin istər dövlətçiliyimizin, istərsə də mədəniyyətimizin inkişafındakı rolu həqiqətən də müstəsnadır». (8) Müəllif düzgün qeyd edir: «…ötən zaman kəsiyində Səfəviləri Azərbaycan tarixindən qoparmaq, onları sırf fars tarixinin bir parçası kimi qələmə verməyə çalışan qüvvələr də boş dayanmamış, əsas etibarı ilə təhrif və uydurmalara söykənən xeyli sayda məqalə və kitablar ərsəyə gətirmişlər». (8) Odur ki müəllifin qənaəti tam doğrudur: «Dövlətçiliik, ədəbiyyat və mədəniyyət tariximiz aşkar olunmuş yeni tarixi qaynaqlar əsasında yenidən, bizim özümüz tərəfindən yazılmalıdır…» (13)

R.Mehdiyev «I Şah İsmayıla qarşı hələ də  irəli sürülməyə davam edən  bir çox ittihamın saxta olduğunu sənədlərin dili ilə sübuta yetirmək üçün» bir sıra ciddi araşdırmalar aparmış və həmin ittihamlara düzgün və kəskin cavablar vermişdir.  Məsələn, müəllif çox mühüm bir məsələyə toxunaraq, «Səfəvi səltənətinin etnik amil nöqteyi-nəzərindən  İran yox, məhz Azərbaycan  dövləti olduğunu» sənədlərin dili ilə bir daha konkret şəkildə əsaslandırmışdır.

R.Mehdiyev başqa bir mühüm məsələyə toxunaraq yazır: Tarixi sənədlərin konkret şəkildə aydınlaşdırdığı  digər mühüm məqam isə  Şah İsmayılın Osmanlı dövləti ilə münasibətlərdə rəhbər tutduğu  xəttin həqiqi mahiyyəti ilə əlaqədardır.  Məlum olduğu kimi, bir çox yerli və əcnəbi tədqiqatçılar əsaslı dəlillər gətirmədən I İsmayılı Osmanlı dövləti ilə məqsədyönlü şəkildə  müharibəyə başlamaqda ittiham edirlər. Sanki, I Şah İsmayıl  Osmanlı dövlətini hər vəchlə müharibəyə təhrik edən addımlar atmış, türklər isə sülh, səmimiyyət istəklərinə baxmayaraq, hərb yoluna əl atmağa məhz  Səfəvilər tərəfindən məcbur edilmişlər. Əfsuslar ki, bu yanlış  və təhrif olunmuş təsəvvürlər   illərdir insanlar arasında  kök salmağa davam edir. Hərçənd ki, tarixi sənədlərdə, diplomatik yazışmalarda  əksini tapmış faktlar tamam başqa həqiqətlərdən xəbər verir».(16) Bizim bu yazını bir qədər geniş şəkildə yazmaqda əsas məqsədimiz də elə həmin yanlış fikirlərin kökündən yanlış olduğunu üzə çıxarmaq idi. Müharibənin səbəbi qonşu Azərbaycan türklərində güclü dövlətin meydana çıxmasını Osmanlı padşahlarının gözü götürməməsi və onların işğalçılıq siyasəti, Azərbaycanın əzəli torpaqlarını Osmanlı torpaqlarına qatmaq istəyi  olmuşdur. Şükürlər olsun ki, Sultan Səlim bir qələbəsinə baxmayaraq, buna nail ola bilməmiş, Şah İsmayıl öz qılıncının gücü və çox yüksək dövlətçilik qüdrət, qabiliyyət və təfəkkürü ilə Azərbaycanın müstəqilliyini qoruyub saxlamışdır. Sultan Səlim Təbrizin əhalisinə müraciətlə onları öz tərəfinə çəkməyə çalışmışdır. «Ancaq tarixi proseslər göstərir ki, Azərbaycan xalqı sona qədər öz hökmdarına, milli dövlətçiliyinə sadiq qalmış, Osmanlı diqtəsinə əyilməmiş və Səlimin tərəfinə keçməmişdir. Məhz bunun nəticəsində qalib gəlməsinə baxmayaraq, Səlim Azərbaycanda duruş gətirə bilməyərək, qısa müddətdən sonra  Səfəvi ərazisini  tərk etmək məcburiyyəti ilə barışmışdır». (20)

R.Mehdiyev sənədlərin ədəbi-bədii və elmi dəyərini də yüksək qiymətləndirərək yazmışdır: «Sir deyil ki, hər hansı görkəmli dövlət xadimi tərəfindən qələmə alınmış məktubların  siyasi əhəmiyyəti ilə yanaşı, ədəbi dəyəri də vardır. Xüsusi ilə I Şah İsmayılın istedadlı şair, mili ədəbiyyatımızın  parlaq nümayəndəsi olduğunu göz önünə gətirsək, onun məktublarının ana dilimizdə  işıq üzü görməsini ədəbiyyatşünaslar üçün də böyük hədiyyə, qiymətli mənbə adlandırmaq olar. Əvəzsiz tarixi və siyasi dəyəri olan həmin sənədlər I İsmayılın  bədii istedadını  növbəti dəfə hər kəsə  əyani şəkildə sübut etməklə bərabər, o dövrün  diplomatik yazı tərzini, leksikasını öyrənmək üçün də kifayət qədər faydalıdır. Məktublar eyni dərəcədə  Səfəvi hökmdarının ideoloji-dini baxışlarını öyrənənlər üçün də  əvəzsiz qaynaq rolunu oynaya bilər». (21)

Onu da qeyd edək ki, qatı dini dünyagörüşə baxmayaraq, məktublar həqiqətən çox yüksək elmi səviyyədə yazılmışdır. Ən incə mətləblərin yüksək səviyyədə dialektik  ifadəsi bəzən heyrət doğurur. Məsələn, «Alnımıza yazılan başımıza gəldi» fikri Şahın məktubunda belə ifadə olunmuşdur: «Qəza və qədərə əsasən  qeybi səhifələr üzərinə yazılmış olanlar maddi aləm səhnələrində həyata keçmiş oldu». (89) Bu sözlər «Şah İsmayılın bir misra da şeri yoxdur», «Şah İsmayıl elə Çaldıranda ölmüşdü» deyən, kimə xidmət etdiyini bilməyən yazı-pozu sahiblərinə  tutarlı cavabdır.

Məktublar çap olunarkən hicri tarixlər miladiyə çevrilməli idi. Məktub yazan və ya məktub göndərilən tarixi şəxsiyyətlərin bir qismi deyil, hamısı haqqında kitabda məlumat vermək lazım idi. Təəccüb doğuran bir cəhət də hələlik Şah İsmayılın ana dilində yazdığı bir məktuba, bir sənədə təsadüf edilməməsidir.

Mən bu yazını Şah İsmayıla məhəbbətdən yazdım və mənim üçün hədsiz dərəcədə xoşdur ki, bu müqəddəs şəxs haqqında  düşüncələrim sənədlərin dili ilə bir daha təsdiq olundu. Şah İsmayılda Astiaqın Turan imperiya quruculuğu, Cavanşirin qorxmazlıq və diplomatiyası, Babəkin mübarizlik və dönməzlik ruhu birləşmişdir.

Qəzənfər KAZIMOV

Filologiya elmləri doktoru, professor

14.07.2014

 

© 2001-2012. Bütün hüquqlar Prof. Qəzənfər Kazımova məxsusdur.